Od çərşənbəsi günəşin
və işıqlı həyatın rəmzidir
Qodu xan, Qodu xan
Söndürmə odu xan.
At üstə
ad qətir,
Ulusa od gətir.
Sözü
bal Qodu xan,
Özü
al Qodu xan...
Boz aya
daxil olan İlaxır çərşənbələrin
ikincisi Od çərşənbəsi, yaxud "Üskü
çərşənbə", "Üskü gecəsi",
"Addı çərşənbə"dir.
Türkdilli
xalqların mifik təsəvvürlərində Od, Atəş və Günəşin müqəddəsliyini,
insan həyatında müstəsna əhəmiyyətini səciyyələndirən
ayin, etiqad və mərasimlər sistemi yaranmışdır. Təsadüfi deyil ki, Oda, Günəşə inamla
bağlı Ulgen tanrısına müraciətlər olmuş
və ona sitayiş edilmişdir.
Odu
müqəddəs sayan əcdadlarımız sübh tezdən
Günəşi qarşılamağa gedər, hündür təpənin üstündə
tonqallar qalayar, tonqaldan məşəl götürüb evlərindəki
ocağa od salar, möhtəşəm şadlıq məclisləri
təşkil edib "Qodu xan" mərasimini icra edərdilər...
...Qodu
xan, daldadır,
Al atı yaldadır.
Don tikək
Qoduya
Arx
çəkək Qoduya
Sözü
bal Qodu xan.
Qoduya at
apar,
Dalınca
çat apar.
Yalında
yat apar,
Qan-tərə
bat apar
Sözü
bal Qodu xan,
Özü al Qodu xan.
Mənbələrdə göstərilir ki, Qodu-Qodu
"Hodu-hodu", "Dodu-Dodu",
"Güdü-Güdü" erkən dövr
dünyagörüşündə Günəş
tanrısının adını ifadə edir. "Qodu-Qodu"
mərasimi əsasən yağışın kəsilməsi
və Günəşi çağırmaqla bağlı
mövsüm mərasimlərindəndir. Mərasimdə
rənglənmiş bir dairəni, yaxud da gəlincik şəklində
salınmış çömçəni götürüb
"Qodu" nəğməsini oxuyardılar:
Qodu-Qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan
ötəndə
Qırmızı gün gördünmü?
Yağ
verin yağlamağa,
Bal verin
ballamağa
Qodu
gülmək istəyir
Qoymayın
ağlamağa
Qoduya
qaymaq gərək,
Qablara
yaymaq gərək,
Qodu
gün çıxarmasa
Gözlərin
oymaq gərək...
Əcdadlarımızın
erkən təsəvvürlərində ilkin antropomorfik
görüşləri ifadə edən nəğmələr
də vardır ki, bunlar Günəşə inamla
bağlı motivləri qabarıq şəkildə səciyyələndirir:
Gün
çıx, Gün çıx,
Kəhər atı min çıx.
Oğlun
qayadan uçdu,
Qızın
təndirə düşdü
Keçəl
qızı qoy evdə,
Saçlı
qızı götür çıx
Gün
getdi su içməyə
Qırmızı
don biçməyə
Gün
özünü yetirəcək,
Keçəl
qızı aparacaq
Saçlı qızı gətirəcək.
Erkən inanclara görə, burada keç əl qız
yağışın və buludun, saçlı qız isə
Günəşin rəmzidir.
Od
çərşənbəsində icra olunan erkən mərasimlərimizdən
biri də Günəşə qurban kəsmək mərasimidir.
