Azərbaycan ilə İtaliya arasında təhsil əlaqələri genişlənir

 

Bakının 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və İtaliyanın Bakıdakı səfirliyinin dəstəyi ilə "Gələcəyin məktəbi" adlı çoxmədəniyyətli və çoxdilli təhsil layihəsinin təqdimat mərasimi keçirilmişdir.

Təhsil Kompleksindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilmişdir.

Mərasimdə Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, burada müxtəlif dillərin tədris olunmasından danışmışdır. Qeyd olunmuşdur ki, ilk beynəlxalq status almış dövlət məktəbi kimi bu təhsil müəssisəsi şagirdlərə bir neçə xarici dilin öyrədilməsini qarşıya məqsəd qoymuşdur. Burada məktəblilərə rus, fransız, ərəb və ingilis dilləri mükəmməl şəkildə öyrədilir.

Direktor təhsil müəssisəsinin nəzdindəki "Ana məktəb"də italyan dilinin tədris olunacağını bildirərək bundan məmnunluq hissi keçirdiyini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, müvafiq layihə Azərbaycan və İtaliya dövlətləri arasında təhsil sahəsində əməkdaşlığın gələcəkdə daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.  

İtaliyanın Bakıdakı səfiri Ciampaolo Kutillo öz ölkəsi ilə Azərbaycanın uğurlu əlaqələrindən danışmışdır. Səfir eyni zamanda layihənin, 132-134 nömrəli Təhsil Kompleksi ilə İtaliyanın İSAAC NEWTON liseyi arasında bağlanmış əməkdaşlıq müqaviləsinin əhəmiyyətini vurğulamışdır.

İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti Paola Kazaqrande  bu təşkilat haqqında məlumat vermişqurumun məqsədinin İtaliya və Azərbaycan dövlətləri arasında təhsil sahəsində də əməkdaşlığın yüksək mərhələyə çatdırılması olduğunu bildirmişdir.

Sonra tədbir bədii hissə ilə davam etmişdir. Təhsil Kompleksinin şagirdləri Azərbaycan, rus, ingilis, fransız və italyan dillərində şeirlər  söyləmişlər. Məktəblilərin rəsm işlərindən ibarət sərgi də nümayiş etdirilmişdir.

 

Azərbaycan.-2014.- 8 mart.- S.7.