«Bakı şəhərinin Xəzər və
Pirallahı rayonlarının inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər edilməsi
haqqında» Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli
898-IVQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını üç
ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhərinin Pirallahı və Xəzər rayon icra hakimiyyətləri ilə birlikdə "Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yeni müəyyən edilmiş sərhədlərdə bir ay müddətində mərzçəkmə işlərinin yerinə yetirilməsini təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Bakı
şəhərinin Xəzər və Pirallahı
rayonlarının inzibati ərazi bölgüsündə qismən
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
6 mart 2014-cü il
Azərbaycan.-2014.- 6 mart.- S.1.