Vaşinqtonda Xocalı faciəsinin 22-ci

 ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir

 

Fevralın 27-də ABŞ Konqresinin binasında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Azərbaycanın Dostları Assambleyasının təşkilatçılığı ilə keçirilmiş və geniş marağa səbəb olmuş mərasimdə çoxsaylı konqresmenlər, o cümlədən müxtəlif dövlət strukturlarının nümayəndələri, Azərbaycan və türk diaspor təşkilatlarının üzvləri, Vaşinqtonda fəaliyyət göstərən analitik mərkəzlərin mütəxəssisləri iştirak etmişlər.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermiş, Xocalıda törədilmiş dəhşətli qətliamın heç bir humanizm prinsipinə sığmadığını, insanlıq əleyhinə ən ağır cinayət olduğunu diqqətə çatdırmışdır. O, qətliamın günahsız qurbanlarının xatirəsinin Azərbaycan xalqı tərəfindən daim uca tutulduğunubu kimi faciələrin yaşanmaması üçün tezliklə münaqişənin nizamlanmasının labüd olduğunu vurğulamışdır.

ABŞ Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Pensilvaniya ştatını təmsil edən konqresmen Bil Şuster Azərbaycan xalqının kədərini bölüşdüyünü və insanlıq əleyhinə cinayətlərin bütün hallarda demokratikhumanist dəyərlərə zidd olduğunu qeyd etmişdir. O bildirmişdir ki, Azərbaycan xalqının kədərini dərindən hiss edən Amerika xalqı da 2001-ci il sentyabrın 11-də faciə ilə üzləşmişdir.

Florida ştatını təmsil edən xanım İlena Ros-Lehtinen 22 il əvvəl Xocalıda baş vermiş dəhşətli qırğının qurbanlarını dərin hüzn hissi ilə andığını və faciədə yaxınlarını itirmiş ailələrin yanında olduğunu bildirmişdir. Ros-Lehtinen bu faciəni törədənləri kəskin qınadığını əlavə etmişdir.

Azərbaycanın ABŞ ilə müxtəlif sahələrdə əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan Ros-Lehtinen artıq özünü etibarlı müttəfiq kimi təsdiq etmiş Azərbaycanın dəstəklənməsinin zəruriliyindən danışmışdır. İ.Ros-Lehtinen Azərbaycanın İsraillə əməkdaşlığını xüsusi qeyd etmiş, kifayət qədər həssas şəraitdə bu ölkənin münasibətlərin dərinləşməsi istiqamətində atdığı addımların dəyərləndirilməsinin önəmli olduğunu diqqətə çatdırmışdır.

ABŞ-ın Texas ştatını təmsil edən konqresmen Ted Po Xocalı faciəsi ilə bağlı həqiqətlərin zamandan asılı olmayaraq yayılmasının və xatırlanmasının bu cür qətliamların gələcəkdə qarşısının alınmasında birgə səylərin gücləndirilməsini şərtləndirdiyini bildirmişdir. Azərbaycan rəhbərliyinin xalqın mənafeyinə uyğun qərarlar qəbul etdiyini bildirən T.Po bu yanaşmanın digər dövlətlər üçün də nümunə olduğunu söyləmişdir.

Nyu Meksiko ştatının təmsilçisi xanım Mişel Qrişman 1992-ci il fevralın 26-da 600-dən çox günahsız insanın ağlasığmaz amansızlıqla qətlə yetirilməsinin çox kədərli olduğunu bildirmiş və faciə qurbanlarının xatirəsini xüsusi ehtiramla andığını vurğulamışdır.

Nyu York ştatından xanım İvet Klark Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılmasının zəruriliyini bildirmiş, qətlə yetirilmiş insanların yaşamaq haqqının əlindən alınmasının ən böyük ədalətsizlik olduğunu vurğulamışdır. Azərbaycanda səfərdə olduğunu və ölkənin inkişaf edən demokratik cəmiyyətində demokratik dəyərlərin kök saldığını deyən İ.Klark bildirmişdir ki, bu istiqamətdə səylər alqışlanmalı və dəstəklənməlidir.

Texas ştatını təmsil edən daha bir konqresmen Henri Kuellar Azərbaycan hökumətinə müxtəlif sahələrdə əməkdaşlığa və ortaq baxışa görə təşəkkürünü bildirmiş və ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə etmişdir.

Texas ştatından Cin Qrin ABŞ-Azərbaycan əlaqələrinin inkişafının yeni perspektivlər vəd etdiyini bildirmişdir.

Oklahoma ştatından konqresmen Cim Bradenstayn təmsil etdiyi ştat ilə Azərbaycan arasında hərbi tərəfdaşlıq proqramı çərçivəsində nümunəvi əlaqələrin digər sahələrə də nüfuz etdiyini bildirmişdir. O, Azərbaycanın strateji önəmindən bəhs etmiş, bu xüsusda ölkənin ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təminində oynadığı həlledici roldan danışmışdır.

Tədbirdə Texasdan Pete Olson, Şeyla Cekson Li, Al Qrin, Ralf Hol, Pete Qaleqo, Ohayo ştatından Mayk Törner, Pensilvaniyadan Mayk Doyl, Çarli Dent, Virciniyadan Cim Moran, Nyu Cersi ştatından Donald Payn də daxil olmaqla ümumilikdə 30-dək konqresmen iştirak etmişdir.

Tədbirin rəsmi hissəsindən sonra iştirakçılar Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş fotosərgi ilə tanış olmuş, "Xocalıya ədalət!" kampaniyası barədə məlumatlandırılmış və bu kampaniyaya qoşulmağa çağırılmışlar.

Sonda tanınmış kamança ifaçısı, məşhur San Fransisko Dünya Musiqi Festivalının prodüseri və Qlobal Musiqi bölməsinin direktoru İmamyar Həsənovun ifasında dahi bəstəkarımız Fikrət Əmirovun müəllifi olduğu "Kor ərəbin mahnısı" əsəri səsləndirilmişdir.

 

 

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Azərbaycan.-2014.- 1 mart.- S.11.