XƏTAİ:
gözəlləşən paytaxtın quruculuq
məkanı
Qarşıda duran sosial və iqtisadi vəzifələrin icra edilməsi, nəzərdə tutulmuş plan və proqramların reallaşması baxımından 2013-cü il Azərbaycanın inkişaf tarixinə növbəti inkişaf dövrü kimi daxil oldu. Makroiqtisadi göstəricilərlə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun və regionların inkişafının sürətləndirilməsinə xidmət edən tədbirlər ötən ilin kifayət qədər uğurlu olduğunu göstərir. Bunlar həm də onu təsdiq edir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla irəliləyən Azərbaycanın sürətli və kompleks inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
Xətai rayonu paytaxtın inkişafına layiqli töhfələr verir
Azərbaycanın sosial-iqtisadi inkişafı hər bir bölgədə, o cümlədən Bakıda da aydın hiss olunur. Paytaxtın yüksəlişində Xətai rayonunun da öz yeri, öz payı var. Bakıda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Xətaidə ildən-ilə artan templə davam edir və bu rayon paytaxtın inkişaf mənzərəsinə layiqli töhfələrini verir. Ümumiyyətlə, Xətai paytaxtın həm əhalisinin say çoxluğu, həm iqtisadi potensialı, həm də ərazisinin böyüklüyü baxımından ən böyük rayonlarından biri olduğundan hər zaman xüsusi diqqət mərkəzindədir. Mövcud potensialın səmərəli realizə edilməsi, rayonun malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən başlıca məqamlar sırasındadır.
Xətai rayonunda ötən ilin sosial-iqtisadi yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr haqqında Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının inzibati binasında keçirilən yığıncaqda ətraflı söhbət açıldı. Yığııncaq iştirakçıları əvvəlcə foyedə qurulmuş stendlərdə rayonun ötən il üzrə sosial-iqtisadi göstəriciləri ilə tanış oldular.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov ilk olaraq rayonun makroiqtisadi göstəricilərini diqqətə çatdırdı. Bildirdi ki, 2013-cü ilin yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənaye dinamik inkişaf etmiş, 2012-ci illə müqayisədə 12,4 faiz çox məhsull istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sənaye məhsullarının istehsalında qeyri-dövlət sektorunun payı əvvəlki illə müqayisədə 0,6 fazi artmış, istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün mənbələr hesabına 327 milyon 470,2 min manat məbləğində investisiyadan istifadə olunmuş, əhaliyə, müəssisə və təşkilatlara 110 milyon 796, min manatlıq rabitə xidməti göstərilmiş, nəqliyyat xidməti 13,8 faiz artmışdır. Bu müddətdə pərakəndə əmtəə dövriyyəsi 9,3 faiz, pullu xidmətlərin həcmi isə 6,3 faiz artmışdır. Rayon əhalisinə 1 milyard 265 milyon 777.2 min manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 8,5 faiz çox geniş çeşidli istehlak malları satılmışdır. Əhaliyə göstərilən iaşə xidməti 5,5 faiz, məişət xidməti isə 7 faiz artmışdır.
Ölkəmizdə
sahibkarlığın inkişaf etdirilməsi
üçün hüquqi bazanın möhkəmləndirilməsi,
sahibkarlığa dövlət tərəfindən hərtərəfli
dəstəyin verilməsi Prezident İlham Əliyevin müəyyən
etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Xətai rayonunda
sahibkarlığın dəstəklənməsi və
inkişafı başlıca məqsədlərdən biri olmuş, onlara yaradılmış şəraitin nəticəsində
keçən il hamısı daimi olmaqla 4554 yeni iş yeri
açılmışdır. Ümumiyyətlə, 2003-cü
ilin oktyabrından indiyə kimi Xətai rayonunda
33246 yeni iş yeri yaradılmışdır ki, bunun da
33040-ı daimidir.
