«Şahdəniz»in işlənməsində
ən müasir
texnika və texnologiyalardan
istifadə olunur
"Şahdəniz" yatağının işlənməsi Xəzər regionunda ilk dəfə olaraq bir sıra sənaye texnologiyalarının tətbiqini tələb edir.
"Şahdəniz" təkcə ehtiyatlarına görə deyil, sahəsinə görə də böyük yataqdır. 140 kvadratkilometr ərazini əhatə edir. Belə geniş coğrafi ərazidə məhsuldar layların açılmasında əlavə çətinliklər yaranır. Odur ki, maksimum hasilata çatmaq üçün bir sıra yerlərdə əlavə quyular qazılacaq. Belə hallarda adətən istifadə olunan ənənəvi suüstü qurğuların inşası səmərə vermir. Ona görə də "Şahdəniz"də həmin qurğuları sualtı hasilat sistemi əvəz edəcək. Bu, 10 sualtı manifoldu və 26 sualtı quyunu birləşdirən 500 kilometr uzunluğunda axın xətləri sistemi olacaq. Başqa sözlə, bu, dünya miqyaslı hasilat sistemi kimi qəbul edilir.
Hazırda dünyada istismar edilən yataqlarda mövcud olan bəzi ən yüksək lay təzyiqləri məhz "Şahdəniz"in dəniz səviyyəsindən təxminən 6000 metr aşağıda yerləşən əsas kollektorunda da özünü göstərir. Buna görə də yatağın fəaliyyətinin yüksək etibarlıqla həyata keçirilməsini təmin etmək üçün HİPPS (Yüksək Təzyiqdən Etibarlı Müdafiə Sistemi) klapanından istifadə olunacaq. Cəmi 15 saniyə ərzində bağlanmaq iqtidarında olan bu sistem "Şahdəniz" layihəsində ən yüksək texniki təhlükəsizlik standartlarına çatmağa imkan verəcək.
Layihədə elektrik enerjisi ilə birbaşa isitmə üsulundan da istifadə olunacaq. Çünki 500 metrdən artıq dərinliklərdə yerləşən dərinsulu ərazilərdə ətraf mühitin təzyiqi yüksəkdir. Daha doğrusu, soyuq mühit hökm sürür, temperatur 5 dərəcə istilikdən yuxarı olmur. Bu, boru kəmərlərindəki mayelərin bərkiməsinə və tıxanmalara gətirib çıxarır. Elektrik enerjisi ilə birbaşa isitmə texnologiyası isə dənizin dibi ilə uzanan neft və qaz kəmərlərində axının soyumasının, onlarda parafinin formalaşmasının qarşısını alacaq. Əks təqdirdə bu proses sürətlə gedərək xətlərin ağzında tıxac yaradar, hidratlar adlanan buz parçalarını formalaşdıra bilər.
Məlumdur ki, istənilən yataqdan neft, qaz, kondensat alındıqca orada qalan ehtiyatlar tədricən tükənir. Bu da, öz növbəsində, hasilatın həcminin azalmasına səbəb olur.
Sualtı kompressiya adlanan üsul da var ki, ondan düzgün və səmərəli istifadə strukturda (sözügedən halda "Şahdəniz"də) layın qazvermə əmsalının artırılmasına kömək edir. Bu texnologiya quyularda əks təzyiqin öhdəsindən gəlməklə yatağın istismar müddətinin sonlarında hasilatın səviyyəsinin aşağı düşməsi proseslərini dayandırmaq məqsədilə işlənib hazırlanmışdır.
"Şahdəniz"in tərəfdaşları yeni, yaranmaqda olan bu texnologiyanı yatağın istismar müddətinin sonlarında sınaqdan keçirəcəklər. Alınan nətiəcələrə əsasən sözügedən üsulun gələcək potensialı geniş şəkildə qiymətləndiriləcək.
Qeyd edək ki, "Şahdəniz-2"nin bütün yerüstü və sualtı qurğuları Azərbaycanda inşa olunacaq. Odur ki, ölkədə bu işləri görəcək iki əsas tikinti-quraşdırma sahəsinin məhsuldarlıq gücü ilə yanaşı, texnoloji imkanları da artırılmalıdır. ATA ("AMEK-Tekfen-Azfen") tikinti-quraşdırma sahəsində genişləndirmə işləri ilə eyni zamanda xüsusi materialdan buraxılan boruların istehsalını həyata keçirmək üçün yeni, ən müasir qurğular hazırlanacaq.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti-quraşdırma sahəsində çalışan yerli "BOS-Şelf" müəssisəsi sualtı boyama və örtükləmə işləri üçün müasir texnologiyalarla işləyən yeni, ixtisaslaşdırılmış obyekt yaradacaq. Sualtı işlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün mövcud anbarda və yanalma körpüsündə modernləşdirmə aparılacaq.
"Şahdəniz-2" böyük miqyaslı və mürəkkəb bir layihə olduğu üçün onun həyata keçirilməsində iştirak edən gəmilərin texniki və funksional imkanlarının təkmilləşdirilməsi zərurəti də ortaya çıxır. Bunun üçün yeni sualtı tikinti gəmisinin inşası nəzərdə tutulur. İndiyədək "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında aparılan bütün işlərdə iştirak etmiş "İsrafil Hüseynov" borudüzən barjı, "Azərbaycan" kran gəmisi, eləcə də "Akademik Tofiq İsmayılov" dalğıc gəmisi ən son texniki və texnoloji əməliyyatları yerinə yetirmək üçün təkmilləşdiriləcək.
İstər "Şahdəniz"in ikinci mərhələsi üçün dənizdə və quru ərazidə görülən işlərdə, istərsə də Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsində istismar, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi və sosial sahə üzrə ən yüksək standartlara cavab verilməklə yanaşı, həm də ən müasir texnika, texnologiya və sənaye üsullarından istifadə olunacaq. Bu işlərdə layihənin əməliyyatçısı olan BP və tərəfdaşları özlərinin indiyədək topladıqları zəngin təcrübəyə və ən son yeniliklərə yiyələnmək ənənələrinə sadiq qalacaqlar.
Flora SADIQLI,
Azərbaycan.-2014.- 5 mart.- S.5.