Azərbaycan dünyada həm də idman nailiyyətləri ilə tanınır

 

Milli müstəqilliyin bərpasından ötən dövr ərzində ölkəmiz və xalqımız bir-birindən ağır tarixi sınaqlardan keçmişdir. Keçən əsrin 90-cı illərinin əvvəllərində ərazisinin böyük bir hissəsi işğal olunmuş, bir milyondan çox vətəndaşı yurd-yuvasından didərgin düşmüş, dərin ictimai-iqtisadi-siyasi böhran içində çapalayan müstəqil Azərbaycanın qısa müddətdən sonra ayağa qalxıb sabit inkişaf yoluna çıxacağını, regionda və beynəlxalq aləmdə layiqli mövqe tutacağını təsəvvür etmək belə çətin idi. Bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı belə bir möcüzənin gerçəkləşməsinə şərait yaratdı. Cəmi bir neçə il ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti sayəsində daxili siyasi sabitlik bərqərar edildi, cəmiyyət həyatının müxtəlif sahələrində islahatlar keçirildi, nəticə etibarilə iqtisadi tənəzzülə son qoyuldu və davamlı inkişaf dövrü başladı.

Diqqətəlayiq haldır ki, ümumi milli inkişaf prosesində bədən tərbiyəsi və idmana xüsusi əhəmiyyət verilir. Bu sahənin tərəqqisi dövlət siyasətinin prioritetlərindən birini təşkil edir, çünki söhbət gənclikdən - millətin gələcəyindən gedir. Hələ 1994-cü ildə Prezident Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu addımla dövlət bədən tərbiyəsi və idmana sahib çıxdığını bəyan etdi, sağlam, vətənpərvər gəncliyin yetişdirilməsini başlıca vəzifərlərdən biri kimi müəyyənləşdirdi. Sonrakı illərdə bu sahənin inkişafı üçün hüquqi baza yaradıldı, əlaqədar dövlət orqanları ictimai təşkilatlarla birlikdə idman və bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsi, əhaliyə, xüsusilə böyüməkdə olan nəslə sağlam həyat tərzinin aşılanması istiqamətində tədbirlər həyata keçirdi.

Sirr deyil ki, sovet dövründə Azərbaycan elə bir idman nailiyyəti, idman infrastrukturu ilə öyünə bilməzdi. Keçmiş imperiya dağıldıqdan sonra olub-qalan idman qurğuları da başlı-başına buraxılmış, yararsız vəziyyətə düşmüşdü. Odur ki, qarşıda müasir tələblərə cavab verən yeni infrastruktur yaratmaq, idmanın maddi-texniki bazasını möhkəmlətmək, ölkəni beynəlxalq aləmdə layiqincə təmsil edə biləcək idmançılar yetişdirmək, bədən tərbiyəsinin kütləviliyinə nail olmaq kimi çətin vəzifə dururdu. İllər keçdikcə bu məqsədə çatmaq üçün uğurlu addımlar atıldı, nəticədə Azərbaycan dünyada idman ölkəsi kimi tanındı, azərbaycanlı idmançıların beynəlxalq turnirlərdə qazandıqları möhtəşəm qələbələr dünya idman tarixinə yazıldı.   

Bu gün əminliklə demək olar ki, yeni müstəqil ölkə olmasına, müstəqillik dövründə ağır sınaqlardan keçməsinə baxmayaraq, Azərbaycanda idman və bədən tərbiyəsinin kütləviləşdirilməsi işi böyük ölçüdə təmin edilmişdir. Uşaqların, yeniyetmələrin, gənclərin idmana marağı ildən-ilə artır. Müasir idman infrastrukturunun yaradılması istiqamətində işlər davam edir, yeni idman qurğuları inşa edilir, köhnələri bərpa olunur. Artıq elə bir bölgə yoxdur ki, orada bədən tərbiyəsi və idmanın inkişafı prioritetlər sırasında olmasın. İndi ölkədə 10 mindən çox idman qurğusu fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, Azərbaycan idmanının bugünkü səviyyəyə çatmasında milli olimpiya hərəkatı əvəzsiz rol oynamışdır. Müstəqilliyin ilk illərində Azərbaycan idmançılarının olimpiya oyunlarında iştirakı həm olimpiyaçıların sayı, həm də əldə edilən uğurlar baxımından bir növ rəmzi xarakter daşıyırdı. MOK-un fəaliyyəti isə, demək olar ki, nəzərə çarpmırdı. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi ilə idmanın inkişafında dönüş mərhələsi başladı. Çox keçmədi ki, vəziyyət köklü şəkildə dəyişdi, milli olimpiya hərəkatı genişlənərək ölkə idmanının lokomotivinə çevrildi.     

