Məşhur xeyriyyəçinin naməlum muğam universiteti

 

Zamanı ovcunuza alın və sıxın, əsrləri dəqiqələrə çevirib Şamaxının minillik tarixində ən vacib məqamları bir film kimi nəzərdən keçirin. Zəlzələlərdən dəfələrlə yerlə-yeksan olub viran qalan  və muğam sədaları altında yenidən ucalıb gözəlləşən nikbin bir şəhər görəcəksiniz. Heyrətamiz səhnədir - insanla təbiətin sonu bitməyən savaşı! Deyirlər ki, Şamaxıda XII əsrdən üzü bəri baş verən zəlzələlərin sayı 20-ni keçib. Nə Tanrı torpağı əsrlər boy insanların ayağı altından çəkib silkələməkdən yoruldu, nə də ki, insanlar onu yenidən ucaltmaqdan əl çəkdilər!

Bəşər tarixində yüzlərlə belə şəhər var ki, zəlzələlərdən sonra sakinləri onu Allahın qəzəbinə gələn torpaq kimi atıb gediblər. Görəsən, şamaxılıları bu şəhərə hansı müqəddəs qüvvə bağlayıb, onlar nəyin naminə buradan birdəfəlik üz döndərib getmədilər? Onlara yardım edən, arxa duran hansı müqəddəs qüvvə idi?

Hər bir xalq gələcəyini dərk etmək, inkişafını düzgün qurmaq üçün istinad nöqtələrini öz keçmişində, tarixində axtarmalıdır.  Bu baxımdan Şamaxının keçmişində üç amil diqqəti cəlb edir. Birincisi, bu şəhərdə bilik və elmin tərəqqisinə, ikincisi, musiqi, muğam və poeziyanın inkişafına fikir verilir. Üçüncüsü isə, bəylər, varlılar ağıl və istedad sahiblərinə dəstək verir, onlara arxa dururlar. Bu amillərin hansının daha vacib olduğunu bir qəzet məqaləsində araşdırıb üzə çıxarmaq, əlbəttə ki, mümkün deyil. Lakin son illərdə muğama artan diqqət, onun xalqımızın milli-mədəni sərvəti kimi yüksək dəyərləndirilməsi, təbliği və qorunması bizə yenidən keçmişə qayıtmağa, müəyyən qənaətlərə gəlməyə imkan verir.

 

 

 

Muğam - qürur mənbəyimiz

 

 

 

UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban  xanım Əliyeva muğamı yalnız həyatımızın ayrılmaz hissəsi yox, həm də özümüzün və ruhumuzun bir parçası olan unikal fenomen adlandırmışdır. Ölkənin birinci xanımının məhz muğamın özünəməxsus kamilliklə gələcək nəsillərdə kökə bağlılığı, milli ləyaqəti, emosional zənginliyi və mənəvi mükəmməlliyi yetişdirəcəyinə əmin olması təsadüfi deyil. Əsrləri geriyə vərəqlədikcə muğamın Azərbaycan xalqının tarixində oynadığı möhtəşəm  rolu görəcəksiniz. Qərinələrin dərinliyinə baş vurduqca muğam müqəddəs bir abidə kimi bütün möhtəşəmliyi ilə ucalır, xalqın aparıcı qüvvəsinə çevrilir.

Sovet hakimiyyətinin ilk illərində muğam proletariatın qəzəbinə gəldi, onun düşmənləri xalqımızın qayəsini, əxlaqını, milli mənliyini ucaldan bu musiqi janrına diş qıcasalar da, ona qalib gələ, onun xalqımızın mədəniyyətindən və tarixindən silə bilmədilər. Sovet Azərbaycanında illər keçdikcə muğama olan sevgi yüksəlişini yaşadı. Üzeyir Hacıbəyli ənənəvi muğamla müasir Azərbaycan musiqisi arasında körpü rolunu oynayan Şərqin ilk operasını, təntənəli şəkildə UNESCO çərçivəsində 100 illiyi qeyd olunan "Leyli və Məcnun" operasını yaratdı. 

