Bu qan yerdə qalmaz

 

Kosalar kəndində işləyirəm. Əvvəl sovet sədri, sonra isə icra nümayəndəsi. Mən nankor ermənilərin üzünə yaxşı bələdəm. Onlar türk dünyasına olan kin- küdurətlərini heç bir zaman gizlətmir, fürsət düşən kimi alçaq niyyətlərini həyata keçirirdilər.

1988-ci il fevral ayının 2-də Xankəndidə ilk nümayişlər başlandı. "Krunk"un başkəsənləri açıq-aydın təbliğat aparır, səs-səsə verərək Moskvadan tələb edirdilər ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilsin. Vilayət partiya komitəsinin binası nümayişçilərin əhatəsində idi. Ermənilər torpaq davasına, bizim başda oturanlarımız  isə vəzifə uğrunda savaşa çıxmışdılar.

Sentyabrın 18-də ermənilər Xankəndidə yaşayan 18 min azərbaycanlının evlərini yandırıb, əşyalarını qarət etdilər. Bu az imiş kimi iki hissəyə bölünüb mitinqdən birbaşa Xocalıya və Kərkicahana hücuma keçdilər. Xocalı və Kərkicahan ermənilərin qarşısında mərdliklə dayanmışdı. İlk həmlədə düşmənlər layiqli dərslərini alıb geri qayıtdılar.

Xocalıya rayon və şəhər statusu verildikdən sonra onun inkişafı böyük vüsət almışdı.  Xocalı böyüyür, gözəlləşirdi. Bu tərəqqi ilə ermənilər heç  vəchlə barışmaq istəmirdilər. Ona görə də Xocalını məhv etmək üçün Moskvanın diktəsi ilə irimiqyaslı planlar hazırlayırdılar. Artıq çox şey hamıya bəlli idi. Ermənilər silahlanır, bizimkilər isə guya yerlərdə mövqeləri möhkəmləndirmək məqsədilə strateji əhəmiyyətli nə vardısa  hamısını Yuxarı Qarabağa daşıyırdılar.

Xocalı mühüm bir mərkəzə çevrilmişdi. Ermənistandan və Xankəndidən çıxarılan azərbaycanlıların əksəriyyəti burada məskunlaşırdı. Xocalı qeyrətli oğulları tərəfindən mərdi-mərdanə qorunur, respublikadan Xankəndiyə göndərilən ərzaq və yanacaq məhsullarını buraxmırdılar. Bakıdan buna etiraz edir, xocalıları qınayırdılar. Biz isə öz işimizdə idik. Yuxarı Qarabağ bax beləcə dövlət səviyyəsində yox, primitiv şəkildə, yerli əhali, qeyrətli oğullar tərəfindən qorunurdu. Dövlət qurumları sanki bilə-bilə hər şeyə göz yumurdu, acı-ağrısı isə o zaman yerlərdə fəaliyyət göstərən vəzifə sahiblərinin üzərinə düşürdü. Cidd-cəhdimizə baxmayaraq, müharibə alovu hər yanı bürüyürdü. 1991-ci ilin dekabrında Cəmilli və Meşəli kəndləri əldən getdi. Respublika rəhbərləri yenə də ayılmadılar. Ayın sonunda Kərkicahan qəsəbəsi işğal olundu, bizimkilər yenə də susurdular. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qoşunları tərəfindən Xocalı darmadağın edildi.

Kosalar sovetliyinin 6 kəndi Yuxarı Qarabağın yüksəkliklərində yerləşirdi. Xocalının necə yandırıldığını ürək ağrısı ilə seyr edirdik. Bizim döyüşçülər çalışırdılar ki, Çayqovuşan istiqamətindən Ballıca kəndinə, oradan  Xocalıya köməyə getsinlər. Əfsuslar olsun ki, təpədən dırnağadək silahlanmış sovet əsgərləri bütün ərazini öz nəzarətlərində saxlayırdılar. Həmin gecə qrad qurğusundan bir neçə dəfə atəş açsaq da, Xocalıya kömək etmək istəyimiz ürəyimizdə qaldı.

Kimsəsiz, köməksiz qalan əhali çox ağrılı-acılı günlər yaşayır, bir-birindən ağır itkilər verirdi. Neçə-neçə igid oğlanları itirdik, qız, gəlinlərimiz girov düşdü. Biz döyüşdük, vuruşduq, dədə-baba yurdumuzu qorumağa çalışdıq. Əfsuslar olsun ki, nəticə əldə edə bilmədik.