Rayonda əmək ehtiyatlarından düzgün və səmərəli istifadə olunması məqsədilə işləməyən əhalinin uçotunun aparılması, keçirilən əmək yarmarkalarının səmərəliliyinin artırılması məqsədilə müəyyən işlər görülmüş, rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 1185 vətəndaşdan 1121 nəfəri qanunvericiliyə uyğun olaraq işaxtaran kimi qeydiyyatdan keçmiş və 537 nəfər daimi işlə təmin olunmuşdur. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əməkhaqqı 2,6 faiz çoxalaraq 559,8 manata çatmış, bu göstərici sənayedə 8,3 faiz, tikinti kompleksində 3,9 faiz, nəqliyyatda isə 4,3 faiz artmışdır.
Abadlıq və quruculuğun mərkəzi
Son illər Bakı şəhərində abadlıq və quruculuq işləri daha geniş vüsət alıb. Bu istiqamətdə həyata keçirilən elə layihlər var ki, bütövlükdə paytaxtımızın simasını dəyişəcək və gözəlləşdirəcək. Milli Parkın genişləndirilməsi və Ağ şəhər layihələri buna misaldır. Bu layihələr əsasən Xətai rayonunu əhatə edir. Keçən il may ayının sonlarında Bakı Ağ şəhər layihəsi çərçivəsində Milli Parkın ikinci mərhələsinin təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev az müddətdə bu ərazilərin tanınmaz dərəcədə dəyişəcəyini, burada insanların istirahəti üçün hərtərəfli şərait yaradılacağını diqqətə çatdırıb.
Bu barədə danışan Razim Məmmədov dedi ki, artıq Xətai rayonunun bu layihələrin həyata keçirilməsini əhatə edən ərazilərində qızğın iş gedir. Rayonun ərazisində həyata keçirilən belə böyük layihələrdə Xətai RİH də yaxından iştirak edir. Müvafiq sərəncamla yaradılmış komissiya qısa müddətdə bu ərazidə yaşayan ailələrə və məcburi köçkünlərə müvafiq təzminatlar və birdəfəlik maddi yardımlar ödənilməklə onların ərazidən köçürülməsini təmin edir. Ötən il Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsinə başlamışdır. Həmçinin ilkin mərhələdə sökülməsi nəzərdə tutulan Turşu küçəsindəki 229 mənzildən və fərdi yaşayış evindən 228-də sakinlərlə qarşılıqlı razılaşma əsasında əvvəlcədən təzminat ödənilməklə ərazidən köçürüldükdən sonra söküntü işləri aparılmışdır.
Rayon ərazisindəki qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təminatı da RİH-nin diqqətində olmuşdur. Belə ki, Nazirlər Kabineti bu barədə müvafiq sərəncamlar qəbul etmiş və Cavanşir küçəsi 36 və 38 ünvanlardakı beşmərtəbəli iki yataqxana binasında yaşayan və məskunlaşan 288 ailənin hər birinə birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi və hər iki binanın sökülməsi prosesi başa çatdırılmışdır.
Məruzədə qeyd edildi ki, ötən il Xocalı prospektindəki İş Mərkəzinin, Nobel prospektindəki "Yeni həyat" yaşayış kompleksinin, Belarus səfirliyinin binasının tikintisi, Neapol dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksində yenidənqurma işləri başa çatdırılmış, Boks Federasiyasının tikintisi davam etdirilmişdir. Hesabat dövründə Xəzər Dəniz Gəmiçiliyinin Gəmi Təmiri Zavodunun və 1 saylı Çörək zavodunun da tikintisi yekunlaşmış, müasir üslubda tikilən və ən son avadanlıqlarla təchiz olunan hər iki zavodun açılışında Prezident İlham Əliyev iştirak etmişdir.
Abadlaşdırma layihələri çərçivəsində
Nobel prospekti, Fəzail
Bayramov və A.Cəlilov küçələri
boyunca yaşayış binalarının
fasadlarının üzlənməsi davam
etdirilmiş, binaların
işıqlandırma işləri başa
çatdırılmışdır. Bu
ünvanlardakı binaların yararsız vəziyyətdə olan dam örtüklərinin
yeni mansard tipli dam örtükləri
ilə əvəz olunması işləri
yekunlaşmışdır.