Mərasimi icra edərkən insanlar sübh tezdən
qırmızı kəhər atı Günəşə
qurban aparardılar. Hündür təpənin
üstündə olan at Gün doğanda Günəşin
şərəfinə qurban kəsilərdi. Erkən inanca görə, əgər
qırmızı kəhər at Günəşə qurban kəsilərsə,
Günəş Yer üzərində olan insanlara xoşbəxt
həyat bəxş edər. Günəşə qurban kəsmək
mərasimi zamanı məhz qırmızı kəhər
atın kəsilməsi ilə bağlı Herodotun
"Tarix" əsərində göstərilir ki, Göydə
Günəş çox sürətlə hərəkət
edir, qırmızı kəhər at isə Yer üzərində
heyvanlar arasında sürətli qaçanlardan biridir. Adıçəkilən mərasim Kəlbəcər
qayaüstü rəsmlərində də öz əksini
tapmışdır. Bu mərasimlərin
keçirilməsi heç də təsadüfi
olmamışdır, çünki fəlsəfi qanunlara
görə, təsadüfdən zərurət doğur.
Erkən təsəvvürlərə görə, insanlar
Günəşi, odu, atəşi nə qədər çox əzizləsələr,
onun müqəddəsliyinə inansalar, o zaman Günəş
al şəfəqlərini Yer üzərinə tez göndərər,
təbiəti, suyu, torpağı tez isidər və Günəş
onlara bolluq-bərəkət, firavanlıq bəxş edər.
Od
çərşənbəsində axşamüstü
tonqallar qalanır, böyükdən-kiçiyə hamı
"ağırlığım-uğurluğum odda
qalsın" - deyərək tonqalın üzərindən
atlanır. Hətta inanca görə, körpə
uşaqları da tonqalın üstündən keçirmək
lazımdır ki, çillədə qalmasınlar. Qeyd etmək yerinə düşər ki, tonqal üzərindən
atlanmaq bəzi hallarda zərdüştilik görüşləri
ilə əlaqələndirilir. Lakin bu,
doğru deyil. Əvvəla, zərdüştilik
dövründə odu qoruyan kahinlər
ağızlarını sarğı ilə
bağlayırdılar ki, nəfəsləri oda, atəşə
dəyib onu murdarlamasın, çünki verilən nəfəs
artıq ölü nəfəs hesab olunurdu. Elə bu səbəbdən də
"ağırlığım-uğurluğum oda
tökülsün, odda qalsın" ifadəsi zərdüştiliyə
aid edilə bilməz.
Çərşənbədə tonqal qalayarkən buraya
yaş, bar verən, tüstülənən ağac
parçalarını atmaq düzgün sayılmır. Tonqalda daha
çox kol-kos, quru odun parçası və qaratikan
yandırılır. Erkən etiqadlara
görə, şər qüvvələr odu söndürməyə
çalışır, ancaq qaratikandan qorxub yaxına gələ
bilmirlər. Adətən tonqala üzərlik
də atılır ki, onun tüstüsü bəd nəzərləri
məhv etsin. Zərdüştilik yaranandan sonra Günəşin,
Od və Atəşin müqəddəsliyi
qorunub saxlanmış və atəşin bir neçə
növü ilə bağlı mərasimlər
keçirilmişdir. Zərdüştilər istiliyin ilk mənbəyini
ağacın gövdəsində olan istiliyi hesab edir və
onun şərəfinə "Şəhrivər", insan bədənində
və təbiətdəki istiliyin şərəfinə
"Səddə", Günəş istiliyi ilə
bağlı "Azərkan", ocaqlarda və atəşgahlarda
olan istiliyin şərəfinə
"Çırağan" mərasimləri qeyd edilərdi.
Od
çərşənbəsində süfrəyə paxlaplov
və quru meyvələrdən ibarət çərşənbə
xonçası qoyulur. Günəşin, atəşin
rəmzi kimi şamlar, çılçıraqlar
yandırılır. Qədim adətə
görə, evin künclərinə də şamlar,
çıraqlar, çıraqların yanına güzgülər
qoyulardı ki, çırağın işığı daha
da artsın, bayram əhval-ruhiyyəsi hiss edilsin. Bu adət "üskü-bəzəmə"
adlanır. Bu adəti çox zaman evin
sonbeşiyi icra edərdi, çünki sonbeşik ocaqda
qalıb nəsli, soyu davam etdirəndir.