Kosalar xeyli müqavimət göstərdi, hər hücum düşmənə ağır itki ilə başa gəlirdi. Oğlum Xəzani Şuşa polisində işləyir, igid oğullarımız ilə birlikdə mübarizə aparırdı.

1992-ci il mayın 8-də erməni hərbi birləşmələri dörd istiqamətdən Kosalara hücuma keçdi. Canhəsən kəndində 6 postumuzu düşmən qüvvələri mühasirəyə almışdı. Səhər saat 6-da əli silah tutanların hamısı qəfil hücuma keçərək mühasirə halqasını yardı və düşməni geri oturtdu. Səkkiz saat davam edən amansız döyüşdə 6 nəfər həlak oldu, 23 nəfər yaralandı. 237 erməni meyitini topladıq ki, girov düşən xocalılarla dəyişək.

Bilavasitə ürəyin hökmü ilə meydana atılan igid oğullarımızın rəşadətini unutmaq olmur. Tabil Həsənov hər hücuma keçəndə düşmən özünü itirirdi. Rasim Ağayev ağır yaralanmasına baxmayaraq "Qarabağ şikəstəsi"ni oxuya-oxuya ön mövqeyə atıldı. Silahlı ordunun qarşısında tək-tük fədakar oğul nə edə bilərdi? Tabillər, Rasimlər qəhrəmancasına həlak oldular.

1992-ci il mayın 9-da döyüşə-döyüşə dağlara çəkildik. Azı 70 kilometrlik cəbhə xəttini göz bəbəyi kimi qoruyurduq. Gecə-gündüz çəkilən bütün əzab-əziyyət  yiyəsizlik ucbatından uğursuz sonluqla başa çatırdı. Mayın 8-də Şuşa ilə əlaqələrimiz, demək olar, tamamilə kəsildi. Böyük ümidlə biz ordan kömək gözləyirdik, gəlmədi. Sonradan məlum oldu ki, Şuşa da işğal edilib. Bizim kənddə qalmağımız daha mümkün deyildi. Əlsiz-ayaqsız qocaları, körpələri çıxarmağa başladıq. Yuxarı Qarabağı axırıncı tərk edən Kosalar  kəndi  oldu.

Xocalı XX əsrin ən böyük faciəsi, ən amansız soyqırımıdır. Çox təəssüf ki, o dövrdə ölkə rəhbərliyi nəyin bahasına olursa-olsun hakimiyyətə can atanlar xalqa vaxtında və düzgün məlumat vermədilər. Yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Xocalı faciəsi özünün əsl siyasi, hüquqi qiymətini aldı.

Xalqımızın ümummilli lideri Heydər Əliyevlə olan bir görüşü böyük məhəbbətlə xatırlayıram. Bu, 1999-cu ilin fevralın 26-da olmuşdur. Prezident iqamətgahında Xocalının müdafiəsində şəhid olmuş milli qəhrəmanların, hünərvər döyüşçülərin valideynlərinə, ailə üzvlərinə "Qızıl ulduz" medalları və "Azərbaycan bayrağı" ordenləri təqdim edilirdi. Mənim oğlum - Şuşa polis şöbəsinin əməkdaşı Xəzani Əsgərov da ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdu.

O vaxtdan illər keçir. Şəhid oğlumun dörd övladı böyüyüb, ali təhsil alıb, ev-eşik sahibi olub. Hazırda Hacıkənd qəsəbəsində yaşayırıq.

Ölkəmizin iqtisadi qüdrəti yüksəlib beynəlxalq miqyasda nüfuzu çoxaldıqca,  haqq-ədalətin qalib gələcəyinə inamımız qat-qat artır. Əminik ki, bu qan yerdə qalmaz. Şəhidlərin qisası alınacaq, Qarabağ torpağı, o cümlədən Xocalı, Kosalar azad olunacaq. Şəhid balamın adını daşıyan nəvəm Xəzani ilə birlikdə doğma yurd-yuvamıza gedəcəyik.

 

 

 

Kərəm ƏSGƏROV,

şəhid atası, ikinci qrup Qarabağ əlili

Azərbaycan.-2014.- 1 mart.- S.11.