ANACAN, sən olmasaydın...
Onun övladı yox idi. Di gəl ki, yüzlərlə oğlan və qız ona "ana" deyirdi, onu doğma anası kimi sevir, əzizləyirdi.
Söhbət Azərbaycan ədəbiyyatının
böyük bilicisi Firidun bəy Köçərlinin həyat
yoldaşı Badisəba Mustafa qızı Köçərlidən
gedir. 1881-ci il mart
ayının 22-də Qazax rayonunun Salahlı kəndində
anadan olub. Məşhur Vəkilovlar nəslindən
idi. Beş yaşında atasını itirib.
Səkkiz uşaqla anası dul qalıb. Kasıb ailə idi. Çətinliklə
dolanırdılar. Hamı təsərrüfat
işlərində anasına kömək edirdi.
Badisəbanı 16 yaşında qardaşının məktəb
yoldaşı - Qori Seminariyasının müəllimi Firidun bəy
Köçərliyə ərə verdilər. Aradan neçə il keçsə də, övladları olmurdu. Hər dəfə körpə uşağı
görəndə Badisəbanın qəlbi göynəyir,
gözləri dolurdu.
Günlərin birində Firidun bəylə Ağstafadan
Qazaxa qayıdırdı. Hər
addımbaşı cır-cındır içində olan
ac-yalavac uşaqlar görünürdü. Badisəba nəvazişlə bir neçə
uşağın saçını sığalladı,
adını xəbər aldı. Çoxu
yurdsuz-yuvasız idi. Heç valideynlərini
də tanımırdılar. Nə ilə
dolanırdılar? Bilinmirdi. Badisəba xanım bir xeyli fikrə getdi. Sonra qəfildən
"Ay Firidun - dedi. Çox yerdə, elə
Rusiyada sahibsiz uşaqlara sığınacaq yerləri
açırlar. Gəl biz də bir xeyirxah iş görək,
məktəb düzəldək. Uşaqları
yığmaq mənim boynuma, bina tapmaq isə sənin".
Razılaşdılar. Firidun bəy
qonşusu Hacı Yusiflə danışdı. Uzun çək-çevirdən sonra məktəb
üçün ikiotaqlı mənzil aldı. Badisəba xanım isə Salahlı kəndinə,
atasıgilə xəbər göndərdi. Oradan bir-iki xalı-xalça gətirtdi, qab-qacaq
aldı. Üç-dörd günə
uşaqlara pal-paltar, corab-ayaqqabı, yorğan-döşək
düzəltdi. Sənəm xalanı da məktəbə
nəzarətçi-tərbiyəçi qoydu.
Hacıağa Gümşüdlü "Badisəba"
əsərində (Bakı, 1963) yazır ki, şaxtalı
qış günlərinin birində Azərbaycanda ilk uşaq
evi belə yarandı. Professor Mehdixan Vəkilov da xatirələrində həmin
faktı təsdiq edir: "Qazaxda ilk yetimxana (Uşaq evi) təşkilinin
təşəbbüskarları və icraçıları
F.Köçərli və həyat yoldaşı Badisəba
xanım olmuşdur".
İlk vaxtlar işlər yaxşı gedirdi. Məktəbə
maraq çox idi. Badisəba xanım gecə-gündüz
uşaqlara qayğı göstərirdi. Fərəhindən
yerə-göyə sığmırdı. Aradan
iki-üç il keçdi. 1920-ci ilin may
ayında aləm bir-birinə qarışdı. Firidun bəy Köçərli Gəncəyə
aparılaraq güllələndi. 39
yaşında köməksiz qalan Badisəba xanımın həyatı
yeni istiqamət aldı. Ağır dərdi
mərdanə sinirdi. Mər-mərdanə
yaşadı. Xeyirxah adamların köməyilə
Bakıya köçdü və Pedaqoji Texnikumda tərbiyəçi
işləməyə başladı. Elə
həmin dövrdə Pedaqoji İnstitutda təhsil aldı.
1925-ci il mayın 1-də ona Pedaqoji Texnikumu təşkil
etmək üçün Zaqatala rayonuna təyinat verildi. Qayğıkeş və təşəbbüskar
Badisəba xanım qısa müddətdə böyük
hörmət qazandı. Zaqatala Pedaqoji Texnikumu
bölgənin adlı-sanlı təhsil ocağına
çevrildi. Badisəba xanımın iş üsulu ilə
çoxu maraqlanırdı. 1929-cu ilin oktyabr
ayında Quba Pedaqoji Texnikumunda bəzi qüsurlar üzə
çıxdığına görə maarif
komissarlığının əmri ilə Badisəba xanım
ora müdir müavini vəzifəsinə göndərildi.