Cənab İlham Əliyev MOK-un prezidenti seçilən kimi bütün idman ehtiyatlarını səfərbər edib düzgün istiqamətə yönəltmək, ölkənin idman təşkilatları arasında sıx əməkdaşlıq yaratmaq, onların vahid proqram əsasında bu sahənin tərəqqisini təmin etmək üçün işə başladı. Bütün bunlar milli olimpiya hərəkatının, bütövlükdə ölkə idmanının beynəlxalq aləmdə nüfuz qazanmasına gətirib çıxardı. İdmançılarla şəxsi görüşlər, qarşıya çıxan problemlərin operativ şəkildə həll edilməsi onların beynəlxalq turinirlərdə böyük məqsədlər  uğrunda mübarizə əzmini artırdı.

2000-ci ildən etibarən ölkənin müxtəlif bölgələrində müasir tipli olimpiya idman komplekslərinin inşası başladı və proses indidavam edir. Hazırda belə komplekslərin sayı 40-a çatır.

Görülən işlər tezliklə bəhrəsini verdi. İdmançılarımız olimpiya oyunlarında bir-birinin ardınca parlaq qələbələr əldə etdilər. Rəqəmlərə nəzər salaq: Azərbaycan ilk dəfə müstəqil dövlət kimi qatıldığı Atlanta Olimpiadasında (1996) 1 medal qazanmışdısa, Sidneydə (2000) 3 medal, Afinada (2004) 5 medal, Pekində (2008) 7 medal, nəhayət, Londonda (2012) 10 medal qazanmışdır. Göründüyü kimi, hər olimpiadada ölkə rekordu yenilənmişdir. Medal sıralamasında da olimpiyaçılarımız hər dəfə yeni milli rekorda imza atmışlar. Olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu yeri tutmuşdusa, Londonda 204 ölkə arasında 30-cu yeri tutmuşdur. Eyni zamanda, yığma komandamız hər yeni olimpiadaya daha çox idmançı ilə qatılır, daha çox idman növündə təmsil olunur.

Onu da qeyd etmək lazımdır ki, dövlət başçısı həmişə olimpiya oyunlarında idmançılarımızın yanında olur, onları dəstəkləyir. Bu isə olimpiyaçıların mübarizə əzmini daha da artırır, onları yeni-yeni qələbələrə ruhlandırır.

İdmanın qeyri-olimpiya növləri də inkişaf edir. Bu növlərlə məşğul olan idmançılarımızın - şahmatçıların, boksçuların, güləşçilərin, karateçilərin, taekvondoçuların, gimnastların, voleybolçuların və b. beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlərdən çox danışmaq olar. Komanda yarışlarında şahmatçıların uğurlarına isə xüsusi olaraq toxunmaq lazımdır. Azərbaycanlı şahmat ustalarının əldə etdikləri nailiyyətlər  hər cür təqdirə layiqdir. Ötən il noyabrın 8-18-də seçmə komandamız Polşanın paytaxtı Varşavada keçirilmiş kişi şahmatçılar arasında qitə komanda çempionatında birinci yeri tutdu. Bununla şahmatçılarımız həm ölkə, həm də Avropa şahmat tarixinə yeni qızıl səhifə yazdılar. Özübu, Azərbaycan şahmatının qitə miqyasında ilk böyük uğuru deyildi. Son səkkiz ildə kişi şahmat komandamız  dörd qitə çempionatında iştirak etmiş, bu turnirlərin dördündə də medal qazanmışdır. Milli komanda iki dəfə qitə çempionu olmuşdur.  İndiyədək Avropanın heç bir ölkəsi belə bir nəticə göstərə bilməmişdir.