Azərbaycan müstəqilliyini qazandıqdan sonra muğam yenidən dövlətin himayəsinə alındı, onun öyrənilməsi və təbliği gücləndi. Sevindirici haldır ki, bu proseslərə XXI əsrdə ölkənin birinci xanımı başçılıq etdi. 2003-cü ildə UNESCO tərəfindən Azərbaycan muğamı bəşəriyyətin qeyri-maddi mədəni irsinin inciləri siyahısına alındı. Ardıcıl muğam festivallarının, beynəlxalq muğam simpoziumlarının keçirilməsi, muğam ensiklopediyasının, jurnalının və radiosunun   yaradılması dövlətimizin milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması istiqamətində atdığı ciddi addımlardır. Milli Konservatoriyanın yeni binasının istifadəyə verilməsi isə müstəqil Azərbaycan dövlətinin muğama, musiqiyə və bütünlükdə mədəniyyətimizə göstərdiyi böyük qayğının, təmənnasız himayənin   təzahürüdür. Heç vaxt belə olmayıb.

Azərbaycan muğamı tarixi minilliklərin dərinliyindən bəhrələnir. "Avesta"nın müəllifi Zərdüştün Muğ tayfaları ilə bağlılığı və muğların musiqi ilə də məşğul olması tarixi mənbələrdə göstərilir. Orta əsr traktatlarında ayrı-ayrı muğamların ulduzlarla və digər planetlərlə üzvi əlaqəsi verilir. Muğların Muğanda çalıb-oxumaları miladdan əvvəlki minilliklər, Şumer mədəniyyəti ilə bağlıdır. Onların da türk tayfaları ilə və o cümlədən Azərbaycan türkləri ilə genetik əlaqəsini bir çox tədqiqatçı alimlər sübut ediblər. Muğan ərazisi ilə əlaqədar Muğan havalarının yaranması da tam qanunauyğundur. Maraqlı bir fakt da ondan ibarətdir ki, muğ tayfalarının uzaq keçmişə aid olmasına baxmayaraq, bu gün də ləzgi dilində azərbaycanlılara "muğul" deyirlər. Muğamın xalqımızın şəksiz milli mədəni sərvəti olmasına dair yüzlərlə dəlil var.

Xalqımızın genetik kodunu, istiqlal fəlsəfəsini  muğam əsrlər boyu qanadlarında  ucaldaraq ruhumuza zənginlik gətirən əsrarəngiz musiqi məbədi yarada bildi. Bu baxımdan tariximizdə muğamın yeri əvəzsizdir. Ölkənin birinci xanımı  muğamın zəngin xəzinəsinin Azərbaycan bəstəkarlarının ilham mənbəyinə çevrildiyini dəfələrlə qeyd edib.  Bütövlükdə, demək olar ki, muğam Azərbaycanın musiqi mədəniyyətinin bütün janrlarına təsir göstərdi. Bütün bunlar ötən əsrdə Fikrət Əmirovun, Niyazinin simfonik muğamlarına, Qara Qarayevin simfonizminə yol açdı.

Şamaxını aramsız olaraq silkələyən zəlzələlər və onu dəfələrlə yenidən qaldıran insanlar haqqında tariximizdə sənədlər və xatirələr yetərincədir.  Bizi düşündürən sadə bir sual var: sarayları, məscidləri, məktəbləri və evləri qəzəblə lərzəyə gətirib dağıdan fəlakətlərdən sonra Tanrının viran qoyub yerlə yeksan etdiyini tikən, quran insanlar nədən güc alırdılar?  Bu suala Milli Konservatoriyanın yeni binasının açılışındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev cavabı belə verib: "Ancaq özünə hörmət edən hər bir dövlət və xalq öz milli xüsusiyyətlərini qorumalıdır. Qorumasa onda müəyyən müddətdən sonra bir xalq kimi yaşaya da bilməyəcəkdir. Biz ən çətin illərdə öz milli musiqimizi, adətlərimizi, həyat tərzimizi qoruya bilmişik. Biz əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq. Başqa dövlətlərin təsiri altında olmuşuq, müstəqil olmamışıq.  Mən dəfələrlə bunu demişəm, bir daha demək istəyirəm, tam əminəm ki, bizi bir xalq kimi qoruyan mədəniyyətimiz olubdur".

