Təhsil naziri Qəbələ
şəhərində vətəndaşları qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun
olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşları qəbul
edir, onların qarşılaşdıqları problemlərin həllinə
kömək göstərirlər.
AzərTAc xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov iyunun 28-də Qəbələ Rayon Mədəniyyət Mərkəzində Oğuz, Şəki, Qax, Zaqatala, Qəbələ və Balakən sakinlərini qəbul edərək onların arzu, təklif və şikayətlərini dinləmişdir.
Müraciətlər əsasən ali təhsil, tələbələrin bir ali və orta ixtisas məktəbindən digərinə köçürülməsi, məktəbdaxili kurs dəyişikliyi, müəllim yerdəyişmələri, işlə təminat, ali təhsil müəssisələrində ödəniş problemləri və sair məsələlərlə bağlı olmuşdur.
Nazir Mikayıl Cabbarov qəbula gələn hər bir vətəndaşı fərdi olaraq dinləmiş, qaldırılan məsələlərin həlli üçün müvafiq tapşırıqlar vermişdir. Bəzi məsələlər araşdırılması məqsədilə nəzarətə götürülmüşdür. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınmışdır.
Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
tərəfindən mütəmadi olaraq
bölgələrdə vətəndaşların qəbulunun
təşkilindən razı qaldıqlarını söyləmiş,
göstərilən diqqət və qayğıya görə
Azərbaycan Prezidenti İlham
Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan.-2014.- 29 iyun.- S.7.