Sənayenin qeyri-neft
bölməsində dinamik
artım cari ildə daha böyük
uğurlar vəd edir
2014-cü il
"Sənaye ili"dir
Azərbaycanda böyük sənaye potensialının yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər birinci dəfə hakimiyyətə gələnə qədər Azərbaycan keçmiş sovetlər birliyinin xammal bazası funksiyasını yerinə yetirirdi. Ötən əsrin 70-ci illərində isə ulu öndərin gərgin əməyi sayəsində respublikamızda nəhəng sənaye müəssisələri fəaliyyətə başladı. Beləliklə, Azərbaycan yerli xammaldan son məhsul istehsal edən sənaye respublikasına çevrildi. Bu uzaqgörən siyasət Azərbaycanın sonrakı inkişafının bütün mərhələlərinə müsbət təsir göstərdi.
Onu da qeyd edək ki, həmin dövr yeni sənaye müəssisələrinin yaranması təkcə istehsalla bitmirdi. Bu, çoxlu iş yerləri açılması da deyildi, həm də müasir texnologiyalardan istifadə edən azərbaycanlıların intellektual cəhətdən inkişafı demək idi. Təsadüfi deyil ki, "Əsrin müqaviləsi" imzalandıqdan sonra ölkəmizə gələn xarici mütəxəssislər yerli kadrların bilik və bacarığına heyran olduqlarını söyləyirdilər. Bütün bunlar ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik sənayeləşmə siyasətinin uğurlu nəticəsi idi.
Bu gün Prezident İlham Əliyev həmin siyasəti müasir dövrün tələblərinə uyğun əzmlə davam etdirir. Son 10 ildə Azərbaycanda yüzlərlə yeni iri və orta sənaye müəssisəsi tikilərək fəaliyyətə başlayıb. Yeni müəssisələrin bir çoxunun məhsulları ixrac olunaraq dünya bazarında analoji məhsullarla uğurla rəqabət apararaq özünə alıcılar tapıb. İndi ölkəmizin qarşısında inkişaf etmiş dövlətlər sırasına çatmaq kimi məqsəd var. Buna nail olmağın yolu isə ölkənin müasir texnologiyalara əsaslanan güclü sənaye potensialına malik olmasıdır. Hazırda ölkədə aparılan iqtisadi siyasətin başlıca hədəfi də budur. Bu baxımdan 2014-cü ilin "Sənaye ili" elan edilməsi təsadüfi deyil.
Məlumdur ki, Azərbaycanda iqtisadiyyatın ən üstün və inkişaf etmiş sahəsi neft sənayesidir. Ölkənin keçmiş və indiki inkişafında bu sektor önəmli rol oynayıb. Hələ bir neçə il də bu sahə ölkə iqtisadiyyatında özünün aparıcı mövqeyini qoruyacaq. Bu, zəngin karbohidrogen ehtiyatlara malik ölkələrə xas olan bir xüsusiyyətdir. Amma Azərbaycanda dövlət tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət bu imkandan yararlanıb qeyri-neft sənayesini inkişaf etdirməyə xidmət edir. Qeyri-neft sənayesində ildən-ilə artan məhsul istehsalı da sübut edir ki, bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticə verir.
Danılmaz faktdır ki, sənayeləşmə
çoxlu sərmayə
yatırılmasını tələb edir.
Kapital qoyuluşu həyata
keçirilmədən yeni müəssisə
yaratmaq, onun üçün avadanlıqlar almaq
mümkün deyil. Bu gün Azərbaycanda
sözügedən sahədəki problemləri
qarşılamaq üçün dövlət
kapital qoyuluşunda birbaşa investor kimi çıxış edir.
Təkcə ötən il ölkə
iqtisadiyyatına 26 milyard dollar
sərmayə qoyulub və Azərbaycan kimi
kiçik bir ölkə
üçün bu, rekord məbləğdir. Yatırılan sərmayənin
17,5 milyard dolları daxili
investisiyalardır. Bu fakt
dövlətin iqtisadi inkişafa,
yeni sənaye və infrastruktur
layihələrinə verdiyi əhəmiyyətin
əyani göstəricisidir. Bundan əlavə,
yeni sənaye və istehsal
sahələrinin yaradılması, biznesin
inkişafı üçün dövlət
ötən il sahibkarlara
güzəştli şərtlərlə 275 milyon
manat kredit verib. Göstərilən bu
qayğının nəticəsidir ki, ildən-ilə
özəl sektorda məhsul istehsalı artmaqda davam edir.