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, idmanın çoxsaylı növləri arasında şahmatın xüsusi yeri var. Prezident İlham Əliyevin kişi şahmatçılar arasında qitə komanda çempionatının yeni qalibləri ilə görüşərkən vurğuladığı kimi, şahmat idmanın intellektual növüdüronun inkişafı ölkənin ümumi intellektual potensialını nümayiş etdirir: "Şahmatçılarımızın bu qələbəni əldə etmələrinin təməlində Azərbaycan xalqının istedadı dayanır. Biz Avropa ölkələri arasında birinciyik. Bildiyiniz kimi, ən qabaqcıl texnologiyalar, ən mütərəqqi ixtiralar Avropa məkanında mövcud olur. Avropada birinci olmaq, intellektual oyunda birinci olmaq Azərbaycan xalqının intellektual potensialını bir daha göstərir...  Biz Avropaya, dünyaya göstəririk ki, Azərbaycan intellektual inkişaf baxımından heç kimdən geridə qalmır".

Eyni zamanda Azərbaycan qitə və dünya miqyaslı turnirlərə ev sahibliyi edir, beynəlxalq idman aləmində mövqeyini möhkəmlədir, idman ölkəsi kimi özünü təsdiq edir. Ölkəmiz indiyədək bir çox mötəbər beynəlxalq turnirləri qəbul etmiş, bu işdə zəngin təcrübə qazanmışdır. Ona görə də beynəlxalq idman təşkilatları müxtəlif idman növləri üzrə turnirlərin təşkilini Azərbaycana etibar edir. Heç də təsadüfi deyil ki, gələn il keçiriləcək birinci Avropa Oyunlarını təşkil etmək hüququ ölkəmizə verilmişdir. Bakı şahmatçıların 2015-ci il Dünya kubokuna və 2016-cı il Olimpiadasına ev sahibliyi edəcək. 2017-ci ildə isə Azərbaycan başqa bir mötəbər idman tədbirini - IV İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək.

Bir məqamı da vurğulamaq lazımdır ki, idmanın inkişafını ölkənin ümumi inkişafı şərtləndirir. Prezident İlham Əliyevin ötən il XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və idman mütəxəssislərini qəbul edərkən bildirdiyi kimi, "Azərbaycanın belə uğurları ölkəmizin ümumi inkişafını göstərir. Çünki sirr deyildir ki, ancaq güclü, qüdrətli dövlətlərdə idman uğurla inkişaf edə və idmanda böyük uğurlar ola bilər". Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, cəmiyyətimiz idman sahəsində uğurlara artıq bir növ vərdiş edibdir: "Əvvəlki illərdə hər bir qələbə böyük bir rezonansa səbəb olurdu. Ancaq bu da təbiidir. Çünki qələbələrin sayı artdıqca insanlar buna öyrəşir və elə gəlir ki, bu qələbələri əldə etmək çox asandır. Siz idmançılar və idmanla məşğul olanlar yaxşı bilirsiniz ki, bütün bu nailiyyətlər nə qədər böyük zəhmət hesabına əldə edilir. İdmançılar nəyin bahasına öz dövlətini ləyaqətlə təmsil edirlər, zədələnirlər, xəsarət alırlar, yorulurlar. Bütün bu işlər, necə deyərlər, diqqətdən bir qədər kənarda qalır. Ancaq bunu hamı bilməlidir. Çünki belə mötəbər yarışlarda böyük qələbəni əldə etmək üçün mütləq çox böyük fədakarlıq, peşəkarlıq və vətənə sevgi lazımdır. Bizim gənclər vətənpərvərlik ruhunda tərbiyə alırlar, vətənə, xalqa bağlıdırlar. Onların ən böyük mükafatı xalqın sevgisi və qiymətidir".

Bu gün Azərbaycan idmanı intibah dövrünü yaşayır. Dövlətin bu sahəyə diqqəti daimidir. İdmançılar, idman mütəxəssisləri hər cür qayğı ilə əhatə olunublar. Hər il yeni-yeni idman qurğuları tikilib istifadəyə verilir. Dövlət başçısının fərmanı ilə 2012-ci il "İdman ili" elan olunmuşdu. 2005-ci ildən bəri ölkədə 5 mart - Bədən Tərbiyəsi İdman Günü qeyd edilir. Bir sözlə, bədən tərbiyəsi idman cəmiyyət həyatının ayrılmaz hissəsinə çevrilmişdir.

 

 

 

Allahverdi MEHDİYEV,

Azərbaycan.-2014.- 5 mart.- S.8.