Sumqayıt hadisələri şahidlərin
gözü ilə
Sumqayıt
hadisələrinin başlamasından 26 il keçir
1988-ci il fevralın 28-29-da Sumqayıtda ermənilər tərəfindən öncədən planlaşdırılmış qanlı hadisələrdən 26 il keçir. Həmin hadisələr zamanı ermənilərin Sumqayıtda törətmək istədikləri məkrli planları tam çılpaqlığı ilə üzə çıxıb, istintaq proseslərində sübuta yetirilib. Yalan və iftiralarla dolu tarixə malik olan ermənilər həmişə qarşılarına qoyduqları məkrli məqsədə yetmək üçün hər cür vəhşilikdən, terrordan, insanlığa sığmayan qanlı cinayətlərdən, hətta öz millətlərinin belə qanını tökməkdən çəkinməyiblər. O dövrdə Moskvadan gələn hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənlərdən xəbəri olmayan namuslu, qeyrətli şəhər əhalisini ləkələməkdən belə çəkinmirdilər. Onu da qeyd edək ki, məhz sumqayıtlıların səyi və hadisələrə vaxtında müdaxilə etmək baxımıından erməni fitnəkarlığının böyük miqyasa keçməsinin qarşısı alındı. Ermənilərin məkrli planının həyata keçirilməsi üçün Sumqayıt təsadüfən seçilməmişdi.
Bu hadisələrin şahidlərindən biri - Sumqayıt Səhər İcra Hakimiyyətinin məsul işçisi Seyfəddin Rəhimov o günləri belə xatırlayır:
- Həmin dövrdə şəhərin icra qurumlarının, hüquq-mühafizə orqanlarının fəaliyyəti SSRİ rəhbərliyi tərəfindən məhdudlaşdırılmışdı. Sumqayıt şəhərinin prokuroru İsmət Qayıbovun və digər səlahiyyət sahiblərinin hadisələrə nəzarət etmək imkanları yox idi. Çünki SSRİ Prokurorluğunun xüsusi istintaq qrupu, Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndələri şəhərə ezam olunmuşdular. Şəhərə əvvəlcədən çəkiliş, terrorçu qrupların göndərilməsi, xarici müşahidəçilərin dəvət edilməsi bu hadisələrin məqsədyönlü şəkildə düşünülmüş planın tərkib hissəsi olduğunu göstərirdi. Azərbaycan xalqını törətmədiyi faciələrdə ittiham etmək üçün böyük təbliğat maşını işə salınmışdı.
Ermənilər Sumqayıtı təsadüfən hədəf seçməmişdilər. Həmin ərəfədə minlərlə soydaşımız Ermənistandan - öz ata-baba yurdlarından qaçqın düşərək Sumqayıta pənah gətirmişdilər. Burada xeyli məxfi erməni təxribatçıları fəaliyyət göstərirdi. Planlı şəkildə aparılan qətllər, talanlar və digər cinayət halları göstərir ki, proseslər şəhərdəki təxribatçı qüvvələr tərəfindən idarə edilirdi. Hadisələrin Moskvadan göndərilmiş yüksək səlahiyyətli şəxslərin gözü qarşısında törədilməsi onların hər şeydən məlumatlı olduğunu söyləməyə əsas verir.
Sumqayıt
sakini alman əsilli Valentina Yantsn - Rəhimova:
-
Fevralın 25-də şəhərdə söz- söhbət
gəzirdi ki, ermənilər nəsə etməyi
planlaşdırırlar. Bunu sadə adamlardan
tutmuş yüksək vəzifəli məmurlara qədər
hamı bilirdi. Bir çox valideynlər
uşaqları bayıra buraxmırdılar. Amma ermənilər həmin günlərdə daha sərbəst
hərəkət edirdilər. Onlar əvvəlki
kimi işə gedir, axşamlar parklarda gəzirdilər. Biz də bir şeyin olmayacağına inanmağa
başlamışdıq. Demə bu sakitlik
özü növbəti təxribatın təzahürü
imiş.
Yaşadığımız
mikrorayona kimlərsə
gəlir, nəyisə qeydiyyata alırmış kimi
davranırdılar. Demə həmin şəxslər
ərazinin giriş-çıxışını öyrənirdilər.
Sumqayıt
rus icmasının rəhbəri Lyubov İsmayılova isə
deyir:
- "Krunk" erməni təşkilatının
üzvlərinin bir qismi Sumqayıtda yaşayırdı. Onlar Ermənistanla
mütəmadi əlaqə saxlayır, təlimatlanırdılar.
