Azərbaycan qüdrətli sənaye
ölkəsinə çevrilir
Biz çalışmalıyıq ki, Azərbaycanda yaranmaqda olan, yaxud da ki, yaradılacaq bütün zavodların məhsulları rəqabətqabiliyyətli olsun, dünyanın istənilən ölkəsinə ixrac edilə bilsin və beləliklə, biz xarici bazarlara keyfiyyətli hazır məhsullarla daha da böyük həcmdə çıxa bilək.
İlham ƏLİYEV
Azərbaycanda qeyri-neft sektorunun inkişafını prioritet
istiqamətlərdən biri elan etmiş Prezident İlham Əliyev
davamlı tərəqqinin təmini baxımından respublikada güclü sənaye
potensialının yaradılmasını vacib
sayır. Dövlət başçısı haqlı olaraq vurğulayır ki, hər
bir ölkənin sabit
iqtisadi inkişafında sənaye
potensialının rolu böyükdür.
Azərbaycan hazırda inkişafının elə mərhələsindədir
ki, qazanılan makroiqtisadi
nailiyyətlər, ilk növbədə, bu sahəyə diqqətin artırılmasını
aktual məsələ kimi
gündəmə gətirir.
Sənayeləşmə siyasəti çərçivəsində yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla təkcə 2012-2013-cü illərdə 150-dən çox sənaye müəssisəsi istifadəyə verilmişdir. Sənaye sektorunun inkişaf etdirilməsində məqsəd respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı, ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi sənaye sahəsinin davamlı inkişafına nail olmaqdan ibarətdir.
Son 10 ildə sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmış, 2003-2013-cü illərdə regionların inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan vermişdir. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin inkişafına imkan yaratmışdır.
Yeni təsərrüfatçılıq formalarından sənayeləşmənin innovativ və mütərəqqi modeli olan sənaye texnoparklarının yaradılması isə indistrual cəmiyyətin formalaşmasına güclü zəmin yaradır. Dünyada sənayeləşmənin qlobal xarakter alması zəminində Azərbaycanda sahibkarlığın ən iri təşkilati-hüquqi forması olan sənaye texnoparkları layihələrinə üstünlük verilmişdir. Sənaye texnoparkları müasir iqtisadiyyatın əsas kapital tutumlu bölməsi sayılır və Cənubi Koreya, Çin, Malayziya, Yaponiya və Sinqapurda sənayenin əsas baza sütunu kimi mühüm yer tutmuşdur. Bu parklarda sənayenin bütün sahələrini əhatə edən onlarla zavod fəaliyyət göstərir.
Respublikamız hələ 2012-ci ildə Sumqayıt Texnoparkının əsasını qoymaqla yeni strateji proqramın icrasına başlamışdır. Sumqayıt Texnoparkı 45 hektar ərazidə yerləşir və müasir sənaye potensialının əsas sütunlarından biridir. Postsovet məkanında yeni olan bu layihə sənaye məhsullarının istehsal və ixracı baxımından perspektivli layihələrdən sayılır. Sumqayıt Texnologiyalar Parkında respublika üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik elektroenergetika və maşınqayırma sənayesi məhsulları istehsalının həcmi genişlənir. Burada respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Texnologiyalar Parkı yüzlərlə iş yerinin açılmasına şərait yaratmaqla yanaşı, ölkə və Sumqayıt şəhərinin iqtisadiyyatının inkişafında mühüm rol oynayır və əhalinin sosial həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına kömək edir.
2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə daha bir texnoparkın - Balaxanı Sənaye Parkının təməlinin qoyulması Azərbaycanda sənayeləşmənin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu şərtləndirmişdir. Sənaye Parkında plastik, məmulat, şin, elektrik və elektron cihaz tullantıları, akkumulyator, əlvan metal, kabel və s. məişət tullantılarının təkrar emalı nəzərdə tutulmuşdur. Balaxanı Sənaye Parkı təkrar emal sahəsində sahibkarlara və sərmayədarlara əlverişli imkanlar yaratmaqla yanaşı, ölkəmizdə təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rol oynayacaq.