Hər il ümumrespublika tədbirinin keçirildiyi Xocalı prospektində də yüksək səviyyədə abadlaşdırma işləri aparılmış, Türkiyə Respublikasından gətirilmiş 140 mindən çox gül və ağacların bir qismi buradakı park-xiyabana, digər hissəsi isə Rahib Məmmədov küçəsində yeni tikilmiş parkda və digər ərazilərdə əkilmişdir. Yeni tikilən bu parkdakı fəvvarələr kompleksi, şəlalə, uşaq əyləncə elementləri və qurğuları, digər sosial obyektlər bu parkı uşaqların ən sevimli yerinə çevirmişdir.
Rayonda
ekoloji vəziyyətin yaxşılaşdırılmasının
əhəmiyyəti nəzərə alınaraq,
yaşıllıq sahələrinin genişləndirilməsi
üçün ayrıca proqram hazırlanmışdır. Həmin
proqramla Zığ yolu-Nobel
prospekti boyunca relyefə
uyğun 100 min
kvadratmetrdən çox ərazidə
yaşıllıq massivləri salınmış, suvarma sistemləri
quraşdırılmış, artezian
quyuları istismara verilmişdir.
Səkilərə isə 12 min kvadratmetrdən
artıq müasir döşəmə
plitələri döşənmişdir.
Keçən ilin may ayında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı "ASAN xidmət" mərkəzi fəaliyyətə başlamış, xidmətin açılış mərasimində ölkə rəhbəri iştirak etmişdir. Bu gün rayon sakinləri onun xidmətindən çox razı qalırlar.
Dövlət
Proqramında nəzərdə tutulan tədbirlər
həyata keçirilib
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və ona edilmiş əlavələrə, həmçinin digər investisiya proqramlarına uyğun işlər davam etdirilmişdir. Bu proqrama əsasən ötən il rayonda əsaslı təmiri nəzərdə tutulmuş 28 məktəbdən 21-də təmir və tikinti işləri başa çatdırılmış, 194 nömrəli məktəbin binasının inşası, 63 nömrəli məktəbdə əlavə tədris korpusunun tikintisi, 48 və 56 nömrəli məktəblərin, 171 nömrəli orta məktəbin yeməkxana və akt zalının təmiri işləri davam edir.
Ötən tədris ilinin başlanması ərəfəsində Dövlət Proqramı çərçivəsində əsaslı təmirdən sonra 249 və 138 nömrəli tam orta məktəblərin açılış mərasimində Prezident İlham Əliyev iştirak etmiş, görülən işlərin keyfiyyətindən razı qalmışdır. Keçən il əsaslı təmir olunmuş 221 və 165 nömrəli tam orta məktəblərdə, həmçinin yenidən inşa olunmuş 55 nömrəli tam orta məktəbdə, 287 nömrəli Zəkalar Liseyinin yeni tikilmiş tədris korpusunda yaradılan şəraitə görə də sakinlər Prezidentə minnətdardırlar.
Dövlət Proqramı ilə Xətai rayonundakı uşaq bağçaları da əsaslı təmir olunur. Keçən il 8 və 315 saylı uşaq bağçalarının əsaslı təmirdən sonra keçirilən açılış mərasimində Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak etmişdir. Vaxtilə uşaq bağçası kimi fəaliyyətə başlamış, sonralar təyinatı dəyişmiş və yararsız vəziyyətdə olan bina Heydər Əliyev Fondunun vəsaiti hesabına sökülərək yerində ümumu sahəsi 5300 kvadratmetr olan və ən müasir avadanlıqlarla təchiz olunmuş yeni uşaq bağçası tikilmişdir. Akademik Zərifə Əliyevanın adını daşıyan bu uşaq bağçasının açılış mərasimində də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir.