Ürəklə işə girişdi. Di gəl ki, Qubanın havası ona düşmədi.
Həkimlərin məsləhəti ilə
Bakıya qayıtmalı oldu.
1930-cu ilin oktyabr ayında müalicədən sonra o,
maarif komissarlığının əmri ilə 2 nömrəli
uşaq evini təşkil etmək üçün Nuxaya
göndərilir. Elə həmin gündən yeni yaranan
uşaq evində direktor işləməyə başlayır.
Badisəba xanım təqribən 25 il
burada çalışıb. El arasında
böyük hörmət qazanır. Şagirdlərin
sayı dörd yüzə çatır. İctimai
işlərdə fəal iştirak edir. Bir neçə
il dalbadal Şəki Şəhər
Sovetinə deputat seçilir, deputat komissiyasına rəhbərlik
edir. Abadlıq-quruculuq işləri ilə məşğul
olur. Şagirdlərin köməyi ilə
Ağamalı küçəsində məktəblilər
üçün park salır.
Yorulmaz maarif xadiminin zəhməti, xidməti göz
qabağında idi. 1945-ci ildə Badisəba Mustafa
qızına əməkdar müəllim adı verilir. 1946-cı ildə "Şərəf
nişanı" ordeni ilə təltif olunur.
Genişqəlbli Badisəba xanımın həyatda iki
idealı var idi. Şagirdləri ana nəvazişi ilə
böyütmək və Firidun bəyin xatirəsini əbədi
yaşatmaq. Şəki həyatı Badisəba
xanımın keşməkeşli ömrünün ən zəngin
dövrü sayılır. Badisəba xanımın
üç yaşında övladlığa
götürüb doğma balası kimi
böyütdüyü Roza xanımın xatirələrindən:
"Badisəba ana gecə-gündüz Firidun bəylə nəfəs
alırdı. Evdə onun gümüş
qaşığını, bıçağını,
lampasını və nəlbəkisini ayrıca
saxlayırdı. Qızıldan papiros qabı vardı,
üstündə "Firidun bəy Köçərli"
sözləri yazılmışdı... Evimizdə
onun ən çox əzizlədiyi, ağlaya-ağlaya vərəqləyib
baxdığı böyük bir albom var idi. Mən onu yerdən zorla qaldırırdım. Üstündə rusca gümüşdən iri hərflərlə
"F.K" yazılmışdı. Həmin albomu
Firidun bəyə 1895-ci il oktyabrın 23-də
İrəvan Gimnaziyasının müdavimləri avtoqrafla hədiyyə
vermişdilər. Axı Firidun bəy on il
İrəvan Gimnaziyasında tərbiyəçi-müəllim
işləmişdi. Bundan əlavə, Badisəba
ana Firidun bəyin iki dəst paltarını saxlayırdı.
Bir dəsti çərkəzi formada, o birisi
kostyum idi. Corabına kimi yuyub-ütüləyib
sandığa yığmışdı. Hər
axşam ona Quran oxuyardı. Əziz
günlərdə halva çalıb uşaqlara paylayardı.
Çox vaxtı çarpayıdan düşüb
yerdə yatardı. Soruşanda deyirdi ki, Firidun bəy
kimi can torpaqda yatsın, mən çarpayıda...?!"
Görəsən Badisəba xanımın yanına
doğma Qazax elindən kimlər gəlib-gedirmiş. Bilənlər
deyirlər ki, "ən çox yadda qalanı Səməd
Vurğun olub. Səməd gələndə
uşaqlar kefdə-damaqda olurdular. Heç
vaxt əliboş gəlməzdi. Oğlanlara
şalvar-köynək, qızlara çit don,
saçlarına bağlamağa lent, balacalara isə
çoxlu konfet və oyuncaq gətirərdi. Bacısı
oğlu Fəxri Vəkilov gələndə çox
qalardı. Bəzən bir həftə, on
gün. Uşaq evinə yardım almaqda
onun köməyi çox olurdu. Müğənni
Bülbülün, Rəşid bəy Əfəndiyevin gəlmələri
də yadımdadır. Hər kim nə gətirirdisə
onlar gedən kimi Badisəba ana bütün sovqatları
uşaqlara paylayardı".
