Ədliyyə naziri Şamaxı şəhərində vətəndaşları qəbul etmişdir

 

Martın 5-də ədliyyə naziri Fikrət Məmmədov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şamaxıdakı Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, Ağsu və digər rayonlarda yaşayan vətəndaşları qəbul etmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdır.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoymuş, əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilmişdir.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin edilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 6 mart.- S.2.