 

 

 

Şamaxı musiqimizin beşiyi kimi

 

 

Şamaxıda XIX əsrdə naməlum bir muğam universiteti olub. Onu da etiraf edək ki, bu, sadəcə, reallıqlara söykənən bir fərziyyədir. O heç yerdə, heç vaxt qeydiyyatdan keçməyib. Heç bir tarixi sənədə adı düşməyib. Bu universiteti arxivlərdə, tarixi sənədlərdə axtarmaq mənasızdır. Lakin muğamın bu şəhərdə inkişafı, onun Şamaxının bəyzadələri və mülkədarları tərəfindən himayəyə alınıb inkişaf etdirilməsi, təkmilləşdirilməsi belə bir ali təhsil ocağının olması barədə fikir yürütməyə əsas verir. Şamaxı musiqi məclisi, həqiqətən də, universitetə bərabər idi.

Tarixçilərimiz və alimlərimiz göstərirlər ki, Şamaxı XII əsrdən üzü bəri dini və mədəni mərkəz, musiqi-muğam beşiyi kimi bütün Yaxın Şərqdə məşhur olmuşdur. Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxıda  şairlər, xanəndələr, musiqiçilər sarayın himayəsində olublar. Onların arasında aşıq və muğam ustadlarının, şairlərin, qəzəlxanların özəl bir nüfuzu olub.

Bəlkə insanları birləşdirən, nikbin edən təbiətlə mübarizədə gücünü birə on artıran Şamaxının varlı, zəngin adamları ilə söz və musiqi xiridarlarının qırılmaz birliyi olub. Keçmişinə, kökünə bağlı olan xalq yenilməz olur. F.Şuşinski muğamatımızın musiqimizin təməl daşı, bünövrəsi, dayaq sütunu olduğunu israr edir. Çox güman ki, hər birimizin daxili dünyası, genetik kodları da muğamla uzlaşır, muğam, həqiqətən də, bizi xalq kimi bir-birimizə gözəgörünməz tellərlə bağlayan ən güclü amildir. Mədəniyyət və İncəsənət Universitetinin professoru, Muğam kafedrasının müdiri Canəli Əkbərov muğamın dərin fəlsəfəyə və böyük qüdrətə  malik olduğunu təsdiqləyir. Tarixçilərimiz, folklorşünaslarımız muğam sənətinin Bakı, Qarabağ və Şamaxıda və ölkənin digər bölgələrində geniş yayılmasından, muğam məktəblərinin  yaranmasından yazırlar. XIX əsrdə Şamaxı, Lənkəran, Şuşa, Bakı və Naxçıvanda yaranan ədəbi məclislərin sorağı bütün Azərbaycana yayılır.

 

 

 

İlk muğam məclisləri

 

 

 

Şamaxıda ilk musiqi məclisinin XIX əsrin əvvəllərində o dövrün zəngin mülkədarlarından sayılan  Əhməd Sultan qoyur və onun oğlu Mahmud Ağa bu işi ömrünün sonuna kimi davam etdirir. Bəzi mənbələrdə Əhməd Sultanın Şamaxı xanı Ağası xanla yaxınlığı, həm də qohumluğu göstərilir. Atasının nəcib əməllərini davam etdirən Mahmud Ağa muğam bilicilərini, qəzəlxanları uzun illər himayəsinə alır.

XVIII əsrin sonundan XIX əsrin II yarısına kimi Şamaxıda əllidən artıq şəxsi məktəb olmuşdur. Baxmayaraq ki, Azərbaycan artıq bölünmüşdü, xanlıqlar müstəqilliyini itirmişdi. Türkmənçay müqaviləsi ilə 1829-cu ildə baş verən amansız zəlzələ üst-üstə düşərək, ümumxalq bədbinliyi üçün zəmin yarada bilərdi. Lakin, nədənsə, məhz bu illərdə mədəniyyətin və musiqinin inkişafı vüsət alır.  

