Neftçi təkcə kişi peşəsi deyil

 

Yaxın keçmişdə "neftçi qadın" dedikdə gözümüz önünə ayağında ağır çəkmə, əynində nimdaş gödəkçə buruqlar arasında addımlayan, gecəyarı əlində fənər qəzalı quyunun "haray"ına tələsən qadın gəlirdi. Yaxud təsəvvürümüzdə estakada üstündəki kiçik köşkə bənzəyən " otağı"nda qışın çovğununda, yayın qızmarında əmək növbəsi çəkən qadınlar canlanırdı.

İllər keçib zaman dəyişdikcə köhnə köşklər müasir avadanlıqlar quraşdırılmış idarəetmə məntəqələri ilə əvəz olunur. Xəzərdə kiçik özüllərlə yanaşı ən böyükmüasir platformalar ucalır, neftçi qadın isə solğun gödəkçə yox, göy, qırmızı, narıncı rəngli gözəl və rahat kombinezonlar geyinir.

Azərbaycanın aparıcı qəzetlərində çalışdığım 1980-ci ildən üzübəri bir çox neftçi qadınlarla yaxından tanış olmuşam. Zəhmətkeş, çətinlikdən qorxmayan, mərd insanlardır. Adətən kişi peşəsi saydığımız neftçilik onları əsla kobudlaşdırmır, əksinə, belə qadınlar möhkəmlənməklə yanaşı, həm də ünsiyyətcil və nikbin olurlar. Bu illər ərzində neftçi qadınlar sırasından özümə yaxşı dostlar tapdığım üçün onları yaxından tanıyır, sevir və nailiyyətlərini izləyirəm.

Deyim ki, son illərdə neftçi qadınlarımız bir addım da irəliyə gediblər. Bu gün xarici şirkətlərlə birgə həyata keçirilən iri neft-qazixrac layihələrində müxtəlif peşə və ixtisas sahibi olan onlarca Azərbaycan qadını çalışır. Onlara tapşırılmış işlərdə, eləcə də etibar edilmiş yüksək vəzifələrdə özlərini layiqincə  doğruldurlar. Bu barədə BP Azərbaycan şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı deyir:

- Şirkətdə çalışan azərbaycanlı qadın mütəxəssislər yüksək icrası və səriştə nümayiş etdirərək beynəlxalq səviyyəli layihələrə beynəlxalq səviyyədə töhfələr verirlər. Təsadüfi deyil ki, onlar BP-nin Londonda və dünyanın başqa yerlərində həyata keçirdiyi layihələrdə işləməyə də dəvətlər alır və etimadı doğruldurlar.  Bu isə o deməkdir ki, mütəxəssis xanımlarımızın ixtisas dərəcəsi, səriştə və bilgiləri BP-nin 100-dək ölkədəki işçilərinin səviyyəsi ilə rəqabətə tam uyğundur. Əməliyyatların ilk illərində platforma və digər obyektlərdə yerli qadın mütəxəssislərimiz yox dərəcəsində idi. Hazırda onlar dəniz platformalarında, Səngəçal terminalında və digər obyektlərdə aparıcı işçilərdəndir. Bunları rəqəmlərlə göstərsəm, fikrimi daha əyani ifadə edərəm. Hazırda əməliyyatlarda 55, Səngəçal terminalında 45, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda və ATA tikinti-quraşdırma sahəsində 19, neft-qaz kəmərlərinin nasos stansiyalarında 3, platformalarda 3, BP-nin ofislərində isə 590 azərbaycanlı mütəxəssis qadın çalışır. Şirkətdə onların həm ixtisas dərəcələrinin yüksəldilməsinə, həm də vəzifədə irəli çəkilmələrinə qayğı göstərilir. Onlar rəhbər qrupda da təmsil olunublar, belə ki, şirkətin vitse-prezidentlərindən biri azərbaycanlı xanım Leyla Novruzovadır. Ümumilikdə isə hazırda şirkətdə 71 azərbaycanlı menecer qadın yüksək vəzifədə çalışır.

 

Tamam xanımın haqqında bəhs etdiyi qadınlardan birigeoloq Arzu Cavadovadır. Geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Arzu Cavadova bu gün BP Azərbaycan şirkətində geoloji-kəşfiyyat üzrə menecer vəzifəsində çalışır.

