Bakıətrafı qəsəbələr
daha da abadlaşır
Bakıda və onun ətraf qəsəbələrində aparılan abadlıq, tikinti-quruculuq işləri nəticəsində bu qədim şəhər gəncləşib, müasirləşib. Buna səbəb "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində görülən işlərdir. Dövlət proqramında qarşıya qoyulmuş ümumilikdə 17 müxtəlif sahəni əhatə edən tədbirlər yüksək səviyyədə həyata keçirilmişdir. Təbii ki, bu uğurun özülündə 2006-2007-ci illəri əhatə edən ilk dövlət proqramının icrası durur. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" həmin sənədin davamı olmuşdur. Proqramda nəzərdə tutulan iri infrastrtuktur layihələri vaxtında həyata keçirilmiş, abadlıq-quruculuq işləri başa çatdırılmış, əhaliyə göstərilən kommunal xidmətlərin həcmi xeyli yaxşılaşmışdır.
Ötən il dekabrın 23-də "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfrasda bu nailiyyətlərdən ətraflı danışılmışdır. Konfransda Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan yeni vəzifələr və perspektiv inkişaf istiqamətləri şəhərətrafı qəsəbələrin sənaye təməli üzərində inkişaf edəcəyindən xəbər verir. Bu, paytaxta və onun qəsəbələrinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Dövlət başçısı bununla bağlı demişdir: "Bakı şəhəri bölgənin və hətta deyə bilərəm ki, dünyanın mərkəzlərindən birinə çevrilmişdir. Bakıda yüksək səviyyəli tədbirlər artıq adi hala çevrilmişdir. Zirvə görüşləri, dünya liderlərinin görüşləri, iqtisadi forumlar, humanitar forumlar - bütün bunlar reallıqdır və Bakı dünya xəritəsində artıq öz layiqli yerini tuta bilmişdir".
Dövlət başçısının və Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə milli və mədəni irsimizin qorunması, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər sahələrin inkişafı ilə əlaqədar önəmli işlər görülmüşdür.
Başqa sözlə, təkcə 2011-2013-cü illərdə paytaxt və qəsəbələrdə 174 orta məktəb, 7 texniki-peşə məktəbi, uşaq yaradıcılıq mərkəzləri, 121 uşaq bağçası-körpələr evi əsaslı təmir olunmuş, 39 orta məktəbdə 14920 şagirdlik əlavə tədris korpusları, idman zalları və yeni sinif otaqları inşa edilmişdir. Maştağa qəsəbəsinin sakini Kəmalə Cəfərova deyir ki, sakinləri sevindirən amillərdən biri də çəkilən yeni yolların rahatlığıdır. Son 3 il ərzində Bakıətrafı 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 kilometr qəsəbələrarası yollar təmir olunub, rayon və qəsəbədaxili yollara 3 milyon kvadratmetrdən çox asfalt örtüyü salınıb, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilib. Bunlardan əlavə, 3500 kilometr qaz kəməri çəkilib, əlavə 132 min abonent qazla təmin olunub. Həmçinin 39 elektrik yarımstansiyası tikilib, 4400 kilometr elektrik kabel xətləri çəkilib və beləliklə, əhalinin elektrik və istilik enerjisinə olan tələbatı təmin edilib.
Təsadüfi deyil ki, Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafından, geniş miqyas alan abadlıq və quruculuq işlərindən danışarkən ən bariz nümunə kimi Bakı göstərilir. Artıq paytaxtımız Cənubi Qafqazın mərkəzi statusunu aşaraq dünyanın ən nüfuzlu sammitlərinin, konfraslarının, mədəniyyət və idman yarışlarının keçirildiyi, müasir və möhtəşəm şəhərə cevrilib.
2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrasının yekunlarına həsr olunmuş konfrasda Prezident
İlham Əliyev növbəti illər üçün
qarşıda duran vəzifələrdən danışarkən
bildirmişdir ki, gələcəkdə yeni proqramlar işləniləcək,
ölkə üzrə gedən müsbət proseslər gələcəkdə
də davam etdiriləcəkdir.
Rəhman SALMANLI,
Azərbaycan.-2014.- 7 mart.- S.4.