Şəhərdə qalan ermənilər isə
hələ də böyük sovet ideyalarına inanaraq
heç bir yerə getməmişdilər. Onu da qeyd edək ki, həmin ermənilərin
çoxu heç bir təşkilatın üzvü
olmamışdılar, sadə insanlar idilər. Mitinqlərdən sonra başlanan qətllərin
qarşısını almaq o qədər də çətin
olmadığı halda, heç bir tədbir görülməmiş,
seyrçi münasibət bəslənilmişdi. Xarici ölkələrin kütləvi informasiya vasitələrinin
nümayəndələri şəhərin hansı yerlərində
çəkiliş aparmaq barədə əvvəlcədən
təlimatlandırılmışdılar.
Sumqayıtda elə bir erməni ailəsi yox idi ki, onun
yaşayış şəraiti digər xalqlardan olan sakinlərdən
aşağı səviyyədə olsun. Tolerant ölkə
Azərbaycanda onlar üçün hər cür şərait
yaradılmışdı. Hətta orta məktəblərdə
erməni dili tədris olunurdu. Halbuki həmin
hadisələrdən sonra Ermənistana köçənlər
orada yaşaya bilmədilər, Rusiyanın müxtəlif
şəhərlərində məskən saldılar. Onu da deyim ki, Sumqayıtda yaşayan rus
icmasının üzvləri Böyük Vətən
müharibəsindən sonra bura köçənlərdir.
O vaxtlar az adam tapılardı ki, Xəzərin
sahilində yerləşən gənclər şəhərindən
danışmasın. Rus millətindən olan elə bir adam tapmazsınız ki, nə vaxtsa doğma
Sumqayıtı tərk etmək haqqında
düşünsün. Çünki biz ruslar
özümüzü bu şəhərin əhalisinin
ayrılmaz hissəsi sayırıq. Bütün
bayramlarda öz qonşularımızla bir yerdə olur,
onların sevincinə sevinir, kədərinə kədərlənirik.
1982-1996-cı
illərdə Sumqayıt şəhər 1 saylı doğum
evinin baş həkimi işləyən Şəhla
Abışova:
-
Fevralın 28-də şöbəyə zorlama faktı ilə
erməni Karina və Anna bacıları gətirildi. Bir neçə dəqiqə sonra iki nəfər
müstəntiq gəlib onları sorğu-suala tutdu. Həmin adamlar qızlara əvvəlcə rus, sonra
erməni dilində suallar verməyə başladılar.
Erməni dilini bilən bir tibb bacısı
Ş.Abışova həmin adamların qızları məcburən
azərbaycanlıların əleyhinə ifadə verməyə
təhrik etdiklərini bildirirdi. Qızlar
isə hər dəfə həmin adamın Edik olduğunu
deyirdilər.
Mən
bunu o zaman respublikanın baş prokuroru işləyən
İsmət Qayıbova
bildirdim. Sonralar məlum oldu ki,
müstəntiqlər Sumqayıtda baş verənləri istədikləri
kimi mərkəzə çatdırmaq niyyəti
güdürmüşlər. Ümumiyyətlə,
harada qətl hadisəsi baş verirdisə, çox keçmədən
orada mərkəzdən gəlmiş hüquq-mühafizə
orqanlarının əməkdaşları peyda olurdu.
Sumqayıt
Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının
baş həkimi Vaqif Qəhrəmanov:
- 1988-ci
ildə baş vermiş Sumqayıt hadisələri, eyni zamanda
gələcəkdə Azərbaycan ərazilərinin
işğalını ört-basdır etmək məqsədinə
xidmət edirdi. Qarşıdurma baş verdikdən
dərhal sonra şəhərdə tibb işçilərindən
ibarət xüsusi qərargah yaradıldı. Təcili tibbi yardım maşınları
yaralıları xəstəxanalara daşıyırdılar.
Bizə məlum oldu ki, yaralanan, ölən ermənilərin
hamısı Qarabağ erməniləridir. Həmin dövrdə Xankəndidə mitinqlər təşkil
olunurdu. Ermənilər bunu həmin
aksiyaların miqyasını genişləndirmək
üçün edirdilər.
Həmin dövrdə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində
hərbi qarnizon vardı. Sumqayıtda yaşayan ermənilərin
çoxu orada məskunlaşmışdı. Tibb işçiləri o əraziyə gələndə
məlum oldu ki, orada olan xəstə bir uşağı ermənilər
özləri öldürüb qətlin guya azərbaycanlılar
tərəfindən törədildiyini dünyaya
çatdırmaq istəyirdilər. Tibb işçiləri
uşağı nəzarət altına aldılar. Sumqayıtda uşaq
ölümünün olmadığına görə isə
qətl törətmək tapşırığı
alanları Ermənistanda çox incitmişdilər. Mənfurlar məqsədlərinə çatmaq
üçün günahsız körpəni belə qətlə
yetirməkdən çəkinmirdilər.
