Görkəmli rəssam Tahir
Salahovun Parisdə fərdi sərgisi
açılmışdır
Azərbaycanın birinci
xanımı Mehriban
Əliyeva sərginin
açılışında iştirak etmişdir
Fevralın 27-də Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Salahovun "Əsrlərin qovuşuğunda" adlı fərdi sərgisi açılmışdır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak etmişdir.
Dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun Paris sərgisinin açılışında iştirak etmək üçün Fransa İnstitutuna gələn Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əvvəlcə tədbirin keçirildiyi Fransa İncəsənət Akademiyasının fəaliyyəti ilə tanış olmuşdur. Akademiyanın daimi katibi Arno Dotriv bildirmişdir ki, 1662-ci ildə əsası qoyulan Fransa İnstitutu özündə müxtəlif sahələrə aid 5 akademiyanı birləşdirir və onlar Fransa tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı müxtəlif layihələr və elmi araşdırmalar həyata keçirir.
Nadir memarlıq quruluşuna malik olan bina Sena çayının sahilində yerləşir və onun memarı Lui Lövodur.
Sonra Mehriban Əliyeva Fransa İncəsənət Akademiyası, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, həmçinin ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən sərginin açılışında iştirak etmişdir.
Arno Dotriv dünyada kifayət qədər tanınan Tahir Salahovun yaradıcılığına Fransada böyük marağın olduğunu və bu sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçılara yüksək zövq aşılayacağını bildirmişdir. O qeyd etmişdir ki, Fransa hər zaman Tahir Salahov yaradıcılığı ilə təmasdan böyük şərəf duyur və bu amil bugünkü sərginin də əsas qayəsini təşkil edir.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransada bu sərginin açılmasını Azərbaycan mədəniyyəti üçün tarixi hadisə kimi dəyərləndirmişdir. "Fransa İncəsənət Akademiyasında ilk dəfədir ki, Azərbaycan rəssamının sərgisi açılır" - deyən nazir, görkəmli fırça ustası Tahir Salahovun yaradıcılığının bütün bəşəriyyətə məxsus olduğunu vurğulamışdır. Nazir demişdir ki, Parisdə sərgilənən bu əsərlər bir daha Tahir Salahov yaradıcılığının akademik səviyyəsindən xəbər verir.
Xalq rəssamı Tahir Salahov fərdi sərgisinin təşkilində əməyi olan hər bir kəsə minnətdarlıq etmiş, Heydər Əliyev Fonduna və Mehriban Əliyevaya bu təşəbbüsə verdiyi dəstəyə görə təşəkkürlərini çatdırmışdır. Sərginin açılışını həyatının ən unudulmaz günlərindən birinə çevrildiyini deyən Tahir Salahov əsərlərinin Fransa İncəsənət Akademiyasında nümayiş etdirilməsindən şad olduğunu bildirmişdir.
Sonra qonaqlar - Fransanın görkəmli mədəniyyət xadimləri, Parisdə akkreditə olunmuş diplomatik korpusun və Fransa hökumətinin nümayəndələri sərgi ilə tanış olmuşlar.
Dünyanın mədəniyyət mərkəzlərindən biri olan Parisin mədəni həyatında dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun fərdi sərgisinin açılması əsil hadisəyə çevrilmişdir. Bu sərgi, ilk növbədə sənətsevərlərin çoxdandır yolunu gözlədiyi fırça ustasının yaradıcılığına bir daha nəzər salmaq baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Bu, həm də Azərbaycan təsviri incəsənətinin təbliği baxımından böyük rola malikdir. Ömrü boyu Azərbaycan mədəniyyətini yüksək səviyyədə dünyada təmsil edən xalq rəssamı, "İstiqlal" və "Heydər Əliyev" ordenlərinə layiq görülən Tahir Salahov bu sərgisi ilə xalqımızın malik olduğu yüksək mədəni dəyərləri bir daha qərb tamaşaçılarının diqqətinə çatdırmışdır. Bu il 85 yaşını qeyd edən xalqımızın böyük oğlu Tahir Salahovun Parisdə açılan fərdi sərgisinin bir özəlliyi də təbii ki, onun sənətkarlığının dünyəvi mahiyyətə malik olmasıdır. Bu cəhət sərgidə nümayiş etdirilən əsərlərdə də özünü göstərir. Qara Qarayev, Mstislav Rostropoviç, Anar, Soljenitsin kimi dünya şöhrətli şəxsiyyətlərin portretləri, Parisə həsr olunmuş "Həmişə Eyfel qülləsi ilə" rəsmləri böyük maraqla qarşılanmışdır və bəzi əsərlərinin xalça versiyası da sənətkarın daxili zənginliyindən xəbər verir. Odur ki, kətan üzərində daha çox sərt və tünd rənglərin ahəngini yaratmağı sevən Tahir Salahovun sərgiyə təqdim etdiyi əsərlərini izlədikcə, özünü də tabloda əks olunan mühitdə görürsən. Bir-birindən fərqli mövzulara müraciət edərək, bu fərqliliyi, Şərq ilə Qərbin sintezini məharətlə əks etdirən rəssam əslində xalqımızın simasını, onun hissini, duyğusunu yaratmış və buna uğurla müvəffəq olmuşdur.
Tahir Salahovu "Ürəklə şəkil çəkən rəssam" da adlandırırlar. Çünki onun əsas sərvəti xalqına bağlı olan qəlbidir. Bu sərginin dəyərini artıran ən mühüm amil də rəssamın öz sərgisində qonaqları ilə elə öz xalqının dilində danışması olmuşdur.
***
Fevralın 27-də UNESCO-nun Parisdəki mənzil qərargahında qurumun baş direktoru İrina Bokovanın bu vəzifəyə yenidən seçilməsi münasibətilə rəsmi qəbul təşkil olunmuşdur.
Azərbaycanın
birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2014.- 1 mart.- S.3.