Azərbaycan ilə Türkiyə
arasında informasiya sahəsində əlaqələrin
daha da genişləndirilməsi
məsələləri müzakirə edilmişdir
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun martın 4-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur.
AzərTAc-ın
baş direktoru Aslan Aslanov görüşdə ölkələrimiz
və xalqlarımız arasında çoxəsrlik tarixə
malik qardaşlıq əlaqələrindən
danışmış, bu münasibətlərin
inkişafında milli xəbər agentliklərinin rolunu
vurğulamışdır.
Səfirə
AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik
illərində qazandığı uğurlar, dövlət
siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə
ətraflı məlumat verilmişdir. AzərTAc ilə
Türkiyənin Anadolu Agentliyi arasında yaxın əlaqələrin
olduğunu söyləyən baş direktor hər iki qurumun
nüfuzlu beynəlxalq informasiya təşkilatlarında
uğurla əməkdaşlıq etdiyini də diqqətə
çatdırmışdır. Beynəlxalq aləmdə
çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean
Ölkələri İnformasiya Agentlikləri Təşkilatının
(OANA) XVI Baş Assambleyasının və Xəbər Agentliklərinin
V Dünya Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda AzərTAc-ın
ev sahibliyi ilə keçirilməsi barədə qərarların
qəbulunda Anadolu Agentliyinin dəstəyi xüsusi
vurğulanmışdır. Həmçinin agentliklərimizin
uğurlu əməkdaşlığının türkdilli
xalqlar arasında mətbuat sahəsində işbirliyinin
genişləndirilməsi baxımından əhəmiyyəti
qeyd edilmişdir.
Türkiyənin
və Azərbaycanın hər zaman bir-birinin yanında
olduğunu deyən səfir İsmayıl Alper Coşqun
ölkəmizin sürətli inkişafından məmnunluq
duyduğunu bildirmişdir. Əməkdaşlığın
bütün sahələrdə dinamik inkişafından
danışan diplomat Azərbaycanın artıq Türkiyəyə
ən çox xarici sərmayə yatıran ölkəyə
çevrildiyini diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və digər
layihələr ölkələrimiz arasındakı
qardaşlıq münasibətlərinin inkişafının
bariz nümunəsidir.
Azərbaycan
və Türkiyə ilə bağlı həqiqətlərin
beynəlxalq ictimaiyyətə
çatdırılmasının zəruriliyini qeyd edən
İsmayıl Alper Coşqun milli xəbər agentliklərimiz
arasındakı sıx əməkdaşlığın bu
baxımdan mühüm rol oynadığını diqqətə
çatdırmışdır.
Görüşdə
qardaş ölkələrimiz arasında informasiya sahəsində
əlaqələrin daha da inkişaf etdirilməsi ilə
bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.-2014.- 5 mart.- S.6.