ATƏT Parlament Assambleyasının illik sessiyasının plenar

 iclası rəsmi açılışdan sonra işini çıxışlarla davam etdirmişdir

 

İyunun 28-də ATƏT Parlament Assambleyasının illik sessiyasının plenar iclası rəsmi açılışdan sonra işini çıxışlarla davam etdirmişdir.

AzərTAc xəbər verir ki, ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç Ukraynada baş verən hadisələrin ciddi narahatlıq doğurduğunu, qurumun bu böhranın aradan qaldırılmasına çalışdığını bildirmişdir.

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin çıxışında tədbirə uğurla ev sahibliyi etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirmişdir.

Sergey Narışkin Rusiyanın Ukraynada baş vermiş hadisələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulamışdır. Ukraynada olan qoşunların həmin bölgədən geri çağırılmasının Rusiyanın sülhə və sabitliyə töhfə verməyə çalışdığını bir daha göstərdiyini söyləyən Sergey Narışkin demişdir: “Biz Ukrayna xalqına kömək etməyə çalışmalıyıq. Bu məsələlər faktlar əsasında qiymətləndirilməlidir. Atəşkəsin tam real olmasını təklif edirik. Ukraynanın şərqindəki böhran üzrə beynəlxalq əlaqə qrupu yaradılmalıdır. Bu, Ukraynanın humanitar böhrandan çıxmasına təkan verəcəkdir. Biz birgə fəaliyyətimizlə Ukraynanın Avropa məkanında etibarının qorunmasına və yeni təhlükələrdən xilasına nail ola bilərik”.

Ukrayna Ali Radasının vitse-spikeri Ruslan Koşulinskiy Bakıda olmaqdan məmnunluğunu dilə gətirmişdir. O, Ukraynanın hazırda daxili potensialının gücləndirilməsinə, regional əməkdaşlığın inkişafına çalışdığını bildirmişdir.

Digər dövlətlərin sülh prosesini dəstəklədiklərini qeyd edən R.Koşulinskiy Ukraynanın atəşkəsə hazır olduğunu vurğulamışdır. ATƏT-in Ukraynanın şərqindəki hadisələrlə bağlı atdığı addımların təqdirəlayiq hal olduğunu söyləyən Ali Radanın vitse-spikeri ölkədəki problemlərin sülh yolu ilə həll olunmasında ATƏT-in roluna inandığını bildirmişdir.

BMT İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonius Bernardus Broek qurumun baş katibi Pan Gi Munun ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasına müraciətini oxumuşdur. Müraciətdə deyilir: “Mən, ATƏT-in Parlament Assambleyasının 23-cü illik sessiyasındakı bütün iştirakçılara öz salamlarımı göndərməkdən məmnunam. Sessiyada “Helsinki+40: Hamı üçün bəşəri təhlükəsizliyə doğrumövzusunun müzakirəsi, dörd onillik bundan əvvəl imzalanan Helsinki Yekun Aktı prinsiplərinin icrasına ehtiyac olduğunu xatırlatmaq üçün təsirli bir vasitədir. Mən sizə dünya xalqlarının bizdən gözlədikləri etimadları doğrultmaq üçün qüvvələrinizi bizimlə birləşdirdiyinizə görə təşəkkürümü bildirir və həm bu Assambleyada, həm də bundan sonrakı fəaliyyətinizdə sizə böyük uğurlar arzu edirəm”.

ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç iclasa yekun vuraraq səmərəli müzakirələrin aparıldığını, ATƏT-in əsas məqsədinin qanunverici orqanlar arasında əməkdaşlığı gücləndirməklə təhlükəsizliyin təminində parlamentlərin rolunun artırılması olduğunu bir daha diqqətə çatdırmışdır.

 

Azərbaycan.-2014.- 29 iyun.- S.8.