Dağlarda bahar
Novo Saratovka kəndində
Novruz çərşənbəsi
Novo Saratovka Gədəbəyin ən iri kəndlərindən biridir. Yüz ildən çoxdur ki, burada azərbaycanlılarla birlikdə malakanlar da bir ailə kimi mehriban yaşayırlar. Onların xeyir-şərləri də bir olur, bayramları da.
Novruz bayramı malakanların da məişətinə daxil olub. Həftənin ikinci gününün səhəri Novo Saratovka kəndi yuxudan erkən oyanıb. Sakinlər Od çərşənbəsini qeyd etməyə hazırlaşırlar. Nəhayət, yaraşıqlı həyətlərdən birində çoxlu qonaq yığışır, süfrə açılır.
Geniş meydanda Novruz tonqalı alovlanır, kütləvi şənliklər yeni vüsət alır, el sənətkarları, çaparlar öz məharətlərini göstərirlər. Ağbirçək Qalina xanım qonaqları qarşılayır.
İcra hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev tədbirin iştirakçılarını salamlayır, Novruz ənənələrinin tarixindən danışır. Yeni ilin gəlişindən xəbər verən bu nəcib bayramın əsrlər, minillər boyu mövcud olduğunu bildirir. Kosa-kosa, Qodu-qodu oyunları barədə məlumat verir. Novruzun bir vaxtlar daha geniş qeyd olunduğunu söyləyir. Qeyd olunur ki, hətta Kosa-kosa oyunu 1917-ci ildə Bakıda ilk dəfə teatr səhnəsinə qoyulmuşdu. Sonralar xalqımızın milli ənənələrindən xəbər verən bu nəcib bayram illər boyu yasaq edilmişdi. Yalnız Heydər Əliyev hakimiyyətə gələndə Novruza geniş meydan açıldı. Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xalqımızın milli adət-ənənələrinin qorunub saxlanması, beynəlxalq aləmdə tanınması və gələcək nəsillərə çatdırılması üçün gördükləri misilsiz işlər barədə ətraflı məlumat verildi.
Kənd sakini Mariya Ribalkina deyir ki, Novruz bayramı bizim üçün də əzizdir. Hamımızın canımıza, qanımıza hopub. Bayramqabağı ev-eşikdə, həyət-bacada yır-yığış edirik, səliqə-sahman yaradırıq, küsülülər barışır, hamı bir-birinə qonaq gedir, qazanlar asılır, şəkərbura, paxlava bişirilir. Biz də bayram günlərində üzərlik yandırırıq, tonqallar qalayırıq, yumurta döyüşdürürük. Qapıya papaq atılanda Novruz payı veririk.
Kənd sakini Mariya Ribalkina deyir ki, Gədəbəy əhli sağ olsun, onlar da bizim Pasxa bayramına böyük ürəklə, həvəslə gəlirlər.
Qəfildən Vasili Svetsov tonqalın üstündən atılır.
- Ağırlığımız-uğurluğumuz qoy burada qalsın, - deyir.
Çərşənbələrin gəlişi ilə torpaq oyanır. Yeni ilin bol məhsulunun bünövrəsi qoyulur. Valentina Strelyayeva sinədəftər imiş. Deyir ki, torpaq əkinçinin zəhməti ilə zinətlənir. Torpağa sadiq olan il boyu ac qalmaz. Sonra da milli geyimli başqa bir xanım Azərbaycan dilində şirin rus ləhcəsi ilə bayatı deyir:
Torpağı qoydum dincə,
Novruz bizə gəlincə.
Torpağa kəm baxanı
Doğrarlar incə-incə.
Söhbət nankor ermənilər tərəfindən zəbt olunmuş torpaqlarımızdan düşdü. Qalina Pavlovna bayram iştirakçılarının fikrini ifadə edərək dedi ki, gün o gün olsun, Qarabağ azad edilsin. Biz də növbəti bayramı orada keçirək.
Əhməd
İSAYEV,
Azərbaycan.-2014.- 6 mart.- S.7.