Şamaxının təxminən iki əsrlik tarixini ağuşuna alan zamanı və bu zamanın səmalarında  ulduzlar kimi parlayıb sönən müğənniləri, xanəndələri, şairləri, qəzəlxanları, xalqımızın müdriklərini və mülk sahiblərini xatırlayanda Sədi ilə razılaşmamaq mümkün deyil. Həqiqətən də,  "zaman sabitdir, ötüb keçən bizik".

Mahmud Ağanın ətrafında olan istedadların, bilik və ağıl sahiblərinin surətlərini yan-yana düzə bilsəydik, muğam və qəzəl aşiqlərinin bənzərsiz  rəsm qalereyası yaranardı. Xalqımızın mədəniyyətinin, maarifinin, elminin və incəsənətinin inkişafı üçün heç kimdən mükafat gözləmədən, sonsuz bir eşq, vətən sevgisi ilə əzmlə çalışan saysız-hesabsız sənət fədailərini görürük.  Söz və musiqi xiridarları ilə onlara arxa duran, himayədarlıq edən mülk, sərvət sahibləri ecazkar bir harmoniyada, vəhdətdə əməkdaşlıq ediblər. Şamaxıda XIX əsrin ortalarında yaşayan varlı adamların sayı yüzlərlə olub. Onlar maarifə, sənətə xüsusi rəğbət bəsləyər, Mahmud Ağaya, onun məclisinə böyük hörmətlə yanaşardılar. Özləri də saraya dəvət alan sənətkarlara, keçirilən müsabiqələrə, cəngilərin rəqslərinə qayğı göstərər, məclisə dəvət alan İran, Tiflis, Orta Asiya musiqiçilərini, rusiyalı səyyahları qonaq da edirdilər. Onlar başa düşürdü ki, Mahmud Ağanın gördüyü xeyirxah işlər Şamaxıya yalnız ucalıq gətirir.

Mahmud Ağanın  məclislərində, müsabiqələrdə sənətkarlarla yanaşı, musiqi təşnələri, sənət qədri bilən tacir, mülkədar və eləcə də dövlət qulluqçuları da vaxtaşırı iştirak edirdilər. Onlardan bir neçəsini xatırlayaq.  Mahmud Ağanın qonşusu Ağasadıq bəy Qocamanbəyov (1830-1908) Şamaxının sayılıb-seçilən mülkədarlarından biri idi. Kifayət qədər varlı, mülkləri, dəyirman və karvansaraları, bağ-bağatları var idi. O, Şamaxı ziyalıları ilə ünsiyyət qurar, Mahmud Ağa məclisinin iştirakçısı kimi onun qonaqlarını sarayına dəvət edərdi.

Memar Qasım bəy Hacıbabayev (1811-1874) Əhməd Sultanın dostlarından biri idi. Mahmud Ağanın atası Əhməd Sultanın musiqi gecələrində iştirak etmişdir. Qasım bəy 1840-cı illərdə Şamaxıda qubernatorun müavini işləmiş,  ilk dəfə burada teatr binası tikdirmişdir. 1859-cu il zəlzələsində şəhərin bərpasına xüsusi kömək edib. Onun layihələri ilə şəhərin plan strukturuna uyğun olaraq bir çox dini, yaşayış, ticarət və sair təyinatlı tikililər yenidən inşa olundu. Cümə məscidinin bərpasına şəhərin baş memarı kimi bilavasitə rəhbərlik edib, bir çox sarayların, dövlət binalarının, karvansaraların layihəsini də şəxsən özü verib, Bakı və Şuşa şəhərlərində inzibati binaların tikintisində, park və bağların qurulmasında da yaxından iştirak edib.  Bu qarşılıqlı münasibətlər mənəviyyatımızın və mədəniyyətimizin əsrlərin dərinliklərindən gələn zənginliyindən pöhrələnir.

