Azərbaycanın və Belarusun
strateji
araşdırmalar mərkəzləri
arasında əlaqələr genişlənir
Martın 3-də "Azərbaycan Respublikası və Belarus Respublikası arasında münasibətlər" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə hər iki ölkənin rəsmi
şəxsləri, Milli Məclisin deputatları, ekspertlər
və politoloqlar, habelə kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
SAM-ın direktoru Fərhad Məmmədov bildirmişdir ki, qurum dünyanın 25 "beyin mərkəzi" ilə əməkdaşlıq edir. Bildirilmişdir ki, Belarusun ekspert birliyi ilə tərəfdaşlığı inkişaf etdirməyin böyük əhəmiyyəti vardır. F.Məmmədov demişdir: "Dövlətlərimizin başçıları ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasına böyük töhfə verirlər".
Belarus Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya Təhlil Mərkəzinin (İTM) direktoru Aleksandr Bazanov Azərbaycan tərəfi ilə əməkdaşlıq etmək arzusunda olduqlarını bildirərək demişdir: "Biz artıq SAM ilə məsləhətləşmələr aparmışıq və təcrübəmizi azərbaycanlı həmkarlarla bölüşməyə hazırıq".
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç demişdir ki, Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq münasibətləri vardır. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Belarusla münasibətlərin inkişafına töhfəsini vurğulayaraq demişdir: "Son illər dövlət başçılarının 6 səfəri olmuş, 90-dan çox müqavilə imzalanmışdır. Ölkələrimiz arasında əmtəə dövriyyəsi 10 dəfə genişlənərək, 29 milyon dollardan 290 milyon dollara çatmışdır. Təkcə 2013-cü ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi 30 faiz artmışdır. Təqribən 700 nəfərin çalışdığı Gəncə Traktor Zavodu layihəsi çərçivəsində kooperasiya əməkdaşlığımızın əsasını təşkil edir".
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Ziyad Səmədzadə diqqəti belə bir fakt üzərində cəmləşdirmişdir ki, Çin və Belarus dünya ekspertlərinin diqqətini cəlb edən tamamilə yeni iqtisadi modellər seçmişlər. O demişdir: "Mən Belarusun bir çox müəssisələrində olmuşam. Bu müəssisələrdəki kadrların təxminən 15 faizini mühəndislər təşkil edir. Bu isə güclü özəkdir".
Tədbirin sonunda SAM və
İTM arasında qarşılıqlı anlaşma
barədə memorandum
imzalanmışdır.
Azərbaycan.-2014.- 4 mart.- S.2.