Arzudan gerçəyə
Səsindəki ötkəmlik ilk ünsiyyətdən hiss olunur. Ancaq səmimi və mehriban baxışları, rəvan danışığı bu "ötkəm səs" sahibinin incə bir qəlbi olduğundan soraq verir. Belə insanlarla ünsiyyət, söhbətləşmək, işdən-gücdən, həyatdan danışmaq çox asan olur. Xuraman xanımla da söhbətimiz rəvan bir axara düşdü. Bir neçə sual mənalı bir ömrün illərə səpələnmiş bər-bəzəksiz, səmimi duyğularını üzə çıxartdı.
İki ildir ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının Orta Zəyzid kəndi üzrə nümayəndəsi vəzifəsində çalışan Xuraman Mustafayeva elə bu kənddə dünyaya göz açıb. Əsrarəngiz gözəlliklərə malik Şəki şəhərindən şərqdə yerləşən Orta Zəyzid öz tarixiliyi, ənənələri, qədimliyi ilə seçilən kəndlərdəndir. Atasının kənddə kolxoz sədri işlədiyi vaxtlarda Xuraman xanımın insanlarla çox ünsiyyətdə olması, işə-gücə, eləcə də ətrafda baş verən hər şeyə maraq göstərməsi illər sonra onun həyata baxışının, xarakterinin formalaşmasına əhəmiyyətli təsir edib.
1980-ci ildə indiki Azərbaycan Pedaqoji Universitetini bitirən Xuraman Mustafayeva Orta Zəyziddə dil-ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 30 illik pedaqoji fəaliyyətinin 13 ilini dərs hissə müdiri işləyib.
Orta Zəyzidin müstəqillik dövründə inkişafının yeni mərhələsini yaşadığını bildirən Xuraman Mustafayeva bu yolda qazanılan nailiyyətlərin asan olmadığını da qeyd edir: Kəndimiz ziyalılıq ənənələri, insanlarımız isə Vətənə, dövlətə bağlılığı ilə həmişə seçilib. Kəndimizin necə inkişaf etdiyini, böyüdüyünü, yar-yaraşığa mindiyini görmək çox xoşdur. Hər şey heç də asan olmayıb, ötən əsrin 90-cı illərinin əvvəllərində çətin, ümidsiz vaxtlar da yaşamışıq. Ulu öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdandan sonra Şəkinin də, bizim Orta Zəyzidin sakinlərinin də inamı, ümidi, yaşamaq, qurub-yaratmaq əzmi özünə qayıtdı. İndi ömrümüzün, həyatımızın mənalı illərini, firavan dövrünü yaşayırıq. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya dövlətləri sırasında layiqli yerini tutur. Mən 20 ildən çox seçki komissiyalarında sədr olmuşam. Budəfəki prezident seçkilərində olan fəallığı heç vaxt görməmişdim. Bu fəallıq qətiyyətli və düzgün bir seçimlə nəticələndi. Cənab İlham Əliyevi yenidən Prezident seçdik. Əminliklə deyə bilərik ki, ölkəmizin daha xoş, qüdrətli gələcəyinə səs vermişik.
Xuraman Mustafayeva indi icra nümayəndəsi kimi doğma Orta Zəyzidin qayğıları ilə yaşayır. Orta Zəyzid icra nümayəndəliyi 3 kəndi - Orta Zəyzid, Köbər Zəyzid və Qırxbulaq kəndlərini əhatə edir. Ümumilikdə 4674 nəfər əhalisi var. Təsərrüfatların sayı isə 1431-dir. Ağdam, Xocalı, Cəbrayıl və Laçından olan 161 məcburi köçkün də icra nümayəndəliyində 39 təsərrüfatda birləşib. 3189 nəfərin yaşadığı Orta Zəyziddə 2 tam orta məktəb, həkim məntəqəsi, kitabxana, uşaq bağçası, poçt və ATS fəaliyyət göstərir.
Orta Zəyzidin giriş hissəsində kəndin rəmzi lövhəsi inşa edilib, ətrafında abadlıq işləri görülüb. Seldən mühafizə məqsədilə Zəyzid və Qurucana çaylarının yatağı təmizlənib, 1 körpü təmir edilib. 1,2 kilometr içməli su xətti çəkilib, 3 kilometr kəndarası və 1 kilometr təsərrüfat yolu cari təmir olunub. Bunlardan əlavə, 51 ailəyə yeni təbii qaz xətti çəkilib, 33 abonent sürətli internetə qoşulub. Yeni yaşayış massivində artezian quyusu qazılıb.
Xuraman xanım bəzi həlli vacib məsələlərin olduğunu da qeyd etdi.
Bu yaxınlarda Şəki ŞİH başçısı Elxan Usubovun Orta Zəyzid kəndində keçirilən səyyar qəbulunda mövcud çətinliklər barədə ətraflı söhbət açılıb və müəyyən qərarlar qəbul edilib. Əsas məşğuliyyətləri maldarlıq və kənd təsərrüfatı işləri olan kənd sakinləri baramaçılığın yenidən dirçəldilməsi ilə bağlı təkliflərini də veriblər.
Orta Zəyziddə hər kəs ümid edir ki, dövlətin yüksək qayğısı sayəsində bütün çətinliklər arxada qalacaq, insanların gün-güzəranı, rifahı daha da yaxşılaşacaq. Şübhəsiz ki, bu məsələlərin həllində icra nümayəndəsi Xuraman Mustafayevanın üzərinə daha böyük məsuliyyət düşür. Ancaq Xuraman xanım heç bir məsuliyyətdən, çətinlikdən qorxmur. Bilir ki, uğur qazanmağın bir yolu da təşəbbüskarlıq və əzmkarlıqdır.
Xuraman xanım həm də qayğıkeş ömür-gün yoldaşı, mehriban anadır. Həyat yoldaşı Arif Əzimov uzun illər təhsil sahəsində çalışıb. Dörd övladlarından üç qızı ali təhsilli tibb işçiləridir. Oğlu Dinar Əzimli isə hərbçidir, Milli Ordunun zabiti kimi Naxçıvanda xidmət edir.
Telefon zəngi ilə oğlunun səsini eşidəndə bütün çətinlikləri, qayğıları unudan Xuraman Mustafayevanın ən böyük arzusu ordumuzun düşmən üzərində qələbə xəbərini eşitməkdir. Buna çox inanır. İnanır ki, icra nümayəndəliyinin ərazisində məskunlaşmış Ağdam, Xocalı, Cəbrayıl və Laçından olan məcburi köçkünləri azad edilmiş yurd-yuvalarına tezliklə toy-bayramla yola salacaqlar.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2014.- 8 mart.- S.8.