ABŞ Dövlət Departamentinin
2013-cü il üzrə
Azərbaycanda insan hüquqlarına
dair
hesabatı qərəzli səciyyə
daşıyır
Bu sözləri AzərTAc-a
müsahibəsində Azərbaycan Xarici
İşlər Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Elman Abdullayev
demişdir
- ABŞ Dövlət Departamentinin 2013-cü il üzrə Azərbaycanda insan hüquqlarına dair hesabatını necə şərh edərdiniz?
-
ABŞ Dövlət Departamentinin 2013-cü il üzrə Azərbaycanda
insan hüquqlarına dair hesabatı ötən illərdə
olduğu kimi, ölkədə insan hüquqları və demokratiyanın
real vəziyyətindən tam fərqli bir mənzərə təqdim
etməklə qərəzli səciyyə daşıyır.
Müxtəlif şübhəli mənbələrdən irəli sürülən və subyektiv mülahizələr üzərində qurulduğu aydın olan əsassız ittihamları özündə əks etdirən sənəd obyektivlikdən tam uzaqdır, onu hazırlayanlar Azərbaycanın dövlət və hökumət qurumları ilə heç bir əməkdaşlıq əlaqəsi qurmamışlar. Dövlət qurumlarımız ötən illərin təcrübəsindən çıxış edərək və ABŞ tərəfini növbəti qeyri-obyektiv və metodoloji baxımdan qüsurlarla dolu dəyərləndirmə sənədinin dərc edilməsindən çəkindirmək üçün əvvəlki bənzər hesabatlarla bağlı şərhlərini ABŞ Dövlət Departamentinə təqdim etmişdir. Təəssüf ki, nə bu şərhlər, nə də hesabatın əhatə etdiyi dövrdə Azərbaycan hökuməti tərəfindən ölkədə insan hüquqlarının qorunmasının təkmilləşdirilməsi istiqamətində atılan mühüm qanunvericilik və praktiki addımlar sənəddə nəzərə alınmamışdır.
- İnsan hüquqlarının qorunması üzrə beynəlxalq təsisatlar, xüsusilə, BMT-nin İnsan Hüquqları Şurası mövcud olduğu halda, ABŞ Dövlət Departamentinin birtərəfli qaydada dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair şərh verməsi nə dərəcədə düzgündür?
- ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqları vəziyyətini dəyərləndirən hesabatlar dərc etməsi təcrübəsinin özünü doğrultmadığı aydındır. Əgər bu zaman güdülən məqsəd həqiqətən də dünyada insan hüquqları durumunun yaxşılaşdırılmasından ibarətdirsə, biz ABŞ tərəfini insan hüquqları üzrə beynəlxalq mexanizmlərin təkmilləşdirilməsinə daha çox səy göstərməyə çağırırıq.
Ölkədə güclü və səmərəli insan hüquqlarının müdafiəsi sistemi qurmağa müvəffəq olmuş Azərbaycana münasibətdə belə bir qərəzli sənədin yayılması ona siyasi təzyiq göstərilməsi cəhdlərindən başqa bir şey deyildir.
- Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonun işğalına münasibətdə hesabatda bu ərazilərin Ermənistanın dəstəyi ilə separatçıların "nəzarətində" olduğu yazılır.
- Nəzərə almaq lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi ABŞ-ın iştirakı ilə qəbul edilmiş BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi və suverenliyinin pozulması faktları öz əksini tapmışdır.
ABŞ tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının dəstəklənməsi dəfələrlə ifadə olunmuşdur. Ümidvarıq ki, növbəti hesabatda ABŞ Azərbaycan ərazilərinin işğalı və təcavüz faktını qeyd etməkdən çəkinməyəcəkdir.
Digər vacib məqam ondan ibarətdir ki, ən elementar hüquqlardan belə məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasının əsl səbəblərindən niyyətli şəkildə bəhs edilmir.
- Ukraynada baş verən son hadisələrlə bağlı nə deyə bilərsiniz?
- Azərbaycan Ukraynadakı vəziyyətin ölkə daxilindəki bütün siyasi qüvvələrin dialoqu və konstruktiv əməkdaşlığı, həmçinin maraqlı tərəfdaş dövlətlərlə birgə fəaliyyət vasitəsilə həllinin tərəfdarıdır.
Azərbaycan həmçinin Ukraynada sabitliyin, əmin-amanlığın
və milli birliyin bərqərar
olması prosesinə ciddi xələl
yetirən radikalizm və ekstremizmin
qarşısının alınmasına
çağırır və Ukraynanın konstitusiyası əsasında
ölkədəki vəziyyətin tezliklə sabitləşdirilməsinin
tərəfdarıdır.
Azərbaycan.-2014.- 5 mart.- S.2.