Qazaxıstanın Manqistau vilayətinin nümayəndə

 heyəti Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur

 

Fevralın 28-də Qazaxıstan Respublikası Manqistau vilayətinin akimi Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Bakıdakı Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur.

Qonaqlara məlumat verilmişdir ki, Dövlət Bayrağı Meydanının təməlqoyma mərasimi 2007-ci il dekabrın 30-da, açılışı isə 2010-cu il sentyabrın 1-də keçirilmişdir. Hər iki mərasimdə Prezident İlham Əliyev iştirak etmişdir. Meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.

Bildirilmişdir ki, meydandakı bayraq dirəyinin hündürlüyü 162 metr, qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.

Diqqətə çatdırılmışdır ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.

Manqistau vilayətinin akimi Alik Aydarbayev və nümayəndə heyətinin üzvləri Dövlət Bayrağı Muzeyi ilə də tanış olmuşlar.

Qonaqlara məlumat verilmişdir ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa edilmiş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ali dövləti vəzifəyə seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.

Qeyd edilmişdir ki, dünyada bu cür nadir muzeylərdən olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da saxlanılır.

Qazaxıstanlı qonaqlar Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılmışlar.

 

Azərbaycan.-2014.- 1 mart.- S.10.