Azərbaycanın turizm potensialı «Nyu-York Tayms»

 səyahət sərgisində nümayiş olunmuşdur

 

Azərbaycanın bir neçə turizm şirkətini bir araya gətirən "Azərbaycan möcüzələri" ("Wonders of Azerbaijan") layihəsi ölkəmizin turizm potensialını fevralın 28-dən martın 2-dək Nyu-York şəhərində keçirilmiş "Nyu-York Tayms" səyahət sərgisində nümayiş etdirmişdir.

"Azərbaycan möcüzələri" layihəsi ABŞ ictimaiyyəti arasında ölkəmizin turizm potensialını təşviq etmək və Birləşmiş Ştatların turizm şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əsasında respublikamıza müxtəlif istiqamətlər üzrə yerli şirkətlərin tərtib etdiyi konkret səyahət paketlərini təklif etmək məqsədilə həyata keçirilir.

"Azərbaycan - Odlar Yurdu, tolerantlıq diyarı" adı altında keçirilən tədbirdə yerli turizm mütəxəssisləri Azərbaycanın zəngin tarixə, maddi-mədəni irsə və ləziz mətbəxə malik, həmçinin dini və mədəni müxtəlifliyi və tolerantlığı ilə seçilən özünəməxsus bir ölkə olduğunu sərgi iştirakçılarının diqqətinə çatdırmışlar.

Tədbir iştirakçılarının bildirdiklərinə görə, on səkkiz min nəfərdən yuxarı iştirakçının qatıldığı "Nyu-York Tayms" sərgisi çərçivəsində Azərbaycanın turizm mütəxəssisləri ABŞ tur operatorları ilə Birləşmiş Ştatlardan region ölkələrinə səfər edəcək 14-22 nəfərlik turist qruplarının səfər cədvəlinə Azərbaycanın da daxil edilməsi barədə razılaşma əldə etmişlər.

 

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Azərbaycan.-2014.- 4 mart.- S.7.