Qazaxıstan Azərbaycanla əməkdaşlığın
daha da genişləndirilməsində
maraqlıdır
Fevralın 28-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Manqistau vilayətinin akimi Alik Aydarbayevlə görüşmüşdür.
Nazirliyin
mətbuat xidmətindən bildirmişlər ki,
görüşdə əməkdaşlığın daha da
genişləndirilməsi perspektivləri, Azərbaycanın kənd
təsərrüfatı məhsullarının
Qazaxıstanın qərb rayonlarına ixracı və bunun
üçün müvafiq logistik mərkəzin, xüsusi
iqtisadi zonaların yaradılması sahəsində
Qazaxıstan təcrübəsinin öyrənilməsi, hər
iki ölkə şirkətlərinin birgə layihələrdə
iştirak imkanları, investisiya layihələrinə dair məlumat
mübadiləsi, iş adamları arasında işgüzar əlaqələrin
genişləndirilməsi, eləcə də iqtisadiyyatın
müxtəlif sahələrində əlaqələrin
inkişafı ilə bağlı fikir mübadiləsi
aparılmışdır.
Nazir Şahin Mustafayev Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırmış, siyasi-iqtisadi əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, əlaqələrin genişlənməsində parlamentlərarası işçi qrupları, iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da uğurla fəaliyyət göstərir. İki ölkə arasında müqavilə-hüquq bazası yaradılmış, indiyədək təkcə iqtisadi sahədə 20-dən çox sənəd imzalanmışdır. Azərbaycanda 50-dən çox Qazaxıstan kapitallı şirkət qeydiyyatdan keçmişdir. Qazaxıstanda isə sənaye, tikinti, kənd təsərrüfatı, ticarət və digər sahələrdə 300-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir.
Nazir Şahin Mustafayev qonaqlara Azərbaycan iqtisadiyyatı, qazanılmış nailiyyətlər, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı layihələr, həmçinin yaradılmış müasir istehsal və emal müəssisələri barədə də məlumat vermişdir.
Qazaxıstan Respublikası Manqistau vilayətinin akimi Alik Aydarbayev ölkəsində iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə danışmış, ölkəsinin dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd etmişdir.
Azərbaycana səfəri çərçivəsində
Qazaxıstan nümayəndə heyəti bir
sıra görüşlər keçirmiş,
müxtəlif sahələrdə fəaliyyət göstərən
müəssisələrin fəaliyyəti ilə tanış
olmuşdur.
Azərbaycan.-2014.- 1 mart.- S.10.