Badisəba xanımın ən böyük xidmətlərindən
biri də Firidun bəyin yaradıcılığına
göstərdiyi əvəzsiz qayğı və diqqətlə
bağlıdır. Akademik Bəkir Nəbiyev yazır ki,
"istər pedaqoji, istərsə də ədəbiyyatşünaslıq
sahəsində yorulmadan çalışan Köçərlinin
bu xeyirxah işlərində ona sevimli həyat yoldaşı,
dövrün ziyalı və vətənpərvər
qadınlarından biri Badisəba xanım yaxından kömək
edirdi. Azərbaycan maarifini və ədəbiyyatını
dəqiqliyi ilə bilən bu nəcib qadın Köçərliyə
sadəcə həyat yoldaşı olaraq qalmamış, eyni
zamanda onunla iş, məslək və əqidə
yoldaşlığı etmişdir. O, ərinin işləməsi
üçün lazımı şərait yaratmaqdan başqa,
eyni zamanda onu ruhlandırır, vaxtı az,
işi isə başdan aşan Köçərlinin zəhmətini
yüngülləşdirmək üçün əlindən
gələni əsirgəmirdi. Köçərlinin
əlavə və düzəlişlərindən sonra Badisəba
xanım səbirlə onun əsərlərinin
üzünü çıxarırdı".
Onun bu xeyirxahlığından hamı xəbərdar
idi. 1937-ci ildə o zaman Bakıda yaşayan və "Azərnəşr"də
işləyən Əziz Şərif Mirzə Cəlilin həyat
yoldaşı Həmidə xanımdan xahiş edir ki, onu Badisəba
xanımın mənzilinə aparsın. Badisəba xanım
böyük həvəslə Köçərlinin arxivindən
ibarət bir sandıq materialı Əziz Şərifə
göstərib. "Bu, Köçərlinin arxividir -
dedi. Şübhə etmirəm ki, buradakı
yazılar xalqımıza lazım olacaqdır. Firidun bəyin ömrü boyu axtarıb
tapdığı əlyazmaları, kitab və dəftərləri
buradadır. Sandığı bu günə
kimi saxlamışam. Heç kəsə
bundan bir vərəq də verməmişəm".
O zaman
Əziz Şərif müvafiq idarələrə məktub
yazaraq Köçərli arxivinin araşdırılması
üçün xüsusi komissiya yaradılması məsələsini
qaldırmışdı. Müraciət bir nəticə
vermir. Badisəba xanım Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
M.C.Bağırova məktub yazaraq Mustafa Vəkilov 1937-ci ildə
həbs olunarkən ona məxsus materiallarla birgə Firidun bəy
Köçərlinin də arxivinin
götürüldüyünü bildirmiş və onun
qaytarılmasına kömək göstərilməsini
xahiş etmişdir. Təəsüf ki, bu
rəsmi sorğu da nəticəsiz qaldı.
Nə yaxşı ki, Badisəba xanım 1925-ci ildə
öz vəsaiti ilə "Azərbaycan ədəbiyyatı
tarixi materialları" kitabının nəşrinə nail
olmuş, eyni zamanda iki şagird dəftəri həcmində
Firidun bəyin əsərlərinin - tərcümə, məqalə
və məktublarının siyahısını çıxarmışdı. Arxiv itsə də,
həmin siyahı-dəftərlər Azərbaycan Milli Elmlər
Akademiyasının Əlyazmalar İnstitutunda mühafizə
olunur.
"Firidun bəy Köçərlinin şəxsi
arxivi" kitabının tərtibçisi, filologiya elmləri
doktoru Məmməd Adilov yazırdı ki, "Əlimizdə
olan arxiv əslində Badisəba xanımın
topladığı materiallardır".
Qeyrətli Azərbaycan qadınının ədəbiyyata
xidməti, həyat yoldaşına sədaqəti bax belədir. O ki qaldı evsiz-eşiksiz
körpələrə qayğı məsələsinə,
bu onun həyatının məğzi, məqsədi idi.
İllər boyu yüzlərlə kimsəsiz
uşağın ömür kitabına iri hərflərlə
bu sözlər yazılıb: Badisəba Mustafa qızı
Köçərli. Onların hər məktubu, hər
sözü-söhbəti belə başlanırdı: Anacan, sən
olmasaydın...
Əhməd
İSAYEV,
Azərbaycan.-2014.- 8 mart.- S.9.