Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2014-cü ilin may ayında Azərbaycanın tanınmış dövlət xadimi, SSRİ Dövlət mükafatı laureatı Əliş Cəmil oğlu Ləmbəranskinin anadan olmasının 100 illiyi tamam olur.
Əliş
Ləmbəranskinin dövlət idarəçiliyinin müxtəlif
sahələrində uzunmüddətli səmərəli fəaliyyətini,
respublikada mühüm əhəmiyyətə malik sənaye və
mədəniyyət müəssisələrinin
qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində
təqdirəlayiq xidmətlərini nəzərə alaraq və
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan
Respublikasının Energetika Nazirliyi və Bakı Şəhər
İcra Hakimiyyəti ilə birlikdə tanınmış
dövlət xadimi Əliş Ləmbəranskinin 100 illik
yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral
2014-cü il
Azərbaycan.-2014.-
1 mart.- S.2.