Əgər BP-nin keçdiyi yola nəzər salsaq, dünyada qazandığı nüfuzu və ölkəmizdə gerçəkləşən ən böyük neft-qaz yataqlarının işlənməsi və karbohidrogenlərin ixracı layihələrinin əməliyyatçısı olduğunu xatırlatsaq, burada çalışmağın məsuliyyəti barədə söz deməyə ehtiyac qalmaz. Üstəlik də Arzu xanımın üzərinə düşən vəzifə özlüyündə sahibindən dərin bilik, böyük səriştə və təcrübə tələb edir.

Arzu xanımı BP-yə gətirən yol uzaqdan başlanıb. Əvvəlcə düşündük ki,  çalışdığı sahəyə marağı onun təhsil aldığı dövrdə NeftKimya İnstitutu, indi isə Azərbaycan Dövlət Neft Akademiyası adlanan ali məktəbin auditoriyalarında yaranıb. Amma söhbəti ilə təsdiqlədi ki, onu bu sahəyə gətirən neftçi ailəsində böyüməsi olub. Arzu xanım neftçi övladıdır. Atası Sahib Cavadov uzun illər yanğın əleyhinə komandada çalışaraq öz sadə, eyni zamanda çətin əməyi ilə neft mədənlərini təhlükələrdən qoruyub. Bir gün sorağı "Bulla"dan, "Ələt"dən, ertəsi gün Qum adasından, yaxud Səngəçaldan gəlib... İxtisas seçməkdə isə Arzuya istiqaməti dayısı, tanınmış kristalloqraf-mineroloq Rafael Əliyev verib.

Yeri gəlmişkən qeyd edək ki, Arzunun böyük bacısı Zaiqə Əlizadə də bu yolu seçib. Hazırda o, "Azneft" İstehsalat Birliyinin geoloji fondunun rəhbəri vəzifəsində işləyir.

Hələ institutda oxuyanda Arzu Cavadova Tələbə Elmi Cəmiyyətinin fəal üzvlərindən olub. Hətta dəfələrlə MoskvaSankt-Peterburq şəhərlərində tələbələrin elmi konfranslarında iştirak edib. İki elmi ixtirada həmmüəlliflik şəhadətnaməsi var. Söz düşmüşkən: Arzu xanımın müxtəlif nəşrlərdə 30-dan çox məqaləsi dərc olunub.

1989-cu ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuran Arzunu institutda assistent kimi saxlayırlar. Bir il sonra isə sənədlərini məqsədli aspiranturaya təqdim edir. Moskvada - Moskva Dövlət Universitetində aspiranturada oxumalı idi. Lakin 1990-cı ilin bizim üçün acı və faciəli olayları onu yolundan saxladı. Belə ki, valideynləri və elmi rəhbərləri ona elə Bakıda qalıb aspiranturanı bitirməyi məsləhət bildilər.

Az sonra Azərbaycanda əsl neft bumu başlandı. Xarici şirkətlər ölkəmizin neftqaz yataqlarında işləmək üçün Bakıya gəlməkdə idilər. Bu işlərə gənc mütəxəssislər də cəlb olunurdu. Bu vaxt Arzu da ümidverən bir mütəxəssis kimi diqqətdən kənarda qalmadı. Elmi işinin rəhbəri onun ARDNŞ-lə xarici şirkətlərin apardığı birgə işlərə qoşulmasına dəstək verdi.

Arzu xanım o günləri belə xatırlayır:

- İlk əməkdaşlığım ABŞ-ın o vaxtkı "Yunokal" şirkəti ilə oldu. Şirkətin Kaliforniyadakı ofisində üç ay uğurlu apardıq. Mən orada öz dissertasiya mövzumla da məşğul oldum. Elmi işim  "Bakı arxipelaqının karbohidrogenlər sisteminin neft-qazlılığının qiymətləndirilməsi" mövzusunda idi. Belə layihələri işləmək üçün mütləq laboratoriya analizləri aparmaq lazımdır. Doğrusu, o vaxt bizdə lazımlı texnologiyaların bir çoxu yox idi. Odur ki, "Yunokal"ın ofisindəki mənə bu sarıdan da kömək etdi... Bundan bir neçə ay sonra daha bir layihədə işləməli oldum. ABŞ-ın "Mobil" şirkətinin Dallas şəhərindəki elmi-tədqiqat mərkəzində Cənubi Xəzər hövzəsinin öyrənilməsi üzərində apardıq.