Xalq
arasında odla bağlı mif mətnləri, bayatı, inanc,
and, alqış, atalar sözü və s. var. Onlardan bəzilərinə
diqqət yetirək:
"Od
baba və gözəl Şahu" mifində göstərilir
ki, Qonaqkənd atəşgahının keşiyini çəkməyi
Od baba hər axşam bir qıza
tapşırardı. Bir gün də növbə
gözəl Şahuya çatır. Şahu
məşəli yandırıb keşikdə dayanır,
getdikcə onu alovlandırır. Yer-göy
məşəlin şöləsinə qərq olur. Gecənin
bir aləmində Od baba atəşgaha gəlir.
Şahunun yandırdığı məşəllərin gur
işığı Od babanın
gözünü qamaşdırır. Od
baba deyir:
- Məşəlin
gözümün işığını apardı, ey
Şahu! Sən məşəldən də şöləli,
atəşimdən də işıqlısanmış...
Şahu Od babanın qarşısında təzim edib
deyir:
- Mərhəmətli Od babam istəsə mən öz
canımı da ona fəda edərəm.
Şahu
özünü atəşgahın gur ocağına atmaq istəyəndə
Od baba onu tutur:
- Yox,
gözəl Şahu, mən adamların həyatını əlindən
almıram. Onlara həyat verirəm. Əbədiyyət verirəm. Nəfəsinə
qüdrət verirəm.
Bunu deyib Od baba gözəl Şahunu öpdü. Od babanın nəfəsindən bülənd
olan alov əvvəlcə Şahunun başı üstə
dövrə vurdu, sonra dolanıb nəfəsinə
qarışdı. Şahu bir anlıq gözünü yumdu, Od babanın nəfəsindən qalxan alovu
şərbət kimi içdi.
Şahu gözünü açanda yenə
özünü atəşgahın keşiyində
gördü.
O, səsində qüvvət, gözündə işıq, nəfəsində
qüdrət hiss etdi. Elə o gündən atəşgahda
qaldı. Məbəddə yaşadı...
Deyirlər,
bir gün As hökmdarı Şirvan
torpağına hücum edir. Bütün atəşgahları
dağıda-dağıda gəlib Qonaqkəndə
çatır. Döyüşçülər
əli qılıncda məbədə daxil olurlar. Şahu qabağa çıxır. As hökmdarına qoşununu atəşgahdan
çıxarmağı əmr edir. Ancaq
azğın hökmdar əmrə itaət etmir. Onda
Şahu düşmən üstünə ağzından od ələməyə başlayır. Şahunun püskürdüyü od-alov düşməni
yandırıb-yaxır. As hökmdar aman
istəyir. Ancaq Şahu qoşunu
qabağına qatıb qovmağında davam edir.
Hökmdar müdrik asları yığır ki, tədbir
görsünlər.
Heç kəs əlac edə bilmir. Əjdaha
cildinə düşmüş Şahu dağılmış
çox atəşgahların daş-torpağı üzərində
düşmənin qanını tökür.
Dördüncü gün azğın hökmdarın
hüzurunda qırmızı saqqalı dizinə dəyən
bir qoca peyda olur. Hökmdar qocaya çox yalvarır.
Ürəyi yumşalan qoca deyir:
- Sənə
bir halda kömək edə bilərəm ki, dediyim iki şərtə
əməl edəsən. Birinci şərtim
odur ki, yıxdığın hər atəşgahın əvəzinə
ikisini tikəsən. İkinci şərtim
odur ki, qıza toxunmayasan, sehri açılan kimi onu mənə
verəsən.
As hökmdarı razı olur.
Qoca qızın sehrini sındırır. As
hökmdarı şərtinə əməl edir, Şahuya
toxunmayıb geri qaytarır. Dağıtdığı
hər atəşgahın yerində ikisini tikir. Qoca Şahunu götürüb Qonaqkənd atəşgahına
gəlir. Atəşgahın altında axan
bulağın suyundan içib cavan oğlana çevrilir.
Bu sudan gözəl Şahuya da
içirdir. Hər ikisi əbədi həyata
qovuşurlar. Evlənib atəşgahda
yaşamağa başlayırlar.