Xətai rayonunun beş səhiyyə müəssisəsi də Dövlət Proqramnda nəzərdə tutulan müddətdə əsaslı təmir olunmuş, Əhmədli qəsəbəsindəki 14 saylı poliklinika və 2 saylı vərəm dispanseri isə sökülərək yerində müasirləri tikilmişdir. Digər investisiya proqramları ilə də rayonun səhiyyə müəssisələrinin əsaslı təmiri aparılmışdır. Yeni tikilmiş və ya əsaslı təmir olunmuş bütün təhsil və səhiyyə müəssisələrinin, uşaq bağçalarının maddi-texniki bazaları yaxşılaşdırılaraq ən müasir avadanlıqlarla, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuşdur.
Rayonda fəaliyyət göstərən 9 tam orta məktəbin, 4 uşaq bağçasının, 1 uşaq evinin və 1 Peşə Liseyinin əsaslı təmiri 2014-2016-cı illərin Dövlət Proqramına daxil edilmişdir.
Xətai rayon ərazisində bir qəsəbə və dörd sahə inzibati-ərazi dairəsi üzrə nümayəndəlik fəaliyyət göstərir. Həmin nümayəndəliklərdə keçirilmiş hesabat yığıncaqlarında da qeyd olunmuşdur ki, yeni yaradılmış nümayəndəliklərdə idarəetmənin ilkin təzahürləri formalaşmış, ev təsərrüfatının uçotunun aparılması işləri davam etdirilmiş, ərazilərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarla, özəl strukturlarla əlaqəli fəaliyyətlərinə səy göstərmiş, onlarla işin səmərəli təşkilini təmin etmək üçün operativ idarəetmə mərkəzi yaradılmışdır. Xətai və Əhmədli bələdiyyələri ilə birgə fəaliyyət planı əsasında iş aparılmış, bələdiyyələrlə işin təşkili ilə bağlı əlaqələndirmə şurasının fəaliyyəti yaxşılaşdırılmışdır.
Sosial və kommunal
məsələlər diqqət mərkəzində olub
Ötən il rayonda aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görülmüş, o cümlədən qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına diqqət artırılmışdır. Bu barədə danışan Razim Məmmədovun sözlərinə görə, rayonda əhalinin maddi rifah halının davamlı olaraq yaxşılaşması, vətəndaşların sosial müdafiəsinin təşkili diqqət mərkəzində olub.
Hesabat dövründə ünvanlı sosial yardımla bağlı 3722 müraciət daxil olmuş, araşdırmalar nəticəsində 3426 ailəyə, başqa sözlə, 14726 nəfərə belə yardım təyin edilmişdir. Bir ailəyə düşən orta aylıq yardımın məbləği 137,56 manat təşkil etməklə ayda 471285 manat ödənilir. 2013-cü ildə əmək pensiyaçılarının ümumi sayı rayon üzrə 36423 nəfər olmuş, 1512 nəfərə yeni pensiya təyinatı aparılmışdır.
Rayonda xidmət təsərrüfatının normal fəaliyəti, mənzil fondunun qorunub saxlanılması, təmizlik işlərinin aparılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində ötən il gündəlik işlər aparılmış, yaradılmış rayon qərargahının fəaliyyəti nəticəsində enerji daşıyıcıların dəyərinin ödənilməsində müsbət nəticələr əldə olunmuş, bu sahələrə aid tapşırıqlar vaxtında icra edilmişdir.
