İtaliyanın «İl Tempo» qəzeti: Bakı - qədimliklə

 müasirliyin vəhdət təşkil etdiyi şəhər

 

İtaliyanın "İl Tempo" qəzetində Azərbaycanın paytaxtı Bakının dinamik inkişafı ilə bağlı məqalə dərc edilmişdir. Yazıda qeyd olunur ki, Azərbaycan Şərqin sehrli ab-havası ilə Qərb müasirliyinin bir araya gəldiyi möhtəşəm diyardır. Müstəqilliyinin bərpasından sonra bu ölkədə neft sektorundan əldə edilən gəlirlər hesabına sürətli iqtisadi inkişaf müşahidə olunmaqdadır. Getdikcə çiçəklənən Azərbaycan Avropada, eləcə də qlobal məkanda özünəməxsus nüfuz qazanmaqdadır.

Müəllif Azərbaycanda bir çox sahələrin, o cümlədən turizmin inkişafının diqqət mərkəzində olduğunu qeyd edir. Bildirilir ki, bu sektorun inkişafını ölkənin bütün regionlarında hiss etmək mümkündür. Son illər turistlərin istirahəti və vaxtlarını səmərəli keçirmələri üçün bir çox tədbirlər həyata keçirilməkdədir. Bu baxımdan yeni tikilən müasir mehmanxanalar göz oxşayır. Azərbaycanın birinci ticarət tərəfdaşı olan İtaliya ilə turizm sahəsində əlaqələr böyük önəm kəsb edir.

Qobustan qayaları üzərində latınca yazılmış və Bakı yaxınlığında Roma qoşunlarının olmasından bəhs edən sözlərin aşkarlanması, həmçinin məşhur italyan səyyahı Marko Polonun Bakının neftlə zənginliyi ilə bağlı fikirləri yazıda xüsusi vurğulanır.

Məqalədə diqqətə çatdırılır ki, Bakıda qədimlik və müasirlik vəhdət təşkil edir. UNESCO-nun "Dünya irs siyahısı"na daxil olan İçərişəhər, Qız qalası, "Alov qüllələri" kompleksi, Heydər Əliyev Mərkəzi və digər müasir tikililər Bakının rəmzlərinə çevrilmişdir.

Yazıda, həmçinin "Bakı-2015" birinci Avropa Oyunları barədə də məlumat verilir. Diqqətə çatdırılır ki, ötən ilin noyabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilən 42-ci Baş Assambleyasında  "Bakı-2015" Avropa Oyunlarının rəsmi loqosunun təqdimatı olmuşdur. Loqo Azərbaycanın əsas rəmzlərini özündə əks etdirir.

Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:

http://www.iltempo.it/rubriche/girovagando/2014/03/01/la-terra-del-fuoco-piena-di-fascino-1.1224817?localLinksEnabled=false

 

 

Maqsud DADAŞOV,

AzərTAc-ın xüsusi müxbiri

Roma

Azərbaycan.-2014.- 4 mart.- S.4.