Başqa bir misal. Sumqayıt idman dispanserinin baş həkimi
E.Avakyan həmin hadisələrin baş verdiyi gün qəribə
bir sirr açdı. Dedi ki, erməniləri bir yerə
yığıb onları ermənilərdən qoruyurduq. Ondan
soruşanda ki, bunlar nə ilə bitəcək, cavab verdi ki, "Bu məsələlər sizlik
deyil. Bu qırğınların arxasında
xallı rəhbər dayanır. Yoxsa bu necə
şişirdilə bilərdi?!" Zaman
E.Avakyanın sözlərinin həqiqət olduğunu təsdiq
etdi. Ermənilər
düşünülmüş, öncədən
planlaşdırılmış Sumqayıt hadisələrindən
uzun müddət yararlandılar. Təxribatları
törədənlər qətllərin kimlər tərəfindən
həyata keçirildiyini yaxşı bilirlər. İndi isə öz uşaqlarına türklərin,
azərbaycanlıların "qəddarlıq"larından
danışır, bizə qarşı nifrət oyatmağa
çalışırlar.
Sumqayıt hadisələrindən öncə şəhərdə
gəzən söz-söhbət fevralın 28-nə keçən
gecə baş vermiş hadisələrdə öz təsdiqini
tapdı. Şəhərin müxtəlif ərazilərində
tonqallar yandırılır, nömrəsiz
maşınlardakı xüsusi təlim görmüş
adamlar küçələri dolaşaraq hamını səfərbər
olmağa, ermənilərə qarşı hücuma
çağırırdı. Bəzi
maşınlardan səsgücləndiricilərlə ermənilərin
yaşadığı ünvanlar, ad və soyadları səsləndirilirdi.
Hadisə
baş verəndən bir gün sonra ermənilər öz
soydaşlarını sağ-salamat gördükdə çox
sevinirdilər. Sonradan məlum oldu ki, talan və
qarətləri törədənlər elə xüsusi təlim
görmüş ermənidir.
Şəhər
sakini Cəmilə Əliyeva:
- Bizim mənzil köhnə
avtovağzalın yanındaydı. Fevralın
26-dan başlayaraq şəhər qarışmaqda idi. Camaatın ən çox
yığışdıqları yerlərdən biri də
yaşadığımız ərazi olduğu
üçün hadisələrin necə törədildiyini
görürdük. Qarşısını
almaq mümkün olardı. Lakin bu hadisələri
Moskva "KQB"si törətdiyi üçün
qarşısı alınmaz problemə çevrildi.
Sonradan bildik ki, şəhərdə təxribatçılar
tərəfindən talan törədiləcəyi barədə
komitə üzvləri məlumatlandırılmışdılar. Hadisələri lentə
almaq üçün hər cür şərait yaradılmışdı. Dünyanın bir çox ölkələrindən,
eləcə də Ermənistanın özündən əvvəlcədən
planlı şəkildə hazırlanan hadisələri lentə
almaq üçün operatorlar, fotoqraflar Sumqayıta üz
tutmuşdular. Sonradan bizə o da məlum
oldu ki, fevral ayı başlayandan ermənilər əmanət
kassalarına qoyduqları pulları
götürmüşdülər.
Sumqayıt hadisələrindən bir neçə
gün əvvəl ermənilər yaşayan evlər
xüsusi adamlar tərəfindən də işarələnmişdi. Təsəvvürə gətirin
ki, fevralın 27-28-də Sumqayıtda iğtişaşlar
törədilir, ermənilər öz millətlərindən
olan insanları amansızcasına qətlə yetirir,
SSRİ-nin o vaxtkı hərbi prokuroru Katusev Bakıda ola-ola
Sumqayıtda baş verənlərin qarşısını
almaq üçün tədbir görmür. Azərbaycanı
fakt qarşısında qoymaq üçün onlar güc
strukturlarını işə salmağa tələsmədilər,
çünki bu onlara sərf etmirdi.
Hadisələrdən iki gün sonra ölənlərin
siyahısı üzə çıxdı. Məlum oldu
ki, onların hamısı Dağlıq Qarabağdan olanlardır.
Erməni millətçiləri
soydaşlarını Sumqayıtda öldürməklə Xankəndidə
başlanan mitinq dalğasını gücləndirə bildilər.
Xankəndidə ermənilər operatorların
çəkdikləri kadrları göstərərək
insanları qızışdırdılar.
Sumqayıtda erməni qətllərinin qəddar icraçısı
iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Sumqayıt
hadisələrinin "təşkilatçısı"
kimi azərbaycanlı Əhməd Əhmədov dəlilsiz-sübutsuz
güllələnsə də, danılmaz şahid ifadələri
əsl günahkarın Eduard Qriqoryan olduğunu sübut etdi.