Deyirlər,
elə indi də gözəl Şahu ilə Od
baba o dağlarda yaşayır. Hər il Od
çərşənbəsində Qonaqkənd atəşgahına
gələnlər sübh tezdən onları atəşgahın
başında görürlər.
Düşən
yeri...
Atlanıb
düşən yeri
Göz
yaşım oda dönüb,
Yandırır
düşən yeri
* * *
Suda
yandı...
Od
yandı, su da yandı.
Dərdimi
suya dedim,
Od tutdu,
o da yandı...
* * *
Köynəyin
gülü yansın,
Od
tutsun, gülü yansın,
Səni məndən
edənin,
Ağzında dili yansın.
* * *
Od
imandandır.
Od
küldə gizlənər.
Oda yanmayan balasına da yanmaz.
Od ocaqda
yanar.
Od
adamı həm qızdırar, həm də yandırar.
Oda dərdini deyən xeyir aparar.
Od
çərşənbəsində ocağı boş
qoymazlar.
Od
çərşənbəsində ocaqdan od verməzlər.
Ocağın külün dağıtmazlar.
Ocağı şər vaxtı dağıtmazlar.
Od
çərşənbəsində ağlayan ağacı kəsən
sonsuz qalar
Ocaq istisini sevən od-ocaqlı olar.
Ocaq
yananda səslənirsə, demək,
kimsə
sözünü danışır.
Od hisli
olarsa, uzaqdan qonağın
gələcək, deyərlər.
Ocaqda
kül titrəyəndə
Od xeyrə
oynayır, deyərlər.
Gün doğanda ziyarətə yola düşərlər.
Gün düşən yerdə xəstəlik olmaz.
Gün doğanda doğulan uşaq cəngavər olar.
Od
haqqı!
Ocaq
haqqı!
İşıqlığa
çıxasan!
Gün
haqqı!
Ocağın
bərəkətli olsun!
Məlumdur
ki, xalq arasında od, atəş müqəddəs
hesab oluduğuna görə insanın yaşadığı
yerə də "ocaq" deyilir. Qeyd etmək
yerinə düşər ki, erkən təsəvvürlərdə
odun müqəddəsliyini qoruyub saxlamaq məqsədilə
"Odu közərtmək" oyunu geniş
yayılmışdır. Həmin oyunun mahiyyəti belədir:
"Meydanda çala qazılır, üstü
örtülür. Çalanın
sağından və solundan yeraltı qollar, lağımlar
qazılır. Çalada od
saxlanılır. Sağda və solda hər tərəfdə
10 nəfər olmaqla "Yallı" gedir. Yallı dəstələrinin üzvləri əllərində
taxtadan düzəldilmiş yelpiklə hər dəfə
lağımların yanından keçəndə odu yelpikləyirlər.
Bir dəfə sağdan, bir dəfə soldan, sağ tərəfdəkilər
odu yelpikləyəndə soldakılar pantomim hərkətlərlə
rəqiblərinə işarə ilə oxuyurlar:
Odu at, Odu
tut,
Odu tut,
Odu at...
Sol tərəfdəkilər
odu yelpikləyəndə sağ tərəfdəkilər
yallı gedir və oxuyurlar:
Odu sal,
Odu al,
Odu al, Odu sal.
Yağışlı,
soyuqlu, çovğunlu havalarda belə dəstələr
tez-tez bir-birini dəyişir, od közərir,
onu sönməyə qoymur, odu qoruyurlar. Ocaq
başında rəqslər uzun müddət fasiləsiz davam
edir.
Təsadüfi deyil ki, erkən dövrlərdə məişətdə
od-ocaq ətrafında "Yallı" rəqsinin ifası
Qobustan qayaüstü rəsmlərində də yer
almışdır. Bu isə türkdilli xalqların mifik
dünyagörüşündə Günəş-Od-Atəş
silsiləsinin əhəmiyyətini bir daha təsdiqləyir.
Ülkər NƏBİYEVA,
Bakı Dövlət Universitetinin
dosenti
Azərbaycan.-2014.- 4 mart.- S.5;7.