Prezidentin əhalinin
sağlamlığının qorunmasına dair
tapşırıq və
göstərişləri uğurla icra olunur
Bakı
Yasamal rayonu Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən ölkədə həyata keçirilən əhalinin dispanserızasiya aksiyasına qoşulmuşdur. Yasamal rayonunda M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (eksperimental xəstəxana), 10 poliklinika və təqribən 15 ixtisaslaşdırılmış tibb müəssisəsi fəaliyyət göstərir.
Yasamal Rayon İcra Hakimiyyətində əhalinin tibbi-profilaktiki müayinəsinin təşkil edilməsi üçün müvafiq qurumların nümayəndələrindən ibarət komissiya yaradılmış, xüsusi cədvəllər tərtib edilmişdir. Rayon sakinləri arasında təşkilati-maarifləndirmə işləri aparılmışdır.
Rayon icra hakimiyyətinin nümayəndəsi Zöhrab Cəfərov bildirmişdir ki, aksiyanı yüksək səviyyədə keçirmək üçün 3, 16 və 19 nömrəli şəhər poliklinikalarında hər cür şərait yaradılmışdır. İdarə və təşkilatların əməkdaşlarının, habelə yataq xəstələrinin müayinəsi üçün həkim briqadaları təşkil edilmişdir. Fevralın 17-dən bugünə kimi 21 mindən çox rayon sakini tibbi müayinədən keçmişdir.
16 nömrəli poliklinikanın baş həkimi Rövşən Abbasov demişdir ki, onun başçılıq etdiyi tibb müəssisəsi dövlət proqramına müvafiq olaraq 2012-ci ildə əsaslı təmir olunmuş və ən müasir tibbi avadanlıqla təchiz edilmişdir. Fevralın 17-dən bu poliklinikada 6530 rayon sakini müayinə olunmuş, o cümlədən 1145 nəfər rentgen, 1099 nəfər laboratoriya, 305 nəfər ultrasəs, 278 nəfər elektrokardioqrafiya müayinələrindən keçmişdir. R.Abbasov onu da bildirmişdir ki, poliklinikada səyyar həkim briqadaları yaradılmışdır. Briqadalar cədvələ uyğun olaraq, təşkilat və müəssisələrdə, məktəblərdə müayinə aparır, evlərə gedib yaşlı adamlara və xəstələrə xidmət edirlər. Xəstəlik aşkarlandıqda müvafiq müalicə kursları təyin olunur.
Dövlət başçısının bu nəcib təşəbbüsünü dərin minnətdarlıq hissi ilə qarşılayan rayon sakinləri poliklinika heyətinin işindən, burada yaradılan şəraitdən razı qaldıqlarını bildirmişlər.
İqtisad
üzrə fəlsəfə doktoru Mirzəli Cəfərov
müayinə olunduqdan sonra ölkə vətəndaşlarının
sağlamlığına göstərdiyi diqqət və
qayğıya görə Prezident İlham Əliyevə rayon
sakinləri adından minnətdarlığını
bildirmişdir.
Ağdam
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında fevralın 17-dən mayın
1-dək ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da uğurla davam etdirilir.
Ağdam rayon icra hakimiyyəti başçısının müavini Ağa Zeynalov AzərTAc-a bildirmişdir ki, dövlətimizin səhiyyənin inkişafına göstərdiyi qayğının nəticəsi olaraq son illər mərkəzi rayon xəstəxanası, uşaq xəstəxanası, doğum evi, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası, ağ ciyər xəstəlikləri dispanseri və ruhi-əsəb dispanseri üçün binalar tikilib istifadəyə verilmiş, poliklinika şöbəsi əsaslı təmir olunmuş, səhiyyə müəssisələri müasir avadanlıqlarla təmin edilmişdir. Sakinlər Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən humanitar aksiyanı dövlətimizin əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsi kimi dəyərləndirirlər.
Rayon sakinləri qrafik əsasında mərkəzi rayon xəstəxanasında və 5 kənd sahə xəstəxanasında müayinə olunurlar. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən rayonun kənd və qəsəbələrində də əhalinin müayinəsi həyata keçirilir. İndiyədək 10 minə yaxın sakin tibbi müayinədən keçirilmişdir.
Mərkəzi xəstəxananın baş həkimi Gülnar Abbasova bildirmişdir ki, xeyirxah aksiyanın mütəşəkkil keçirilməsi üçün xəstəxanada hər cür şərait yaradılmışdır. Müayinəyə terapevt, cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər cəlb olunmuşdur. Vətəndaşlar kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən keçirilir. Sakinlər daha çox böyrək, ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Xəstəlik aşkar edilən vətəndaşlar dispanser qeydiyyata götürülərək müalicəyə cəlb olunurlar.