Bu zaman Arzu Cavadova özünü artıq karbohidrogen sistemlərinin öyrənilməsində bir mütəxəssis kimi təsdiq etmişdi bir sıra nailiyyətləri vardı. Rumıniya, İsveçrə, Çexiya, Avstriya, Almaniya digər xarici ölkələrdə beynəlxalq konfranslarda çıxışlar da etmişdi.

Sonrakı illərdə bir neçə xarici şirkətdə işləməklə keçdiyi yol onu Azərbaycanda ən böyük əməliyyatçı şirkətə - BP- doğru gətirirdi. Bu yol o zaman regionda müasir analizlər aparan yeganə laboratoriya olan "Azlab"dan keçdi. "Azlab"da Arzunun üzərinə geokimya laboratoriyası qurmaq kimi çətin bir vəzifə düşmüşdü ki, bunun da öhdəsindən o, layiqincə gəldi. Sonra "Fvontera Resources", "SalyanOil", "Amerada Hess" kimi xarici şirkətlərdə çalışdı.

2007-ci ildən Arzu Cavadova BP-dədir. Burada əvvəlcə geoloji-kəşfiyyat şöbəsində geologiya elmləri üzrə baş mütəxəssis kimi fəaliyyət göstərdi. Daha sonra ona indiki vəzifəsini etibar etdilər.

Arzu Cavadova öz işi barədə ürəkdolusu danışır. Deyir ki, rəhbərlik etdiyi qrupun vəzifəsi həm Azərbaycan, həm BP üçün sərfəli şərtlərlə yeni  layihələrin təşəbbüsünü irəli sürmək onları işə salmaqdır. Kəşfiyyat dövründən hasilat başlanana qədər onları planlaşdırmaqdır.

Söhbət görülən son işlərdən, əsasən "Şəfəq-Asiman" blokundan düşür. Blokun geoloji-kəşfiyyatı işlənməsi haqqında BP ARDNŞ arasında hasilatın pay bölgüsü sazişi 2010-cu ilin oktyabr ayında imzalanıb. Məlum olduğu kimi, Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşən 1100 kvadrat kilometrə yaxın ərazini əhatə edən bu blokda həmin vaxtadək heç bir geoloji-kəşfiyyat işi aparılmamışdı.

Seysmik tədqiqat işləri yerli şirkət olan "Kaspian Geofizikal" tərəfindən aparılmışdır. Arzu xanım deyir ki, hazırda əldə olunmuş məlumatların interpretasiyası gedir. Nəticədə qazılacaq quyu, onun dizaynı təyin olunmalıdır.   Rezervuarın təzyiqi öyrənilməlidir. Hər zərgər dəqiqliyi ilə aparılmalıdır. Çünki "Şəfəq-Asiman" sadə bir blok deyil. O, dənizdə suyun dərinliyinin 650-800 metr arasında dəyişdiyi ərazidə yerləşir, kollektorun dərinliyi isə 7100 metrə çatır. Bu cür şərtlərə cavab verən quyu Azərbaycanda ilk dəfə qazılacaq. Belə məsuliyyətli, eyni zamanda maraqlı işin içində olmaqdan böyük zövq alıram.

İnterpretasiya işlərini aparmaq ARDNŞ-nin Geofizika geologiya departamentinin üzərinə düşüb. Arzu xanım onu da qeyd etdi ki, bütün işlərdə yerli qüvvələrdən istifadə olunmasına səy göstərilir.

Bu işlərdə təbii ki, qadınların da əməyi az deyil. Ümumiyyətlə, Arzu xanımın "neftçi qadın peşəsi deyil" fikrinə münasibəti necədir? Bunu öyrənmək üçün ona daha konkret bir sualla müraciət etdik:

- Sizcə, bugünkü qızlarımız neft sahəsinə gəlsinlər, ya gəlməsinlər?