Azərbaycan sənayeləşmənin əsas mərkəzi rayonları kimi Bakı və Sumqayıtda güclü texnopark kompleksləri şəbəkəsinı genişləndirməyi əsas hədəf seçmişdir. Hazırda onlarca adda və çox qiymətli, yüksək keyfiyyətli sənaye məhsullarını dünyanın 30-dan artıq ölkəsinə ixrac etməklə beynəlxalq bazarda özünə layiqli yer tutmuş Azərbaycanın neft-kimya kompleksinin ən müasir texnologiyalar və yüksək məhsuldarlıqlı avadanlıqlar əsasında yenidən qurulması, tələbatın daha yüksək olduğu yeni sənaye və kimya məhsullarının istehsalına başlanılması istiqamətində aparılan genişmiqyaslı işlər yaxın gələcəkdə ölkəmizin sənaye məhsullarının istehsal həcmi və keyfiyyəti baxımından dünyanın aparıcı dövlətlərindən birinə çevriləcəyini proqnozlaşdırmağa imkan verir.
Azərbaycanın böyük sənaye potensialına malik iri müəssisələri Sumqayıt şəhərində yerləşdiyindən Prezident İlham Əliyev son illər şəhərin bu sahədəki keçmiş şöhrətinin özünə qaytarılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır. Ölkə başçısının fevralın 25-də Sumqayıt şəhərinə səfəri zamanı Mis Emalı Zavodunun, "Azərsun Sənaye Parkı"nın nəzdində yaradılan Azərbaycan kağız və karton istehsalat kombinatının, eləcə də yağ fabrikinin açılışları bu istiqamətdə görülən işlərə əyani misal oldu.
Bu tipli müəssisələrin açılması rəqabətədavamlı məhsul istehsalına imkan yaratmaqla ölkəmizdə gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verəcək. Digər tərəfdən isə bu cür müəssisələr ölkənin iqtisadi inkişaf strategiyasının mühüm komponentlərinin daha keyfiyyətlə və uğurla icrasına təminat verir. Ölkəmizdə 2014-cü ilin "Sənaye ili" elan edildiyini nəzərə alsaq, belə müəssisələrin məhz bu il istifadəyə verilməsi qarşıya qoyulan vəzifələrin uğurla həyata keçiriləcəyinə tam əminlik yaradır.
Prezident İlham Əliyev "Azərsun Sənaye Parkı"nda yaradılmış Sumqayıt yağ fabrikinin açılışında bildirib: "Bu gün Sumqayıtda əlamətdar bir gündür. Sumqayıt şəhərində üç zavodun açılışı baş verir. Onlardan ikisi bu ərazidədir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu zavodların fəaliyyətə başlaması Azərbaycanda sənayenin inkişafının təzahürüdür. Sənayenin inkişafı bizim üçün prioritetdir və təsadüfi deyil ki, bu il Azərbaycanda "Sənaye ili" elan edilmişdir.
Biz bundan sonra daha da çox çalışmalıyıq ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı yüksək sürətlə getsin. Əslində, bu islahatlar artıq uzun illərdir ki, aparılır. İslahatlar nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafı, neft amilindən asılılığımızın azaldılması idi. Biz demək olar ki, buna nail ola bilmişik. Hazırda bizim ümumi iqtisadi potensialımızın 55 faizi qeyri-neft sektorunda formalaşır. Əlbəttə, biz gələcəkdə çalışmalıyıq ki, qeyri-neft sənayesinin inkişafı daha da sürətlə getsin. Belə böyük zavodların fəaliyyətə başlaması əlbəttə ki, bu istiqamətdə aparılan siyasətin nəticəsidir".
Elnur HACALIYEV,
Azərbaycan.-2014.- 4 mart.- S.1.