Mədəniyyətlərarası dialoqa xüsusi önəm
verən
Azərbaycan dünyada zəngin
tolerantlıq ənənələri ilə tanınır
Martın 6-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşmüşdür.
Görüşdə
Allahşükür Paşazadə İyad bin Amin Mədənini
İƏT-in baş katibi vəzifəsinə seçilməsi
münasibətilə təbrik etmişdir.
Azərbaycan-İƏT
münasibətlərinin yüksək səviyyədə
olduğunu söyləyən QMİ-nin sədri əmin
olduğunu bildirmişdir ki, əlaqələr bundan sonra daha
da inkişaf edəcəkdir.
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu söyləyən Allahşükür Paşazadə bu məsələdə ulu öndər Heydər Əliyevin mühüm xidmətlərinin olduğunu vurğulamışdır. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətlərarası dialoqa, tolerantlığa, multikulturalizmə mühüm önəm verdiyi diqqətə çatdırılmışdır.
Şeyxülislam Allahşükür Paşazadə İƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində rəsmi Bakının haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə etmişdir.
İyad bin Amin Mədəni Azərbaycan-İƏT əlaqələrinin inkişafından məmnunluğunu bildirmiş, ölkəmizin bu təşkilatın inkişafına mühüm töhfə verdiyini söyləmiş, üzv dövlətlərin iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Baş katib Azərbaycandakı mövcud dövlət-din münasibətlərini yüksək qiymətləndirmiş, bunu digər ölkələr üçün nümunə olduğunu söyləmişdir. Bu gün mədəniyyətlərarası dialoqa xüsusi önəm verən Azərbaycanın dünyada zəngin tolerantlıq ənənələri ilə tanındığını deyən İyad bin Amin Mədəni ölkədə müxtəlif dinlərə mənsub xalqların sülh, mehribanlıq şəraitində yaşamasının yürüdülən düzgün siyasətin nəticəsi olduğunu vurğulamışdır.
Sonra İƏT-in baş katibinə xatirə hədiyyəsi təqdim olunmuşdur.
Görüşdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, deputatlar, Azərbaycanda fəaliyyət göstərən bir sıra müsəlman ölkələrinin səfirləri və digər rəsmi şəxslər iştirak etmişlər.
Sonda QMİ-nin sədri tərəfindən İƏT-in baş katibinin şərəfinə ziyafət verilmişdir.
AzərTAc
Azərbaycan.-2014.- 7 mart.- S.3.