«Sumqayıt 1988: Cinayət və cəza»
kitabında ermənilərin
Azərbaycanın bu şəhərində
törətdikləri kütləvi
iğtişaşların səbəb
və nəticələri əksini tapmışdır
Sumqayıt
hadisələrinin başlamasından 26 il keçir
Fevralın
28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət
heyətinin binasında Azərbaycan Respublikası
Prokurorluğunun təşkilatçılığı ilə
hazırlanmış "Sumqayıt 1988: Cinayət və cəza"
kitabının təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prokurorluğu və Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunmuş tədbiri AMEA-nın prezidenti akademik Akif Əlizadə açaraq Sumqayıt hadisələrinin gerçək mahiyyətinin üzə çıxarılmasının və dünya ictimaiyyətinə təqdim olunmasının ümummilli dövlət maraqlarının strateji əhəmiyyətindən danışmışdır.
Akademik qeyd etmişdir ki, 26 il bundan əvvəl baş vermiş bu hadisənin əsasında erməni millətçilərinin saxta ərazi iddiaları ilə keçmiş SSRİ rəhbərliyinin imperiya maraqlarının bir nöqtədə kəsişməsi dayanır. Bu niyyəti həyata keçirmək üçün Azərbaycan xalqını qaniçən, qeyri-tolerant obrazda dünya ictimaiyyətinə təqdim etmək istəyən erməni millətçiləri bu məkrli niyyətlərini reallaşdırmaq üçün hətta öz soydaşlarını belə güdaza verməkdən çəkinmədilər.
Akademik xüsusi vurğulamışdır ki, bu gün dünyanın diqqətinin Qarabağ həqiqətləri və Xocalı soyqırımına yönəldiyi bir vaxtda xalqımıza qarşı əks-təbliğat vasitəsi kimi istifadə olunan Sumqayıt hadisələrinin gerçək üzünün beynəlxalq ictimaiyyətə çatdırılması hüquq-mühafizə orqanları işçiləri ilə yanaşı, alimlərin, tarixçilərin, hüquqşünasların da üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan tədqiqatçı jurnalist-alimlər Ramazan Məmmədov və Eyruz Məmmədov tərəfindən yazılan və üç dildə işıq üzü görən "Sumqayıt 1988: Cinayət və cəza" kitabı xüsusi əhəmiyyətə malikdir.
Kitabın mühüm məziyyətlərindən bəhs edən akademik A.Əlizadə bildirmişdir ki, burada Sumqayıt hadisələrinin dövrün digər analoji prosesləri ilə müqayisədə işıqlandırılması çox təqdirəlayiqdir. Kitabda müxtəlif siyasi sənədlər, mətbuat yazıları, xatirələr, cinayət işi ilə bağlı ayrı-ayrı faktlar dövrün siyasi mənzərəsi kontekstində sistemləşdirilmişdir.
Nəşrdə SSRİ və Azərbaycan SSR prokurorluqlarının əməkdaşları tərəfindən aparılmış istintaq materiallarından, cinayətin icraçılarının, zərərçəkənlərin və digər şahid ifadələrindən, həmçinin məhkəmə materiallarından istifadə olunmuşdur. Bununla belə, uydurma "Böyük Ermənistan" problemi, "erməni məsələsinə" həsr olunmuş çoxsaylı ədəbiyyatdan istifadə edilməklə hadisələrin səbəb və nəticələri, cinayətin icraçılarının cəzalandırıldığı da göstərilir. Nəşrdə Sumqayıt iğtişaşlarının yaranma səbəbinin izahını verən, iştirakçılarını ifşa edən müəlliflərin obyektivliyi və subyektivliyi ilə seçilən fərziyyə, mühakimə və mülahizələri də yer almışdır.
Təqdimat mərasimində Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubovun mövzu ilə bağlı məruzəsi dinlənilmişdir. Qeyd edilmişdir ki, kitabın hazırlanmasının əsas məqsədi Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Kitabda əsasən 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələrinə gətirib çıxaran səbəblər, onu törədənlər, təşviq edən qruplar haqqında materiallar yerləşdirilməklə yanaşı, müəlliflər hadisələri sifariş verən və təşkil edən qüvvələrin izlərinin respublikanın hüdudlarından kənara çıxdığını göstərməyə çalışmışlar.