 

 

 

Xeyriyyəçinin fəlsəfəsi

 

 

 

Keçmişini dərk edən, gələcəyinin uğur kodlarını öz kökündə, tarixində axtaran xalq təkamülündə ləngimir, geridə qalmır, əksinə, irəli sıçrayır, milyonlara, milyardlara nümunə ola bilir. Bu baxımdan Mahmud Ağanın xeyriyyəçiliyinin, onun əliaçıqlığının fəlsəfəsinin araşdırılmasına ehtiyac var.

Mahmud Ağa Sadıqcana qızıldan tar, Qaryağdıoğlu Cabbara qızıldan qaval hədiyyə edib. Onun muğam ustaları, müsabiqə qalibləri, şair, aşıq və rəqqasələrə verdiyi mükafatların siyahısı da uzundur: qızıldan hazırlanan  təsbehlər, üzüklər, saatlar, camlar, bazubəndlər, kəmərlər, boyunbağılar, sinəbənd, araqçın, sırğalar, qolbaqlar, qızıl əsalar və Buxara papaqları, zərli-baftalı əbalar, çərkəzi çuxalar. Hədiyyələrin qiyməti Ağanın səxavəti ilə yanaşı, məclisin nüfuzunun da yüksək tutulmasından xəbər verir. Bu məclisdə seçilənlər yüksək dəyərləndirilər, heç kimin istedadı kölgədə qalmazdı. Mahmud Ağa yaxşı bilirdi ki, Azərbaycan artıq Rusiyanın tərkibindədir. O bir tərəfdən rus dilini öyrənir, çar hökumətinin yerli təmsilçiləri ilə münasibətlərini qurur, övladlarının Rusiyadakı institutlarda təhsil almasına çalışır, digər tərəfdən də Azərbaycan mədəniyyətinin, musiqisinin, muğamının inkişafı üçün səxavətini əsirgəmirdi.

Onun ətrafındakı söz və sənət adamları, elm xadimləri, sərvət sahibləri və bir də Mahmud Ağanın nəsil-şəcərəsindən olan insanlar arasında ilk baxışda bir əlaqə, bağlılıq axtarmaq mənasız görünə bilər. Həqiqətən də, iki yüzillik bir dövrü əhatə edən ayrı-ayrı sənət sahiblərini, müxtəlif zamanlarda fərqli aqibətləri yaşayan insanları nə birləşdirə bilər ki?

Lakin mənəvi və psixoloji aspektdən bu insanların milli-mənəvi dəyərlərə münasibətini araşdıranda,  xalqımızın tərəqqisi, elmin, mədəniyyətin inkişafı yolunda gördükləri işlərə diqqət yetirəndə ayrı-ayrı qərinələrdə yaşayan, müxtəlif peşələri təmsil edən, fərqli aqibətlərin sahibi olan bu şəxsiyyətlərin  arasında qırılmaz bağlılığın mövcud olduğu üzə çıxır. Mahmud Ağa məclisinin ilk üzvlərindən Hacı Şirvani, Səid Ünsizadə, Bixud, Ələkbər Qafil, Bahar Şirvani, S.Ə.Şirvani, Məşədi Muxtar bəy, Murad Mirzah oğlunun və başqalarının adını çəkmək olar.

Cabbar Qaryağdı Xarrat Qulunun məktəbində ilk dəfə xanəndəlik təhsili alır, muğam sənətinə kamil yiyələnir, şöhrət qazanır, Gəncə, Şamaxı, Bakı toylarına dəvət alır, Tiflis, Orta Asiya, İranda ad-san qazanır. Ərəb və fars dillərini mükəmməl bilən Cabbar klassik Şərq poeziyasına da dərindən bələd idi. Şamaxılı sənətkarlarla dost olan Cabbar Mahmud Ağanın yardım etdiyi, qayğısına qaldığı insanlardan biri idi.

