Misirin «Əl-Cumhuriyyə» qəzetində
Azərbaycan
səfirliyinin
Xocalı faciəsi ilə bağlı bəyanatı dərc
olunmuşdur
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsinin Xocalı soyqırımı ilə bağlı təşkilatın baş katibinə göndərdiyi məktub ölkəmizin Misirdəki səfirliyi tərəfindən bəyanat şəklində hazırlanaraq "Əl-Cumhuriyyə" qəzetində nəşr etdirilmişdir. Bu barədə səfirlikdən məlumat verilmişdir.
Bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayətin istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə amansız hadisə sayıldığı, alayın çoxsaylı ağır texnikasının şəhərə yeridildiyi, yaşayış evlərinin və şəhərin sosial infrastrukturunun tamamilə dağıdıldığı, şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanların erməni silahlı qüvvələri tərəfindən qəddarcasına qətlə yetirildiyi bildirilmişdir.
Bəyanatda dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların və media nümayəndələrinin, habelə faciənin şahidlərinin Xocalı qətliamına verdiyi qiymət öz əksini tapmış, həmin soyqırımının ermənilər tərəfindən həyata keçirildiyi və bugünədək günahkarların cəzalandırılmadıqları qeyd edilmişdir.
1987-ci ildə qonşu Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialar irəli sürməsi sonradan Azərbaycan ərazilərinin işğalı, minlərlə dinc sakinin qətlə yetirilməsi və bir milyondan artıq azərbaycanlının Ermənistandakı və işğal edilmiş ərazilərdəki evlərindən qovulması ilə nəticələndiyi barədə məlumat verilmiş, münaqişə dövründə cinayətlər törədənlərin, aralarında hazırda Ermənistanda yüksək siyasi və hərbi vəzifələr tutan şəxslər olmaqla cəzasız qalmaları iki dövlət arasında sülh və barışığın əldə edilməsi istiqamətində ciddi maneə olduğu vurğulanmışdır.
BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə, digər beynəlxalq təşkilatların çoxsaylı qərarlar qəbul etdiyi, lakin Ermənistanın hələ də həmin sənədləri icra etmədiyi diqqətə çatdırılmışdır. Xocalı soyqırımı haqqında həqiqətlərin artıq dünyaya yayıldığı və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırımına hüquqi və siyasi qiymət verildiyi bildirilmişdir. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının 2013-cü ilin fevralında Qahirədə keçirilmiş zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçılarının Qahirə Yekun kommunikesində Xocalı soyqırımının insanlıq əleyhinə cinayət adlandırıldığı bildirilmiş, milli və beynəlxalq səviyyədə onun soyqırımı kimi tanınması üçün israrlı çağırış edilməsi vurğulanmışdır.
Bəyanatda Ermənistanın ATƏT-in sülh səylərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq Azərbaycan ərazisinin işğalını davam etdirdiyi, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün evlərinə qayıtması hüququnu inkar, beynəlxalq hüququn norma və prinsiplərini səhv şərh edərək regional, beynəlxalq sülh və təhlükəsizliyin kim tərəfindən təhlükə altında qoyulduğunu aydın şəkildə nümayiş etdirdiyi göstərilmişdir.
Bununla yanaşı, Ermənistanda terrorçuların və müharibə cinayətkarlarının təqdir edilməsi, o cümlədən onların milli qəhrəman statusuna qaldırılmaları və onlara dövlət təltiflərinin verilməsi, Ermənistan rəhbərliyinin qanunun aliliyindən və sivil münasibətlərin universal dəyərlərindən nə qədər uzaq olduğunu nümayiş etdirməsi vurğulanmışdır.
Məqalədə həmçinin Ermənistanın özünün təcavüzkarlıq, düşmənçilik və nifrət siyasətini, həmçinin yalanlarını və saxtakarlıqlarını göstərən faktlara qarşı çıxması, həmçinin beynəlxalq hüquq üzrə öhdəliklərinə, mövcud silahlara nəzarət rejimi altında müvafiq öhdəliklərə açıq şəkildə məhəl qoymayaraq, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi iştirakını davam etdirdiyi vurğulanmışdır. Bu xüsusda mövcud problemlərin həllinin ən yaxşı yolu kimi Azərbaycan ərazisinin işğalına son qoyulmasının, məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun dərhal təmin edilməsinin və müharibə dövründə azərbaycanlı dinc sakinlərə qarşı törədilmiş cinayətlərə görə cavabdeh olan bütün şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyi öz əksini tapmışdır.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Əmman
Azərbaycan.-2014.- 1 mart.- S.11.