Rüstəm Usubov demişdir ki, uzun illər ərzində erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdikləri terror və digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad etmişdir. Baş prokurorun birinci müavini təəssüflə vurğulamışdır ki, Sumqayıt hadisələri ilə bağlı cinayətin iştirakçıları barəsində müvafiq cəza tədbirləri görülsə də, hətta ölüm cəzası verilsə də, Xocalı soyqırımını törətmiş erməni faşistləri bugünədək məhkəmə məsuliyyətinə cəlb edilməmişlər.
Qeyd olunan hadisələrdən uzun müddət keçməsinə baxmayaraq, ermənilər hələ də dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu hadisələrin mahiyyəti ilə əlaqədar aldatmağa çalışmaqdan əl çəkmirlər. Onlar Sumqayıtda törədilmiş hadisələrin əsl mahiyyətini gizlədərək Azərbaycan xalqını dünyaya qaniçən və cinayətkar qismində təqdim etmək üçün bütün yaramaz üsullara əl atırlar.
Bildirilmişdir ki, o vaxt hadisələrlə bağlı işin istintaqı tam, hərtərəfli və obyektiv aparılmamış, baş vermiş iğtişaşın əsl mahiyyəti açılmamış, faktiki olaraq gizlədilmiş, cinayətlərin bütün iştirakçıları müəyyən edilməmiş, cinayətin baş vermə səbəb və şəraiti qətiyyən araşdırılmamışdır. Bütün bunlar Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurətini yaratmışdır.
Xüsusi vurğulanmışdır ki, cinayətin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş Prokurorluq Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla bağlı cinayət işləri üzrə istintaqı təzələmiş və istintaqın hərtərəfli aparılması üçün baş prokurorun birinci müavininin rəhbərliyi ilə Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
İstintaq
qrupu tərəfindən Sumqayıt hadisələrinin
çoxsaylı şahidinin, həmin hadisələrdən məlumatı
olan digər insanların, o cümlədən keçmiş
SSRİ Prokurorluğunun istintaq qrupuna daxil olan şəxslərin
ifadələri alınmış, xarici ölkələrə
müvafiq sorğular göndərilmiş, arxiv sənədləri
açılmış, mətbuatda verilmiş məlumatlar təhlil
edilmiş, digər zəruri istintaq-əməliyyat tədbirləri
görülmüşdür.
Aparılmış
istintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi
mahiyyəti üzə çıxmış, bu hadisələrin
əsas sifarişçi və təhrikçiləri Mixail
Qorbaçov, sovet rəhbərliyində təmsil olunmuş
ermənipərəst dairələr və "Böyük
Ermənistan" xülyası ilə yaşayan erməni millətçi
və separatçı qüvvələrinin olması müəyyən
edilmişdir.
Hazırda
aparılan istintaqın əsas məqsədi də məhz
Sumqayıt hadisələri ilə əlaqədar erməni
yalanlarını üzə çıxarmaq, toplanmış
sübutlarla bu hadisələrin əsl mahiyyətini
açmaq, mümkün qədər cinayətin bütün
iştirakçılarını, əsasən də təşkilatçılarını
müəyyən etməkdir. Bu məqsədlə baş
prokuror Zakir Qaralovun əmri ilə SSRİ Baş
Prokurorluğunun istintaq qrupunun aparmış olduğu və
icraatlarını dayandırdığı cinayət işlərinin
öyrənilməsi üçün prokurorluğun təcrübəli
işçilərindən ibarət komissiya
yaradılmış və komissiya işləri öyrənərək
həmin işlərin icraatlarının təzələnərək
yenidən istintaq aparılmasını tövsiyə
etmişdir.
Aparılan
istintaq zamanı Sumqayıt şəhərində yaşayan
milliyyətcə erməni olan qadınlar dindirilmiş və
onlar ifadələrində azərbaycanlıların həmin
hadisələr zamanı yüzlərlə erməninin həyatını
xilas etmələrini göstərmişlər.