Mahmud Ağanın məclisinin  sorağı  Qarabağ, Bakı, Gəncə, Tiflis və Naxçıvana, hətta İrana, Orta Asiyaya kimi gedib çıxmışdı. Sovetlər dövründə məclis sözü əsl mənasını itirir, qonaqlıq, ziyafət anlamında işlədilir. Amma Azərbaycan dilinin izahlı lüğətində məclis sözünün bir mənası da qanunverici orqan kimi göstərilir. O zaman Mahmud Ağanın məclisi də sözdə, musiqidə meyarları təyin edən, inkişafa təkan verən bir qurum idi.  Belə məclisə müğənni, şair, sənətkarlardan savayı, ziyalı, bəy, tacirlər də qatılardı. Məhz bu amillərə görə biz çəkinmədən Mahmud Ağa məclisini daha mötəbər bir quruma - muğam  universitetinə bənzədirik, çəkinmədən elm məbədi ilə müqayisə edirik.

 

 

 

Naməlum universitet

 

 

 

Qərbin müasir universitetləri bu gün necə bilikli gəncləri, istedadlı müəllimləri öz ölkəsindən və dünyanın hər yerindən özünə cəlb etməyə çalışırsa, XIX əsrdə Mahmud Ağanın  məclisi də keçirdiyi müsabiqələrdə, yarışlarda fitri istedadları üzə çıxardar, mükafatlandırar, irəli çəkər, onun arxasınca yenilərinin gəlməsinə şərait yaradardı. Davud Səfyarov Bakı şəhərində anadan olub. Atasını erkən itirir, ehtiyac içərisində yaşayan anası 1884-cü ildə Şamaxıya köçür. Balaca  Davudun gözəl səsi Ağanı valeh edir, onu mədrəsəyə qoyur. Ustad xanəndə Mirzə Məhəmməd Həsən ona xalq mahnıları, muğamlarımızı öyrədir. Mahmud Ağanın məclisinin kamil xanəndəsinə çevrilir.

Qərb universitetləri necə öz kolleclərini yaradırsa, Mahmud Ağa da o zaman Şamaxıda yaranan əksər məktəbləri qanadının altına yığar, onların inkişafı üçün əlindən gələni əsirgəməzdi. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, Mahmud Ağanın məclisi, sözün əsl mənasında, ali təhsil ocağına bərabər idi. 

Mixail Lomonosovun yaratdığı universitet cəmi 4 fakültə ilə fəaliyyətə başlayır. Tələbələri də barmaqla sayılardı. Hətta 50 il ötəndən sonra belə Lomonosovun  universitetində tələbələrin sayı 500-ə çatmamışdı.

Mahmud Ağanın elm məbədində yüzlərlə xanəndə, aşıq, rəqqas, balabançı, tarzən, şair, nağaraçı toplaşmışdı. Qırx ildən artıq burada muğam müsabiqələri keçirilir. Ağanın yaratdığı kitabxana, bura toplanan əlyazmalar, risalələr, bəyazlar, kitablar təhsilin ciddiliyindən xəbər verirdi.

Bəzən isə elə olurdu ki, məclisdə iştirak edənlər "Qızılı salon"a  güclə sığışırdı. Muğam müsabiqəsinə qatılan sənətkarların sayı yüzü keçdiyindən müsabiqə həftədən çox çəkərdi bəzən. Bu müsabiqələr təcrübə mübadiləsinə bənzər, iştirakçıların inkişafına, zənginləşməsinə xidmət edərdi. Məclislərdə bir universitet mühitinin hökm sürdüyünü inkar etmək ədalətsizlik olardı.

