Məktəblilər ümummilli
lider Heydər
Əliyevin həyat və
fəaliyyətini dərindən öyrənirlər
Laçın
Ümummilli lider Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə Laçın rayonunun orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur", "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularında açıq dərslər davam etdirilir.
AzərTAc xəbər verir ki, Laçın Rayon Təhsil Şöbəsində əvvəlcədən hər iki mövzu üzrə fevral-may aylarında tədrisə cəlb olunacaq məktəblərin siyahısı və qrafiki müəyyən edilmiş, indiyədək 19 ümumtəhsil məktəbinin şagirdləri dərslərdə iştirak etmişlər.
Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən növbəti dərslərdə Laçın rayonunun 44 nömrəli, Sadınlar, Hacılar və Taxtakörpü kənd məktəblərinin şagirdlərinə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuş, iqtisadi və siyasi sabitliyə nail olunmuşdur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu daxili və xarici siyasət, sosial-iqtisadi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məktəblilər açıq dərslərdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənmiş, onun şərəfli ömür yolunu əks etdirən eksponatlar, foto və kitablarla tanış olmuşlar.
Tədris
ilinin sonunadək davam edəcək açıq dərslərdə
Laçın rayonunun ümumtəhsil məktəblərindən
623 nəfər XI sinif şagirdi iştirak edəcəkdir.
Balakən
Balakən şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzuları üzrə açıq dərslər müvəffəqiyyətlə davam edir.
AzərTAc xəbər verir ki, ulu öndərin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədi ilə fevralın 3-də başlanan açıq tarix dərslərində indiyədək rayonun 20 ümumtəhsil məktəbindən 326 şagird iştirak etmişdir.
Mayın 20-dək davam edəcək dərslərdə Balakən rayonu üzrə ümumilikdə 35 ümumtəhsil məktəbindən 695 şagirdin iştirakı nəzərdə tutulur.
Martın 3-də keçirilən növbəti açıq dərsdə rayonun Qabaqçöl qəsəbə, Katex kənd 2 nömrəli, Meşəşambul, Mahamalar və Şambulbinə kənd tam orta məktəblərindən 52 şagird iştirak etmişdir.
Məktəblilər əvvəlcə Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətinə dair zəngin ekspozisiya ilə tanış olmuşlar.
Təcrübəli
müəllim Məhəmməd Musayevin keçdiyi
açıq dərsdə şagirdlərə ulu öndər
Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda
siyasi hakimiyyətə qayıdışından sonra ölkə
daxilində siyasi sabitliyin bərqərar olması,
respublikamızın beynəlxalq aləmdə nüfuzunun
artması, sosial-iqtisadi sahədə qazanılan uğurlar, Azərbaycanda
hüquqi və demokratik dövlət, ordu quruculuğu, təhsil,
mədəniyyət, idmanın inkişafı və digər məsələlər
barədə ətraflı məlumat verilmişdir.
Azərbaycan.-2014.- 4 mart.- S.6.