Bildirilmişdir
ki, Sumqayıt hadisələrinin SSRİ xüsusi xidmət
orqanları tərəfindən təşkil edilməsi barədə
məlumatlar hələ 1989-1990-cı illərdə aparılmış
istintaq zamanı əldə edilmişdir. O vaxt
başlanmış cinayət işinin materiallarında
Sumqayıtda talanlar törətmiş qrupa rəhbərlik edən,
ermənilərin öldürülməsində,
zorlanmasında, əmlaklarının məhv edilməsində
fəal iştirak edən erməni Eduard Qriqoryanın kütləvi
iğtişaşlar ərəfəsində şübhəli
şəxslərlə görüşməsi, onlardan
Sumqayıtda yaşayan ermənilərin siyahısını
alması, hadisələr zamanı öz qrupunun üzvlərinə
spirtli içkilər və psixotrop preparatlar paylaması barədə
ifadələr var idi. Lakin bu məlumatlar SSRİ
Prokurorluğunun istintaq qrupu tərəfindən
araşdırılmırdı. Əksinə, kütləvi
iğtişaşların təşkilatçılarını
aşkara çıxara bilən məlumatlar ört-basdır
edilirdi. Azərbaycanın hüquq-mühafizə
orqanlarının sorğularına Ermənistandan və
Moskvadan mücərrəd, heç bir informasiya
daşımayan cavablar göndərilirdi, Eduard Qriqoryanın
erməni millətçiləri ilə əlaqələrinin
müəyyən edilməsinə yönəlmiş əməliyyat-axtarış
tədbirlərinin keçirilməsinə imkan verilmirdi. Belə
şəraitdə talanların kimlər tərəfindən təşkil
edilməsi, Sumqayıt iğtişaşlarının
arxasında kimlərin olmaları ilə bağlı əsas
suallar cavabsız qalmışdı.
Yeni
açılmış hallar onu göstərir ki, Sumqayıtda
baş vermiş kütləvi iğtişaşlar Eduard
Qriqoryan, onun iki qardaşı, Dağlıq Qarabağdan
xüsusi tapşırıqlarla gəlmiş emissarlar və
DTK-nın agentləri tərəfindən təşkil
olunmuşdur. Dağlıq Qarabağdan olan emissarlar Eduard
Qriqoryanı ətraflı təlimatlandırmış, ona
Sumqayıtda yaşayan və separatçıların
yaratdığı "Qarabağ" və "Krunk" təşkilatlarına
pul köçürməyən ermənilərin siyahısını
və dəqiq ev ünvanlarını vermişlər. Bu
emissarlar aqressivliyi artırmaq məqsədilə
iğtişaş iştirakçılarına
paylanılması üçün Eduard Qriqoryanı psixotrop dərmanlar
və spirtli içkilərlə təmin etmişlər. Hadisələr
zamanı isə bu şəxslər Eduard Qriqoryan və onun
qardaşı Albert Qriqoryan ilə birlikdə camaata soyuq silah
paylayırdılar.
Dövlət
Təhlükəsizlik Komitəsinin açılmış
arxiv materiallarından məlum olmuşdur ki, Dağlıq
Qarabağ separatçılarının emissarları, SSRİ
DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri
Sumqayıt hadisələrində fəal iştirak etmiş və
həmin hadisələrdən dərhal sonra Orta Asiya
respublikalarına ezam olunmuşlar. Bu agentlərin izləri
sonradan Özbəkistan və Qırğızıstandakı
hadisələr zamanı aşkar olunmuşdur. Bu fakt
Sumqayıtda, Fərqanədə, Oşda və keçmiş
SSRİ-nin digər yerlərində baş vermiş təxribatların
bir mərkəzdən təşkil və idarə
olunduğunu birmənalı təsdiqləyir.
Sumqayıtdakı
kütləvi iğtişaşların əvvəlcədən
təşkil edilmiş aksiya olmasını sübut edən
faktlardan biri də talançıların hərəkət
etdikləri marşrut üzrə yerləşdirilmiş naməlum
şəxslərin kütləvi iğtişaşlarda
iştirak edənlərin bütün hərəkətlərinin
videoçəkilişini aparmasıdır. Bu kadrlar Qərb
ölkələrinin televiziya kanallarında operativ şəkildə
göstərilmişdir. Şübhəsiz ki, çəkiliş
aparan şəxslər talançıların planları
haqqında əvvəlcədən məlumatlı idilər.
Sumqayıtda
təxribatın hazırlanmasını göstərən
növbəti sübut. Bir çox erməni şəhəri əvvəlcədən
tərk etmiş, 1988-ci ilin yanvar-fevral aylarında ermənilər
tərəfindən Sumqayıt şəhərindəki əmanət
kassalarından pulların çıxarılması da kütləvi
hal almışdı.