Ölkə başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır. Müayinədən keçən Ağdam Dövlət Sosial İqtisad Kollecinin müəllimi Hamlet Cəfərli yaradılan şəraitdən, vətəndaşların müayinəsinin təşkilindən razılıq edərək demişdir: "Dövlətin güclü olması üçün əhalinin sağlamlığı əsas şərtlərdəndir. Prezident İlham Əliyevə ölkə sakinlərinin qayğısına belə yüksək səviyyədə qaldığı üçün minnətdarlığımı bildirirəm".
Yevlax
Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərifə Məmmədova AzərTAc-a demişdir ki, rayonda əhalinin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Müayinələr mərkəzi rayon xəstəxanasında, Xaldan kənd sahə xəstəxanasında və Aran kənd həkim məntəqəsində həyata keçirilir. Fevralın 17-dən indiyədək 9 min nəfərdən çox sakin müayinə olunmuşdur. Bu aksiya bir daha göstərir ki, dövlət başçısının həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yaxşılaşdırılması, təhlükəsizliyinin və sağlamlığının qorunması dayanır.
Mərkəzi rayon xəstəxanasının baş həkiminin müavini Niyaz Hüseynov bildirmişdir ki, bütün idarə və müəssisələrdə çalışan insanlar qrafikə əsasən müayinədən keçirlər. Bundan başqa, 5 həkim briqadası yerlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır. Xəstəlik aşkar olunan sakinlər rayon xəstəxanasında müalicə edilir. 18 xəstə isə müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
Dövlət başçısının əhalinin sağlamlığının qorunması məqsədilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq Yevlax sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır.
Şəhər sakini Xaləddin Niftəliyev həkimlərdən, yaradılan şəraitdən razılıq edərək demişdir: Dövlət başçısının bu təşəbbüsü alqışa layiqdir. Bütün müayinələrdən keçdim. Sağlıq durumum haqqında artıq tam məlumatlıyam.
Yevlax Şəhər Xəstəxanasında tibbi müayinədən keçən şəhər sakini Yeganə İsayeva: Mən də bu gün həkimlər tərəfindən hərtərəfli müayinə olundum. Mədəmdə xroniki qastrit aşkarlandı və uyğun müalicə kursu təyin edildi. Qayğımıza yüksək səviyyədə qaldığına görə Prezident İlham Əliyevə minnətdarıq.
Zərdab
Prezident İlham Əliyevin tapşırığına əsasən, əhalinin sağlamlığının qorunması məqsədlə fevralın 17-dən mayın 1-dək insanların kütləvi surətdə pulsuz tibbi müayinədən keçirilməsi Zərdab rayonunda da uğurla davam etdirilir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Ruslan Nemətov AzərTAc-a bildirmişdir ki, rayon icra hakimiyyəti ilə birgə əvvəlcədən aparılmış ciddi hazırlıq işləri hər kəsin qrafik üzrə hərtərəfli tibbi müayinə olunmasını təmin edir. Ümumiyyətlə, rayon üzrə 40 min nəfər müayinədən keçməlidir. İndiyədək onların 4 min nəfəri hərtərəfli müayinə olunmuşdur. Hazırda hər gün orta hesabla 350 - 400 nəfər müayinəyə cəlb edilir.
Tibbi müayinə mərkəzi rayon xəstəxanasının poliklinikasında, Məlikli, Körpükənd və Əlvənd kənd xəstəxanalarında, habelə 11 həkim məntəqəsində aparılır. Bu tədbirə müxtəlif ixtisaslardan olan təcrübəli həkimlər cəlb edilmişlər. Yaradılmış 3 həkim briqadası isə bu işi yerlərdə - müayinəyə gələ bilməyənlərin evlərində yerinə yetirir.
Hər
yerdə sakinlər dövlət başçısının
tapşırığı ilə onların hərtərəfli
tibbi müayinədən keçirilməsindən
razılıqla danışırlar.
Şəhər
poliklinikasında yenicə müayinədən
çıxmış 72 yaşlı Telman İsmayılov
insanların sağlamlığına göstərdiyi diqqət
və qayğıya görə Prezident İlham Əliyevə
bütün zərdablılar adından minnətdarlığını
bildirmişdir. O demişdir ki, ildə bir-iki dəfə
müayinədən keçmək
sağlamlığının qədrini bilən insan üçün çox vacibdir. Prezident İlham
Əliyevin bu tapşırığı lap yerinə düşmüşdür.
İndicə hərtərəfli müayinədən
keçmişəm. Hiss edirəm ki, həkimlərin məsləhətləri
sağlamlığım üçün
son dərəcə zəruridir. Bizim sağlamlığımızın
qayğısına qaldığı üçün
dövlət başçısına minnətdaram.
Azərbaycan.-2014.- 1 mart.- S.8.