Bakının «Sovetski»
məhəlləsinin sakinlərinin
yaratdığı təşkilat
komitəsinin üzvləri ilə görüş
keçirilmişdir
Martın 3-də Yasamal Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifovun sədrliyi ilə Bakının "Sovetski" adlandırılan məhəlləsinin sakinlərinin yaratdığı təşkilat komitəsinin üzvləri ilə görüş keçirilmişdir.
Abid Şərifov bildirmişdir ki, fevralın 17-də keçirilmiş görüş zamanı "Sovetski" adlandırılan məhəllənin sakinlərinin yaratdığı təşkilat komitəsinin üzvləri tərəfindən doqquz sualdan ibarət müraciət ünvanlanmışdır. Bu suallar araşdırılmış və hər biri ayrı-ayrılıqda cavablandırılmışdır.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov təşkilat komitəsinin suallarına hökumət tərəfindən verilən cavabları oxumuşdur. Bildirilmişdir ki, bu ərazidə torpaqlar dövlət ehtiyacları ilə bağlı qanunvericiliyə uyğun alınmır. Yalnız dövlət əhəmiyyətli yolların çəkilməsi məqsədilə dövlət ehtiyacı üçün torpaq alınır. Yasamal rayonunda yol infrastrukturunun genişləndirilməsi üçün aparılacaq tikinti Mülki Məcəllənin 565-ci maddəsinə uyğun olaraq alğı-satqı ilə həyata keçiriləcəkdir. Buna görə də satınalma mənzil sahibi ilə qarşılıqlı razılaşma əsasında həyata keçiriləcəkdir. Razılaşma olduqda məbləğ sakinlərin hesabına köçürüləcəkdir.
Qeyd olunmuşdur ki, ərazidə yerləşən binaların əksəriyyəti mövcud tikinti və yaşayış normalarına uyğun gəlmir. Kommunikasiya sistemləri yaxşı vəziyyətdə deyildir. Son dövrlərdə daşınmaz əmlakın hər bir kvadratmetrinin qiymətinin 1500 manatdan az olması müəyyən edilmişdir. Buna baxmayaraq, sakinlərə 1500 manat təklif olunur və bu da bazar qiymətinə uyğundur.
Sonra sakinlərin yaratdığı təşkilat komitəsinin üzvlərinin sualları cavablandırılmışdır.
Abid Şərifov bir daha demişdir ki, mövcud qanunlara görə insanlar öz evlərindən yalnız razılıqla köçürülə bilər. Sakinlərin razılığı olmadan onlar evlərindən köçürülməyəcəkdir.
Baş nazirin müavini inventarlaşma işlərinin aparılacağını da söyləmişdir. O bildirmişdir ki, hər evin bir kvadratmetri üçün 1500 manat təklifi qüvvədə qalır. Kim təkliflə razıdırsa, həmin vəsaiti alaraq köçə bilər. Əlavə olaraq hər ailə başına 1000 manat kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat nəqliyyat haqqı veriləcəyi bildirilmişdir. Abid Şərifov əlavə etmişdir ki, bu qiymət kimləri qane etmirsə, onlar öz evlərində yaşayacaqlar. Heç kim evindən zorla köçürülməyəcəkdir.
Sonda görüşlərin davam etdiriləcəyi ilə bağlı razılıq əldə olunmuşdur.
Yasamal Rayon İcra Hakimiyyətində köçürülmə prosesi ilə bağlı yaradılmış işçi komissiya həftənin altı günü fəaliyyət göstərir.
AzərTAc
Azərbaycan.-2014.- 4 mart.- S.2.