- Gəlsinlər, mütləq gəlsinlər, - dedi sonra bu qətiyyətinin nədən qaynaqlandığını şərh etdi: - Neft Azərbaycanın böyük sərvətidir. Neft sənayesi Azərbaycan iqtisadiyyatının aparıcı sahəsidir. Belə olduğu halda, təbii ki, burada işləməyə oğlanlar da, qızlar da gəlirlər. Bu elə geniş bir sahədir ki, orada həmişə işləməyə özünü doğrultmağa meydan var. Neft sahəsində həm romantika, həm elm, həm zəhmət, həm irəliləyiş olduğunu desəm, yəqin ki, fikrimi düzgün ifadə etmiş olaram. Söz düşmüşkən deyim ki, BP- müxtəlif peşə ixtisas sahibi olan onlarca qadın çalışır. Fikrimcə, neft sahəsində qadınlara hətta ehtiyac var. Sirr deyil ki, qadınlar öz işlərinə, vəzifələrinə həmişə daha məsuliyyətlə yanaşırlar. Qadınların yerinə yetirdiyi işlər ilk andan son məqamadək çox səliqəli olur. Amma əlbəttə ki, heç kəs qadını özünün istəmədiyi çətin bir işdə, məsələn, dənizdə ekstremal şəraitdə, platformada işləməyə sövq edə bilməz...

Beləcə, sualdan sual yaranır. "Yəqin ki, çətin neftçi peşəsi qadının ev, ailə qayğıları ilə məşğul olmasına çox maneəçilik edir" - deyə ondan soruşuruq.

Arzu xanım bunu inkar etmir. Amma deyir ki, hər vəchlə işin ailəyə, uşaqların tərbiyəsinə, doğmaların qayğısını çəkməyə mane olmamasına çalışmaq lazımdır. Ailə dedikdə yalnız insanın özünün qurduğu ailəni nəzərdə tutmuram. Mütləq qoca valideynlərin qayğısına qalmaq, doğma adamlardan xəbər tutmaq, bununla uşaqlara nümunə göstərmək onlara ünsiyyətcil olmağı öyrətməliyik.  BP-nin hətta öz işçilərindən şirkətlə ev arasında balans yaratmaq haqqında tələbi var.

Arzu xanım bir oğul bir qız anasıdır. İbrahim də, Fəridə də orta məktəbdə oxuyurlar. Ana onlara deyir ki, yaxşı oxumaq tərbiyənin, tərbiyəli olmağın ayrılmaz hissəsidir.  İnsan hansı peşənin, hansı ixtisasın sahibi olsa da, onu hərtərəfli və dərindən öyrənməlidir. O, gəncləri həmişə bilik qazanmağa çağırır. Ümumiyyətlə, Arzu xanım gənclərə dəstək olmağı çox sevir. Çalışdığı şirkətin Azərbaycan gənclərinə peşəyönümündə və təhsildə dəstək verməsi onun bu istəyini daha da qanadlandırıb. Azərbaycanın bir sıra universitetlərində mühazirələr oxumaq, orta məktəblərdə şagirdlər üçün "Geologiya klubu" yaratmaq, hər il tələbələrin üç həftəlik geoloji təcrübəsini təşkil etmək Arzu xanımın ürəyincə olan və təmənnasız gördüyü işlərdir. Odur ki, keçən il ölkə Prezidentinin onu "Tərəqqi" medalı ilə təltif etməsi də təsadüfi deyil.

Arzu Cavadova ilə 8 Mart bayramı ərəfəsində görüşmüşdük və söhbətimizin qadın mövzusuna köklənməsi də təbii idi. "Peşəsindən, ixtisasından  asılı olmayaraq qadın irəliyə doğru addımlamağı, öndə getməyi bacarmalıdır, bundan çəkinməməlidir. Daim biliyini, intellektual səviyyəsini artırmalıdır. Belə olduqda o, özünü rahat və inamlı hiss edir. Peşəkar kimi özünə rahat şəraiti yarada bilir. Bu zaman ətrafdakıların da inamını qazanır və onların da irəliyə getməsinə kömək edir. Ümumiyyətlə isə bir-birimizə dəstək olmağı, əldə etdiklərimizi paylaşmağı bacarmalıyıq". Arzu Cavadovanın sözləridir.

"Həyatda qazandığım nə varsa - hamısı üçün ilk növbədə anam Elmira xanıma borcluyam" söylədi. Anasının şəxsində ən xoş arzularını Arzu xanım tanıdığı və tanımadığı bütün Azərbaycan xanımlarına ünvanladı.

 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 8 mart.- S.7.