Məclisə fitri istedadların dəvət olunması üçün axtarışlar aparılardı. İştirakçılara S.Ə.Şirvani, Həsən Çəp, Nəcəf bəy, Aşıq İbrahim və digərləri muğam və klassik poeziyanın sirlərini öyrədərdi. Burada xüsusi təlimlər keçirilər, risalələr hazırlanardı. Nəticədə muğam müsabiqəsindən keçən qaliblər, iştirakçılar bütün Şərqdə məşhurlaşar, ad qazanardılar. Yadımıza müstəqilliyimizin ilk illərində göbələk kimi artıb sağa-sola diplom paylayan universitet, institut və filialları salaq. Onların savadsız məzunları adi iş tapmaqda belə çətinlik çəkərdilər. Şamaxı məclislərində yetişən, püxtələşənlərə isə bütün Şərqdə ehtiyac var idi. Burada musiqi, muğamla həmahəng poeziyanın - şeirin və qəzəlin  inkişafı üçün münbit zəmin yaranmışdı. Ona görə də F.Şuşinski Mahmud Ağa məclisini əbəs yerə bütün Zaqafqaziyada çalıb-oxuyanların "təkmilləşdirmə institutu"na bənzətmişdi. Bura, həqiqətən də, bir musiqi akademiyası idi.

 

 

 

Muğamın qüdrəti

 

 

 

Şamaxını dağıdan, binaları, əsrarəngiz memarlıq abidələrini  məhv edən aramsız zəlzələlərlə şamaxılılar əsrlər boyu mübarizə apardılar. Bəlkə də insanları nikbin edən, təbiətin ağır sınaqları ilə vuruşmağa güc verən burada yaşayanların qarşılıqlı mehribanlığı, bir amal ətrafında birləşmək qabiliyyəti idi. Aramsız faciələr və fəlakətlər şamaxılıları daha güclü, daha mübariz etdi.

Zəlzələlərin arxasınca erməni cəlladları Şamaxını qılıncdan keçirib yandırdı, minlərlə insanı qətlə yetirdilər. Mahmud Ağanın törəmələri, ümumiyyətlə, Şamaxının sayılıb-seçilən bəy-bəyzadələri, adlı-sanlı simaları və minlərlə sadə insan tarixi faciələrlə üz-üzə qaldılar. Bolşevik diktaturası, 37-ci illərin repressiyaları, İkinci Dünya müharibəsi. Bu faciələrin aramsız zəncirində Mahmud Ağanın övladlarının, nəvə və nəticələrinin əqidələri dəyişmədi,  Sədinin təbirincə desək, zamanın özü kimi sabit qaldı. Belə çıxır ki, muğam da zamanın özü kimi dəyişməyən, sabit bir qüdrətə malikdir. Onu nə çar Rusiyası, nə də sovet ideologiyası dəyişə bildi, nə də ki, 37-ci illərin repressiyaları sındırdı. Muğam möhtəşəmliyi ilə tarixin bütün sınaqlarından saf çıxdı.

Ulu babaların Şamaxıda yaratdığı muğam, qəzəl universitetini və burada çalışanları öz sərvətlərindən uca tutduqları qədər də Mahmud Ağanın nəsil-şəcərəsindən  olanların əksəriyyəti yaşadığı zamandan və məkandan asılı olmayaraq, elmin, maarifin və mədəniyyətin inkişafına xidmət etdilər. Bu sadə və hər bir insanın qismətinə yazıla bilən ali vətənpərvərlik missiyasına Mahmudbəyovlar əsrlər boyu sadiq qalmaqdan usanmadılar.