Məhz həmin günlərdə şəhər əhalisinin
sayıqlığı nəticəsində yüzlərlə
erməni ailəsi qəddar qriqoryanlardan qoruna bildi. Neçə-neçə
azərbaycanlı ailəsi ermənilərə evlərində
sığınacaq verdi.
Eduard
Qriqoryan sonralar etdikləri barədə belə bir ifadə
vermişdi: "Atam erməni, anam isə rusdur. O, evə
içib gələr, anamı yerli-yersiz döyər, təhqir
edərdi. Bütün bunlara görə mən
ermənilərdən intiqam almaq istəyirdim və aldım
da". İstintaq gedəndə bəlli
oldu ki, qətlə yetirilən ermənilərin bir qismi
"Krunk" erməni terror təşkilatına
"üzvlük" haqqı ödəməyənlərdir.
İki gün
sonra Xankəndidə keçirilən mitinqdə
çıxış edən Silva Kaputikyan öldürülən
erməniləri yazdığı şeirlə "tərənnüm"
etmişdi. Sonda yana-yana dilinə gətirmişdi
ki, necə yəni, diri erməni uşağı
tapılmadı ki, qətlə yetirəsiniz?! Əgər ölənlərdən bircəciyi
uşaq olsaydı, mən sizin hamınızın əlindən
öpərdim.
Keçmiş
SSRİ Baş Prokurorluğunda Sumqayıt hadisələri ilə
bağlı 444 nəfərə cinayət işi
açılmış, onlardan 400 nəfəri 10-15 sutka
saxlandıqdan sonra buraxılmış, bir neçəsi
uzunmüddətli həbs cəzasına məhkum edilmişdi.
Keçmiş SSRİ Prokurorluğu Baş İstintaq İdarəsinin
rəis müavini V.Nenaşev və SSRİ Prokurorluğu
yanında xüsusilə mühüm işlər üzrə
müstəntiq V.Qalkinin başçılıq etdikləri
istintaq araşdırmalarında SSRİ DTK-nın və Hərbi
Prokurorluğunun əməkdaşları
iştirak etmişlər. Həmin qruplar baş
vermiş hadisələrin səbəblərini, cinayətlərin
törədilməsi üçün yaradılmış
şəraiti, təşkilatçıları müəyyən
etməyə səy göstərməmiş, ermənilərin
özləri tərəfindən edilmiş cinayətlərin
üstünü malalamaq üçün qondarma şahidlərin
ifadələrinə əsaslanaraq yanlış ittihamnamələr
hazırlayaraq keçmiş ittifaqın müxtəlif məhkəmələrində
baxılmaq üçün təqdim etmişlər. 1988-ci ilin 18 oktyabr-18 noyabr tarixlərində Moskvada
keçmiş Ali Məhkəmədə Ə.Əhmədovun,
Y.Cəfərovun, T.İsmayılovun cinayət işlərinə
baxılmışdır. Həmin məhkəmə
iclaslarında bu cinayət işini bütövlükdə
yenidən istintaqa qaytarmaq əvəzinə yalnız Y.Cəfərov
və T.İsmayılovun cinayət materialları istintaqa
qaytarılmışdır. Ə.Əhmədov
isə heç bir hüquqi dəlil-sübut olmadan hadisələrin
"təşkilatçısı" kimi güllələnməyə
məhkum edilmişdi. Məhkəmə tərəfindən
qəbul edilmiş bu hökm 17 ay sonra Moskva şəhərində
icra olunmuşdur. Sumqayıt şəhər sakini
Elçin Gəncəliyev təcridxanada müəmmalı
şəkildə öldürülmüş,
T.İsmayılov isə 15 il müddətinə azadlıqdan məhrum
edilərək siyasi məhbus kimi Tbilisiyə göndərilmiş,
bir neçə ay sonra o da həlak olmuşdur.
Ermənilər
o vaxtdan Sumqayıtda törədilən fevral hadisələrindən
istifadə edərək dünya ictimaiyyətinin nəzərində
azərbaycanlıların qaniçən, qəddar
obrazını yaratmaq, onlarla birgə yaşamağın
qeyri-mümkünlüyünü sübuta yetirmək
üçün dəridən-qabıqdan
çıxırlar.
Həmin hadisələrdən sonra respublikamızda
baş verən hakimiyyət dəyişiklikləri,
yarıtmaz idarəçilik ucbatından
torpaqlarımızın 20 faizi işğal edildi. Yalnız
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev
mənfur erməni məkrinin, neçə-neçə terror
aktının qarşısını aldı. Məhz aparılan düzgün siyasət sayəsində
əsl həqiqət dünya ictimaiyyətinə
çatdırıldı.
Akif
ƏLİYEV,
Azərbaycan.-2014.- 1 mart.- S.6.