Diasporla İş üzrə Dövlət Komitəsi ilə Amerikadakı Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycanda səfərdə olan Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti ilə martın 3-də Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, Dövlət Komitəsinin sədri Nazim İbrahimov Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasında bir neçə il əvvəl başlayan əməkdaşlığın ilbəil inkişaf etdiyini vurğulamışdır. Komitə sədri münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Amerika Yəhudi Komitəsinin İcraçı direktoru və nümayəndə heyətinin rəhbəri Devid Harris bildirmişdir ki, bu, 2008-ci ildən bəri Bakıya artıq dördüncü səfəridir. Azərbaycan ilə əlaqələrin inkişafına önəm verdiklərini deyən D.Harris burada müxtəlif millətlərin nümayəndələrinin dinc şəraitdə birgə yaşamasının, eləcə də uzun illərdən bəri Azərbaycanda yəhudi icmasına münasibətin yüksək səviyyədə olmasının rəğbət doğurduğunu vurğulamışdır.

D.Harris amerikalı olaraq bir çox sahələrdə ABŞ-ın siyasətini dəstəkləyən rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlərin, eyni zamanda, İsrailin dostu kimi Azərbaycan ilə İsrailin ikitərəfli əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edərək demişdir: "Düşünürük ki, bu, yalnız iki ölkə arasında əlaqələrə deyil, eyni zamanda, regional təhlükəsizliyə öz töhfəsini verir".

Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini vurğulamışdır. Artıq diasporlar arasındakı əlaqələrin dövlətlərarası münasibətlərin inkişafına da stimul verdiyini qeyd edən N.İbrahimov bu sahədə Amerika Yəhudi Komitəsinin əməyini xüsusi vurğulamışdır. N.İbrahimov son zamanlar Fransadakı yəhudi icması ilə əməkdaşlıqdan da danışmışdır. O demişdir ki, bu əməkdaşlığın nəticəsi olaraq Fransa yəhudiləri tərəfindən Azərbaycanda yaşayan yəhudilərin həyatından film çəkilmiş və yaxın günlərdə təqdimatı olacaqdır.

Daha sonra görüşdə Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.- 4 mart.- S.2.