Ölkənin sənayeləşməsində ən maraqlı cəhət innovasiyayönümlü yeni texnologiyalara üstünlük verilməsidir. Ötən ilin "İnformasiya-kommunikasiya və texnologiyalar ili"n (İKT) elan edilməsi bunun əyani sübutudur. Yola saldığımız ildə ölkəmizdə İKT sektorunun artım tempi ümumdünya orta göstəricisini təxminən iki dəfə üstələyərək 14 faiz təşkil etmişdir. Azərbaycan internet şəbəkəsinin sıxlığına görə MDB və Mərkəzi Asiyada liderdir. "İKT ili"nin ən böyük nailiyyəti isə "Azərspace-1" telekommunikasiya peykinin orbitə çıxarılmasıdır. Bununla da Azərbaycan dünyada az sayda olan ölkələrin üzv olduğu "kosmik klub"a daxil olub. Belə uğurlara yalnız iqtisadiyyatı güclü ölkələr imza ata bilər.
Şübhəsiz ki, "Sənaye ili"ndə də ölkəmizin gələcək inkişafını müəyyən edən sənaye sahələrinə daha çox diqqət yetiriləcək. Tikiləcək yeni texnoparklar, sənaye müəssisələri, ixracyönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələri, böyük sənaye kompleksləri ölkəmizin dinamik inkişafına yeni güc qatacaq. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə artıq ilkin nəticələr vardır. Sumqayıt Texnoparkı fəaliyyət göstərir. Yeni Kimya Texnologiya Parkı artıq fəaliyyətə başlayır. Digər sahələrdə, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulur. Balaxanı Texnoparkının yaradılması prosesi gedir. Bu istiqamətdə bu il daha da ciddi addımlar atılmalıdır. Ümumiyyətlə, mən dəfələrlə demişəm ki, bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir. Ümumi daxili məhsulumuzun artımı da sənaye istehsalının hesabına mümkün olacaqdır. 2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, çox perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi, əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət göstərilməlidir".
İndi isə sənaye sektoru üzrə son rəqəmlərə müraciət edək. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar ayında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 2,8 milyard manat təşkil edib. Sənayenin qeyri-neft bölməsində əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,6 faizlik artım müşahidə olunub. Sənaye məhsulunun 72,7 faizi mədənçıxarma, 19,7 faizi emal, 7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunub.
Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,9 faizini təşkil edib, ümumi istehsalın 93,9 faizi sənaye mallarının (əmtəələrin) istehsalı, 6,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
Ötən il ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin sayı 2012-ci illə müqayisədə 5,7 faiz artaraq 183,1 min nəfər təşkil edib. Onların orta aylıq əməkhaqqı isə 8,2 faiz yüksələrək 648,5 manat olub. İşçilərin 37,5 min nəfəri mədənçıxarma, 91,4 min nəfəri emal, 30,3 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 23,9 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.
Əməkhaqlarının daha çox artımı emal bölməsində, elekrik avadanlıqlarının, dəri və dəri məmulatlarının, sair nəqliyyat vasitələrinin, geyim, əczaçılıq məhsullarının istehsalı, ağacdan məmulatların, poliqrafiya fəaliyyəti, neft məhsullarının, tikinti materiallarının istehsalı müəssisələrində müşahidə olunub. Qeyri-dövlət bölməsində işçilərin orta aylıq əməkhaqqı 8,7 faiz artaraq 753,2 manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatlarından da göründüyü kimi, ölkədə xüsusən qeyri-neft sənaye sektoru üzrə həm məhsul istehsalı, həm də bu sahədə çalışanların say və əməkhaqlarının artımında ciddi inkişaf tempi var. Heç şübhəsiz, bu temp "Sənaye ili"ndə nəinki qorunacaq, hətta sürətlənəcək və digər sahələri əhatə edəcək.
Rüstəm
KAMAL,
Azərbaycan.-2014.- 1 mart.- S.8.