İohan Sebastyan Bax Beynəlxalq festivalı
çərçivəsində
Bakıda konsert təqdim olunmuşdur
Moskvanın fransalı müqəddəs Lüdovik kilsəsinin, "Art-noyabr" Beynəlxalq incəsənət festivalının, "ÜNS" Yaradıcılıq Səhnəsinin və "AR Production"ın birgə təşkilatçılığı ilə Moskva, Riqa və Bakı şəhərlərini əhatə edən İohan Sebastyan Bax Beynəlxalq festivalı çərçivəsində martın 4-də paytaxtımızdakı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında konsert təqdim olunmuşdur.
AzərTAc
xəbər verir ki, konsertdə Oslo Konservatoriyasının
professoru, Norveç Musiqi Akademiyasının rektoru və
professoru Byorn Boysen (orqan) və Beynəlxalq müsabiqə
laureatı Nataliya Arxipova (soprano) İohan Sebastyan Baxın əsərlərini
səsləndirmişlər.
Bəstəkarın yaradıcılığında orqan musiqi aləti xüsusi yer tutmuşdur. İohan Sebastyan Baxın bəstəkarlıq və ifaçılıq dühası, bu musiqi alətinin quruluşunu və akustikasını dərindən bilməsi onun orqan musiqisi yaradıcılığında yeni üslub yaratması ilə nəticələnmişdir. Martın 29-dək davam edəcək festivalın proqramında dünya şöhrətli bəstəkarın irsi orqan, kamera-instrumental, orkestr və oratoriya istiqamətlərində təqdim olunacaqdır.
Martın 1-də Moskvadan
başlanan festivalın proqramında
martın 18-də də Bakıda "ÜNS"
Yaradıcılıq Səhnəsində konsertin
təqdimi nəzərdə tutulmuşdur.
İohan Sebastyan Bax Beynəlxalq festivalı çərçivəsində
Bakıda təşkil olunan konsert alqışlarla
qarşılanmışdır.
Azərbaycan.-2014.- 5 mart.- S.6.