Rayondakı mənzil-kommunal obyektlərinin istismarındakı vəziyyətin yaxşılaşdırılması da icra olunan layihələr çərçivəsində həyata keçirilir. Belə ki, Nobel prospekti 5 ünvanında inşa olunmuş modul tipli istilik qazanxanası bu ərazidə 20 ildən artıq müddətdə istilik almayan çoxmərtəbəli 18 binanın istilik təchizatını təmin etmiş, N.Tusi 31 ünvanında müasir tipli yeni istilik qazanxanasının istismara verilməsi ətrafdakı obyektlərin və yaşayış binalarının istilik təminatını yaxşılaşdırmışdır. İ.İsmayılov, Şıxlinski və Mehmandarov küçələrində 8 istilik məntəqəsinin qazanxanaya çevrilməsi isə sürüşmə meyilliliyinin müşahidə olunması ilə əlaqədar istilik təminatı dayandırılmış uşaq bağçalarının, səhiyyə müəssisəsinin və 91 yaşayış binasının istilik sisteminin bərpa olunmasına imkan vermişdir. İstismar müddəti başa çatmış liftlərin yeniləri ilə əvəz olunması istiqamətində də işlər aparılır. Keçən il 693 lift yenisi ilə əvəz olunmuş, 192 liftdə isə əsaslı təmir işləri aparılmışdır.
Rayon ərazisinin təmizliyi də aidiyyəti qurumların gündəlik fəaliyyətinin əsasını təşkil etmişdir. Mərkəzi küçə və prospektlərdən küçə ticarətinin ləğv edilməsi, rayon ərazisində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili daim nəzarətdə saxlanılmış, təmizliyə, qiymət intizamına nəzarət gücləndirilmişdir.
Vətəndaşların
müraciət hüquqlarının təmini üçün
zəruri şərait yaradılıb
Hər bir cəmiyyətin tərəqqisi ilə yanaşı, sosial həmrəyliyini təmin edən əsas şərtlərdən biri vətəndaşı düşündürən problemlərin vaxtında həll edilməsi, dövlət strukturlarına edilən müraciətlərə çevik və ədalətli münasibətin ortaya qoyulmasıdır. Ələlxüsus söhbət sosial dövlətdən və sosial cəmiyyətdən gedirsə, burada vətəndaşı narahat edən məsələlərə daha diqqətlə yanaşılması olduqca vacibdir. Çünki məhz bu kimi məsələlərin kökündə insanların dövlət orqanlarına inamının və etimadının formalaşması dayanır.
Xətai rayonunda bu sarıdan vəziyyət ürəkaçandır. Ötən il rayonda vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılaraq qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə onlara cavab verilməsi təmin olunmuş, vətəndaşların mütəmadi qəbulu təşkil edilmiş, səyyar görüş-qəbullara daha çox üstünlük verilmişdir. Vətəndaşların müraciətlərinin təkmilləşdirilməsində elektron müraciətlərin əhəmiyyətini nəzərə alaraq, Xətai RİH-nin internet saytı hesabat dövründə də fəaliyyətini davam etdirmişdir.
Rayonda sağlam mühit yaradılması, vətəndaşların müraciətləri zamanı süründürməçilik və digər xoşagəlməz hallara yol verilməməsi, dövlət qulluqçusunun etik davranış qaydalarına ciddi riayət etmələri üçün tədbirlər görülmüş, korrupsiya ilə mübarizə sahəsində effektli mübarizə tədbirləri həyata keçirilmiş, bütün rəhbər işçilərə kollektivlərində hər hansı neqativ halın baş verməməsi üçün ciddi tapşırıqlar verilmişdir.
Yığıncaqda YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edərək Xətai rayonunun ötən il üzrə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə fikirlərini bildirdilər.
Hesabat yığıncağında söylənən çıxışlardan aydın oldu ki, Xətai rayonunda həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon rəhbərliyi üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirməklə fəaliyyətini dövlət başçısı İlham Əliyevin yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurur, idarəetmədə mütərəqqi prinsipləri tətbiq edir, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında icrasına nail olur. Yığıncaq iştirakçıları əminliklə qeyd etdilər ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurla icra olunması və sakinlərin həyat tərzinin maksimum səviyyəyə çatdırılması üçün rayonun bütün kollektivləri bundan sonra da səylərini artıracaq və üzərlərinə düşən vəzifələri layiqincə icra edəcəklər.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2014.- 1 mart.- S.4.