Digər
tərəfdən, müəyyən olunmuşdur ki,
Sumqayıt hadisələri ərəfəsində Ermənistandan
və Dağlıq Qarabağdan Sumqayıt və Bakı şəhərlərinə
çoxlu sayda milliyyətcə erməni olan şübhəli
şəxslər gəlmiş, onların bir qismi mehmanxanalarda
yığcam yerləşdirilmişdir. Həmin şəxslər
Sumqayıtda yaşayan ermənilərlə çoxsaylı
görüşlər keçirmiş, onları təlimatlandırmış,
baş vermiş kütləvi iğtişaşlardan dərhal
sonra isə yoxa çıxmışlar.
Baş
prokurorun birinci müavini Rüstəm Usubov hazırda həmin
iş üzrə tam və hərtərəfli istintaq
aparılmaqla Rusiya Federasiyası, Ukrayna, Belarus və Moldova
hüquq-mühafizə orqanlarına SSRİ Prokurorluğunun
istintaq qrupunun üzvləri barədə məlumatlar əldə
edilməsi üçün sorğular verilməklə
istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini
bildirmişdir.
Daha
sonra akademik İsa Həbibbəyli, kitabın həmmüəllifləri
Ramazan Məmmədov, Eyruz Məmmədov, professor Gövhər
Baxşəliyeva, AMEA-nın müxbir üzvü Rafael
Hüseynov, Xarici İşlər Nazirliyinin şöbə
müdiri Hikmət Hacıyev və
başqaları çıxış edərək kitabın ərsəyə
gəlməsinin əhəmiyyətli və eyni zamanda gərgin
bir fəaliyyətin məntiqi nəticəsi olduğunu qeyd
etməklə, nəşrin Azərbaycan xalqının və
dövlətinin milli maraqlarına xidmət edən əsər
olmasını xüsusi vurğulamışlar.
Bildirilmişdir ki, bədnam qonşularla müharibə vəziyyətində
olan Azərbaycan bütün sahələrdə Ermənistanı
üstələsə də, tarixi hadisələrin dünya
ictimaiyyətinə çatdırılması
baxımından müəyyən boşluqlarla üzləşmişdir.
Sumqayıt hadisələrini araşdıran istintaq-əməliyyat
qrupuna AMEA-nın Tarix İnstitutunun fəal kömək
etdiyini bildirən natiqlər Gəncə quberniyasında, Zəngəzurda,
Qarabağda, Naxçıvanda, İrəvanda və digər
bölgələrdə ermənilərin törətdikləri
soyqırımlarının bütövlükdə və sistemli
şəkildə araşdırılaraq dünya ictimaiyyətinin
diqqətinə çatdırılması istiqamətində
respublikanın hüquq-mühafizə orqanları ilə daha
sıx əməkdaşlığın vacibliyini
vurğulamışlar.
Kitabın
müəllifləri nəşrin hazırlanmasında onlara
göstərdikləri böyük köməyə görə
Azərbaycan Respublikasının Baş Prokurorluğuna və
Xarici İşlər Nazirliyinə minnətdarlıqlarını
bildirmişlər.
Təqdimat
mərasimində Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Elman Abdullayev təmsil etdiyi qurumun,
o cümlədən Azərbaycanın xarici diplomatik
korpuslarının Sumqayıt hadisələrinin
reallıqlarını dünya ictimaiyyətinə
çatdırmaq istiqamətində həyata keçirdikləri
işlərdən ətraflı danışmışdır.
Bildirilmişdir ki, Sumqayıtda törədilmiş cinayətlər,
Xocalı soyqırımı və digər erməni vəhşiliklərinin
dünya ictimaiyyətinə çatdırılması,
bütün bunlara dünya birliyinin ədalətli mövqeyinə
nail olunması nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindəndir.
O, kitabın nəşrini Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətləri beynəlxalq aləmə
çatdırmaq siyasətinin tərkib hissəsi kimi qiymətləndirmişdir.
Təqdimatı
keçirilən kitabla bağlı geniş müzakirələr
aparılmış, suallar ətraflı
cavablandırılmışdır.
Vurğulanmışdır
ki, bu kitab ölkəmizin
müasir tarixini, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin səbəblərini
tam reallıqları ilə əks etdirir.
Azərbaycan.-2014.- 1 mart.- S.6.