Mahmud Ağa mülkədar olsa da, adını Azərbaycan tarixinə musiqimizin, muğam və poeziyamızın qorunmasında, inkişaf etdirilməsində əvəzsiz rol oynayan bir xeyriyyəçi kimi yazdırdı. Onun övladları, nəvələri, nəticə və kötükcələri bu möhtəşəm ağacın gövdəsi, qol-budaqlarıdır. Bu nəslin nümayəndələrinin qəribə və maraqlı taleləri olub. Yaşadığı zamandan və kimliyindən asılı olmayaraq, onlar Azərbaycan adlı bir vətənə, Azərbaycan adlı dövlətə sadiq insanlar olublar. Qarşılarına çıxan faciələrdən və fəlakətlərdən sarsılmadan, çəkinmədən ulu babalarından qalan müqəddəs bir əxlaqı ömürlərinin sonuna kimi daşıyıblar.  Əksəriyyəti elmlə məşğul olub, ölkələrində elmin, maarifin və sənayenin müxtəlif sahələrinin inkişafı üçün əlindən gələni əsirgəməyiblər. Məhz bu nəsildən olan insanların taleyini vərəqləyəndə, geri dönərək keçmişə - Mahmud Ağanın həyatına yenidən nəzər salanda onu adi musiqi məclisinin təşkilatçısı, muğam bilicisi kimi yox, daha böyük miqyasda - bir incəsənət məbədinin, böyük muğam məktəbinin yaradıcısı və hamisi kimi başa düşmək mümkündür. Bu nəcib xeyriyyəçinin dövrünü, onun gördüyü işləri göz önünə kim gətirsə, etiraf edəcək ki,  Mahmud  Ağanın öz sarayında qurduğu muğam məclisi, bu məclislərin keçirilmə qaydaları, bura öyrətməyə və öyrənməyə cəlb edilən müğənnilər, aşıqlar, xanəndələr və söz xiridarları bir məclis üzvlərindən daha çox zəmanəsinin mükəmməl təhsil ocağına - muğam, seir və sənət məbədinə bənzəyir. Bu incəsənət məbədi Ağanın öz sarayında yerləşirdi, "müəllimlər" bu sarayda yaşayırdı, bu sarayda onların qayğıları həll olunar, maddi ehtiyacları ödənilərdi. Bu sarayda məclisə, müsabiqələrə çıxarılan gənclər püxtələşdikdən sonra kamil sənətkarlar kimi yenilərinə sənətin sirrini öyrədərdilər. Ona görə də qürurla deməliyik ki, Mahmud Ağa Şərqin ilk "Muğam Universiteti"nin və  sözün əsl mənasında, "Poeziya Universiteti"nin özülünü qoyan nəcib xeyriyyəçidir. Bu gün gözəlliyi, bənzərsiz memarlıq həlli, auditoriya və zallarının möhtəşəmliyi ilə hamını heyran edən Milli Konservatoriyamızın tərcümeyi-halına Mahmud Ağanın məclisinin də əlavə olunması bir təklif kimi nəzərdən keçirilə bilərdi. Bu təklifin rəmzi mənası ondan ibarətdir ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra Milli Konservatoriyamız tədricən simasını dəyişib və dünyanın ən məşhur musiqi təhsili ocaqlarından birinə çevrilib. Burada oxuyan, çalışan hər bir kəs, hətta hər bir Azərbaycan vətəndaşı qədim tarixə malik təhsil ocağı və belə bir möhtəşəm abidəni ucaldanlarla fəxr edə bilər.

Dövlət başçısının Milli Konservatoriyanın yeni binasının açılışındakı çıxışında ibrətamiz məqamlar var. O, xalqımızın assimilyasiyaya uğramasının qarşısını alan, bizi xalq kimi tarixin sınaqlarından bütöv çıxaran  dəyərlərin mədəniyyətimiz, ana dilimiz, musiqimiz və poeziyamızdan ibarət olduğunu bildirdi: "Hər bir ölkə üçün, xüsusilə o qədər də böyük olmayan ölkələr üçün belə bir təhlükə vardır. Bu təhlükədən özümüzü qorumaq üçün milli-mənəvi dəyərlər möhkəm olmalıdır. Mənəvi dəyərlərin də tərkib hissəsi bizim milli musiqidir. Ona görə biz həm öz keçmişimizə hörmətlə yanaşmalıyıq, eyni zamanda, gələcəyə baxaraq bu müsbət meyilləri cəmiyyətdə gücləndirməliyik ki, Azərbaycan dəyərləri sarsılmasın, əriməsin, bizim həyat tərzimiz daim ənənəvi olsun və milli musiqimiz yaşasın". Mahmud Ağa da belə müqəddəs dəyərləri qoruyanlardan biri olmuşdur.

 

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2014.- 5 mart.- S.7.