Prezidentin əhalinin sağlamlığının qorunmasına

 dair tapşırıq və göstərişləri uğurla icra olunur

 

Bakı

 

 

Bizim poliklinika ötən əsrin 70-ci illərindən fəaliyyət göstərir. Hazırda bu tibb müəssisəsi Nizami rayonunun 65 min sakininə xidmət edir. Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrası ilə əlaqədar əvvəlcədən Bakı Şəhər Baş Səhiyyə İdarəsində geniş müşavirə keçirilmişbiz tibb işçilərinin qarşısında mühüm vəzifələr qoyulmuşdur. Əhalinin dispanserizasiyası keçmiş SSRİ, o cümlədən Azərbaycan səhiyyə sistemində əsas işlərdən biri idi. Ancaq indiki kimi kütləvi xarakter daşımırdı. Bu onu göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. İllərlə həkimə gəlməyənlər indi müayinələrə cəlb olunurlar. Bu isə dövlət başçısının tapşırığı əsasında aparılan tibbi müayinə aksiyasının əhəmiyyətini daha da artırır.

Bu barədə martın 3-də Nizami rayonundakı 26 nömrəli şəhər poliklinikasının baş həkimi Pənah Əliyev məlumat vermişdir. O demişdir ki, fevralın 17-dən indiyədək ən müasir avadanlıqlarla təchiz olunmuş poliklinikada 6 min 550 xəstə yoxlanılmışdır. Müayinə olunanların 413-də müxtəlif xəstəliklər aşkarlanmışdır. Onlardan 95 nəfəri qeydiyyata alınmış, 20-si isə stasionar müalicəyə cəlb olunmuşdur.

Müayinədən keçənlər öz sağlamlıqları barədə məlumat əldə etdiklərinə görə Prezident İlham Əliyevin bu humanist addımından razılıqlarını bildirmişlər.

Rayondakı 129 nömrəli məktəbin direktoru Samir Mehdizadə demişdir: "Mən də rayon sakini kimi bütün  müayinələrdən keçdim. Burada yaradılan şəraitə görə poliklinikanın həkim heyətinə təşəkkür edirəm. Xəstəliklərin erkən aşkarlanması baxımından bu aksiya çox vacibdir. Buna görə də arzum budur ki, belə aksiyalar davamlı olsun. İnanıram ki, dövlətimizin gündən-günə artan iqtisadi imkanları bunu təmin edəcəkdir. Ölkə vətəndaşlarının sağlamlığını daim düşündüyünə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm".

 

 

 

Qazax

 

 

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da əhalinin tibbi müayinəsi uğurla davam edir.

Qazax Mərkəzi Rayon Xəstəxanasından bildirmişlər ki, rayon üzrə 81320 nəfərin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Humanitar aksiyanın ötən dövründə 8015 nəfər hərtərəfli müayinə olunmuşdur. Onlardan 72 nəfərində müxtəlif xəstəliklər aşkar edilmiş və xəstələr qeydiyyata götürülmüşdür.

Müayinədən keçənlər Prezident İlham Əliyevin bu humanist qərarını alqışlayır və əhalinin sağlamlığına göstərilən qayğını yüksək qiymətləndirirlər.

 

 

 

Oğuz

 

 

Mən də bu gün bütün vətəndaşlar kimi, ölkə rəhbərliyinin bizə verdiyi bu imkandan istifadə etdim, tibbi müayinədən keçdim. Əhalinin tibbi müayinədən keçirilməsi onu göstərir ki, dövlət başçısı insanların sağlamlığına qayğı ilə yanaşır, diqqət göstərir. Mən buna görə sakinlər adından Prezidentimizə minnətdarlığımı bildirirəm. Bu aksiya bir daha dövlət başçısı İlham Əliyevin Azərbaycanın  hər bir vətəndaşının Prezidenti olduğunu sübut edir.

Bu sözləri Oğuz Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçən rayon sakini Elçin Kərimov jurnalistlərə müsahibəsində demişdir.

Əhalinin tibbi müayinəsinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən rayon sakini bu məsul işə məsuliyyətlə yanaşdıqlarına görə səhiyyə işçilərinə, o cümlədən də rayon mərkəzi xəstəxanasının kollektivinə təşəkkür etmişdir.

 

 

 

Saatlı

 

 

Saatlı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə, poliklinika, hemodializ, fizioterapiya şöbələrində və Fətəlikənd kənd xəstəxanasında sakinlərin müayinəsi üçün bütün imkanlar yaradılmışdır.

Rayon icra hakimiyyəti başçısının müavini Reyhan Ocaqova bildirmişdir ki, humanitar aksiya başlanandan bugünədək 13274 sakin tibbi müayinədən keçmişdir. Onlardan 3725 nəfəri ambulator, 11 nəfər isə stasionar  müalicəyə cəlb olunmuş, 8 nəfər  Bakı şəhərinə göndərilmişdir. Müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə rayonda  xüsusi qərargah fəaliyyət göstərir.

Fətəlikənd kənd xəstəxanasının laborantı Gülnarə Nəciyeva məlumat vermişdir ki, yüksək ixtisaslı mütəxəssislər sakinləri qabaqcadan tərtib olunmuş qrafik əsasında müayinə edir, xəstəlik aşkar edilmiş vətəndaşlar müalicəyə cəlb olunurlar. Sakinlər onların sağlamlığına göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq edirlər.

 

 

 

Biləsuvar

 

 

Biləsuvarın səhiyyə ocaqlarında əhalinin tibbi müayinəsi yüksək səviyyədə təşkil olunmuşdur.

Mərkəzi rayon xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya, laboratoriya və digər şöbələrində sakinlərin kompleks müayinəsi aparılır. Aksiya çərçivəsində peşəkar həkim briqadaları tərəfindən həyata keçirilən müayinələr əhali tərəfindən böyük razılıqla qarşılanır.

 

Rayon icra hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova bildirmişdir ki, aksiya ilə əlaqədar mərkəzi rayon xəstəxanasının, 14 həkim ambulatoriyasının, 6 tibb məntəqəsinin bütün tibb personalı gücləndirilmiş rejimində çalışır. Rayon üzrə 95 mindən çox əhalinin müayinəyə cəlb olunması nəzərdə tutulurbunun üçün bütün təşkilatı işlər görülmüşdür.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Şamil Cəfərov  müsahibəsində demişdir: Müayinələr təkcə xəstəxanada deyil, səyyar həkim briqadaları tərəfindən fiziki imkanları məhdud insanların evlərində də aparılır. Qrafikə uyğun olaraq ilkin mərhələdə idarə, müəssisə və təşkilatların kollektivləri tibbi müayinəyə cəlb edilmişdir. Hazırda kənd və qəsəbələrdə də aksiyanın mütəşəkkil keçirilməsi üçün operativ tədbirlər görülür.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 4 mart.- S.6.