Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq

 üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilmişdir

 

Martın 4-də Belqradda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilmişdir. İclasda Azərbaycan tərəfi iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin, Serbiya tərəfi isə Baş nazirin müavini, xaricidaxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə təmsil olunmuşdur.

İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildirmişlər ki, iclasda çıxış edən Hökumətlərarası komissiyanın həmsədri, nazir Şahin Mustafayev qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar böyük rol oynayır. Azərbaycan və Serbiya beynəlxalq səviyyədə, xüsusilə, ərazi bütövlüyü kimi mühüm məsələlərdə bir-birini dəstəkləyir.

Sonra nazir Şahin Mustafayev Hökumətlərarası komissiyanın 2-ci iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, həmin müddətdə hüquqi sahədə bir sıra sənədlər imzalanmışdır. Karantinbitki mühafizəsi, beynəlxalq yükdaşımaları, səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında saziş layihələri isə razılaşdırma mərhələsindədir. Ölkələrimiz arasında investisiya sahəsində sıx əməkdaşlıq həyata keçirilmişdir. Nazir buna Azərbaycanın "AzVirt" şirkətinin baş podratçısı olduğu avtomagistralın tikintisinə dair kredit sazişinin uğurlu icrasını misal göstərmişdir. Kənd təsərrüfatı, nəqliyyat, İKT, təhsil, mədəniyyət, idman və gənclər sahəsində də əməkdaşlıq genişlənmişdir. Humanitar sahədə əməkdaşlığa gəldikdə, nazir Şahin Mustafayev son illərdə ümummilli lider Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələrinin ucaldıldığı Belqradda yerləşən Taşmaydan parkının, məscidin yenidən qurulduğunu diqqətə çatdırmışdır.

Şahin Mustafayev müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin, dövlət qurumları arasında müntəzəm görüşlərin və danışıqların aparılmasının, adamları arasında əlaqələrin inkişaf etdirilməsinin və bu məqsədlə biznes-forumların və işgüzar görüşlərin təşkilinin əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, hər iki ölkədə infrastruktur obyektlərinin tikintisi, turizm, təhsil sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.

Serbiyanın Baş nazirinin müavini, xaricidaxili ticarət və telekommunikasiyalar naziri, Hökumətlərarası komissiyanın həmsədri Rasim Lyayiç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.

İclasda müzakirə olunan məsələlərə və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır.

Sonda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair protokol imzalanmışdır. Sənədi komissiyanın həmsədrləri Şahin MustafayevRasim Lyayiç imzalamışlar. Sənəddə iqtisadiyyat, sənaye, ticarət, investisiya, kənd təsərrüfatı, turizm, enerji, təhsil, ekologiya, mədəniyyət, gənclər, idman və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Azərbaycan nümayəndə heyəti Taşmaydan parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə əklil qoymuşdur.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev səfər çərçivəsində Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç ilə də görüşmüşdür. Görüşdə Azərbaycan və Serbiya arasında əməkdaşlıq və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilmişdir.

 

Azərbaycan.-2014.- 5 mart.- S.4.