AMEA-da akademik Tofiq Köçərlinin 85 illik
yubileyinə
həsr
olunmuş elmi konfrans və alimin
kitablarının təqdimatı
keçirilmişdir
Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli tarixçi alim, akademik Tofiq Köçərlinin 85 illik yubileyinə həsr olunmuş elmi konfrans və kitablarının təqdimatı keçirilmişdir.
Tədbiri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova açaraq Tofiq Köçərlini görkəmli tarixçi alim, akademik, ictimai-siyasi xadim, pedaqoq, parlaq şəxsiyyət, gözəl insan kimi xarakterizə etmişdir.
Bildirilmişdir ki, müasir Azərbaycan tarixinin aktual problemlərinin araşdırılması ilə ardıcıl məşğul olan Tofiq Köçərli bu sahədə bir çox kitab və monoqrafiyaların, 120-dən çox məqalənin müəllifi kimi tanınır. Azərbaycan tarixşünaslığına sanballı töhfələr verən alimin əsərləri ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqi və onun fəaliyyətinin öyrənilməsi, Naxçıvanın və Qarabağın tarixinin ən mühüm məsələlərinin araşdırılması görkəmli alimin əsas elmi nailiyyətləri sırasındadır.
Konfransda
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ
tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru
Qasım Hacıyev "Akademik Tofiq Köçərlinin
"Qarabağ"
monoqrafiyası" mövzusunda məruzə ilə
çıxış etmişdir.
Tədbirdə
Tofiq Köçərlinin "Naxçıvan: uydurmalar və
tarixi həqiqətlər" adlı əsərinə bir
baxış" mövzusunda məruzə ilə
çıxış edən tarix elmləri doktoru
Əliağa Məmmədli alimin böyük elmi
axtarışlarından geniş söhbət açmışdır.
Məruzələr ətrafında akademik Teymur Bünyadov, professor İzzət Rüstəmov, dinşünas alim Rafiq Əliyev, tarix elmləri doktoru Xəlil Köçərli və başqaları çıxış edərək Tofiq Köçərlinin böyük elmi axtarışlarından, Azərbaycan elminə verdiyi əvəzsiz töhfələrdən, onun yüksək insani keyfiyyətlərindən və vətəndaşlıq mövqeyindən geniş söhbət açmışlar.
Vurğulanmışdır ki, ölkəmizin dilbər guşələrindən olan Gədəbəydə dünyaya göz açan və XX əsr Azərbaycan elminə böyük töhfələr verən Firudin və Tofiq Köçərli qardaşları öz elmi bilikləri ilə nəinki keçmiş Sovet İttifaqında, hətta bütün dünya elmi fikrində çox böyük şöhrət qazanmışlar.
Qeyd edilmişdir ki, görkəmli alimin bu günlərdə geniş oxucu kütləsinə təqdim olunan "Erməni saxtakarlığı", "Azərbaycan Milli Elmlər Akademiyasının elmi sessiyasının materialları" (bu kitab alimin 80 illik yubileyi ilə bağlı keçirilmiş elmi sessiyanın materialları əsasında hazırlanmışdır) və rus dilində qələmə aldığı "Pravda istorii i istoriya odnoy insinuatsii" və digər əsər və araşdırmaları Azərbaycan oxucusunu milli kimliyini, mənsubiyyətini dərk etməyə çağırır, milli ruhun oyanmasına və yüksəlişinə xidmət edir.
Bu kitablarda alimin gərgin əməyinin, yuxusuz gecələrinin, Vətən, torpaq sevgisinin əsl mahiyyəti öz əksini tapmışdır.
Vurğulanmışdır ki, görkəmli tarixçi alimin əsərləri Qarabağın Azərbaycan milli məfkurəsinin qaynaqlarından biri olduğunu sübut edir. Hər kəsi tariximizə, dilimizə, mədəniyyətimizə sahib çıxmağa, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağa, milli birliyə və həmrəyliyə səsləyir.
Diqqətə çatdırılmışdır ki, akademik Tofiq Köçərli əsl insanlıq, ziyalılıq nümunəsi olmuş, sanballı əsərləri ilə həqiqi tarixin necə yazılmalı olduğunu sübut etmişdir. Akademik Tofiq Köçərlinin əsərləri, mübaliğəsiz demək olar ki, Azərbaycanın bütövlüyünün elmi cəhətdən əsaslandırılması nümunəsidir.
Tədbirin təşkilatçılarına və iştirakçılarına ailələri adından minnətdarlığını bildirən Qabil Köçərli atasının yenidən nəşr olunan əsərlərini tariximizin öyrənilməsi, Azərbaycanın haqq işinin dünyaya çatdırılması baxımından əvəzsiz mənbə hesab etmişdir.
Sonda akademikə həsr edilmiş "Ailə albomu" filmi nümayiş olunmuşdur.
Bu
ekran əsərində böyük alimin həyat yolu fotoşəkillərin
dili ilə bir daha tamaşaçılara
çatdırılmışdır.
Azərbaycan.-2014.- 5 mart.- S.6.