ARDNŞ-də Qazaxıstan Respublikası Manqistau

vilayətinin nümayəndə heyəti ilə görüş olmuşdur

 

Fevralın 28-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Qazaxıstan Respublikası Manqistau vilayətinin akimi Alik Aydarbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.

Şirkətin mətbuat xidmətindən bildirmişlər ki, qonaqları səmimi salamlayan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərin bütün sahələrdə dinamik inkişaf etdiyini, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirmişdir. Zəngin neft-qaz ehtiyatlarına malik Manqistau vilayəti ilə Azərbaycan neftçiləri arasında həmişə sıx əlaqələr olduğunu söyləyən R.Abdullayev bu əlaqələrin daha da dərinləşəcəyinə əminliyini ifadə etmişdir.

ARDNŞ-in prezidenti Azərbaycan neft sənayesinin tarixi, eləcə də son illər ölkədə həyata keçirilən qlobalregional əhəmiyyətli layihələr haqqında məlumat verərək bu layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən ətraflı söz açmışdır. ARDNŞ-in yeni layihələri ilə də qonaqları tanış edən Rövnəq Abdullayev Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəqlinə başlanıldığını diqqətə çatdırmış, loqistikatranzit üzrə əməkdaşlıq sahəsində böyük uğurlar qazanıldığını qeyd etmişdir.

Manqistau vilayətinin akimi Alik Aydarbayev səmimi qəbul üçün təşəkkürünü bildirmiş, səfərinin məqsədindən danışaraq qeyd etmişdir ki, Manqistau vilayəti ilə Azərbaycan müəssisələri arasında keçiriləcək biznes forumu əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradacaqdır. Rəhbərlik etdiyi vilayətin ölkə sənayesində mühüm yer tutduğunu vurğulayan Alik Aydarbayev Qazaxıstanın zəngin təbii ehtiyatlara malik bir ölkə olduğunu qeyd etmişbildirmişdir ki, qazanılmış nailiyyətlərdə qazma, hasilat, emal, kimya sahələrinin əvəzsiz rolu vardır.

Manqistau vilayətinin müəssisə rəhbərlərinin, özəl sənaye və maliyyə sektorunun təmsilçilərinin və digər adamlarının daxil olduğu nümayəndə heyəti ilə geniş tərkibli görüşdə "Kazmunayqaz" şirkəti ilə ARDNŞ arasında əməkdaşlığa toxunulmuş, əlaqələrin genişləndirilməsinin zəruriliyi bildirilmişdir. A.Aydarbayev Manqistau vilayətinin akimi təyin edilməzdən əvvəl "Kazmunayqaz" şirkətində məsul vəzifədə çalışdığını xatırlatmış, şirkətlər arasında münasibətlərin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır.

Daha sonra Manqistau vilayəti nümayəndə heyətinin üzvləri ARDNŞ-in kadr hazırlığı proqramı və Qobustan Regional Təlim Mərkəzi ilə maraqlanmışlar. ARDNŞ-in prezidenti şirkətin həyata keçirdiyi enerji layihələrinin dəstəklənməsi məqsədilə yaradılmış təlim mərkəzinin fəaliyyətindən danışmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

Sonra qonaqlar Qobustan Regional Təlim Mərkəzi ilə tanış olmuşlar.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 1 mart.- S.10.