Vətənpərvərlik həyat amalına çevrilməlidir

 

İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğuruna sevinməkdir.

Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması təlim-tərbiyə işinin ən mühüm tərəflərindən biridir.

Təsadüfi deyil ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətləri ilə hər bir azərbaycanlının ruhuna vətənpərvərlik toxumları səpən ümummilli lider Heydər Əliyev bu barədə deyib: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhıdliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir".

Ulu öndərin siyasi kursunu layiqincə yaşadandaha da zənginləşdirən Prezident İlham Əliyevin fəaliyyəti hər birimiz üçün əsil vətənpərvərlik nümunəsidir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Bütün bunlar məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin, siyasi iradəsinin və uzaqgörənliyinin məntiqi nəticəsidir. Buna görə Prezident İlham Əliyev şəxsiyyəti lider obrazının mühüm cəhətlərini özündə birləşdirməklə yanaşı, həm də vətənpərvərlik hisslərinin nə qədər dərin olduğunu göstərir.

Təbii ki, gənc və böyüməkdə olan nəslin vətənpərvərlik hisslərinin artırılması üçün bu istiqamətdə keçirilən müxtəlif tədbirlərin böyük əhəmiyyəti var. Bu günlərdə keçirilən Gülağa Tənhanın şeirlərindən ibarət bədii qiraət müsabiqəsi də belə tədbirlərdən biri idi. Başa çatan tədbirdə çıxış edən müəllif gənc nəslin vətənpərvərlik ruhunda təlim-tərbiyəsinin əhəmiyyətindən danışdı. Prezident İlham Əliyevin ölkəmizin inkişafı üçün həyata keçirdiyi uğurlu siyasətdən, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın insanların yüksək rifahı naminə gördüyü işlərdən, xeyriyyəçilik fəaliyyətindən söz açan şair bildirdi ki, bunlar bizim hər birimizi vətənimizi daha dərindən sevməyə, hər addımda vətənpərvər olmağa səsləyir.

 Gülağa Tənha həm də xeyriyyəçiliklə məşğuldur. Onun bu istiqamətdə gördüyü işlər Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyətindən ilham alır. Tədbirdəki çıxışında şair bu məsələyə də münasibətini bildirdi: "Xeyriyyəçilik geniş məna daşıyır, cəmiyyətin rifahı naminə hər cür təmənnasız könüllü fəaliyyəti əhatə edir. Bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai həyatın müxtəlif sahələrinin - təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər. Xeyriyyəçilikdən danışarkən qeyd etməliyik ki, Mehriban Əliyevanın bu sahədə fəaliyyəti hər birimiz üçün nümunədir. Mehriban xanım Əliyeva özünün həyat məramını, ömrünün mənasını insanlara, qayğı və diqqətə daha çox ehtiyacı olanlara yardım etməkdə, onları sevindirməkdə görür. Bu fəaliyyəti ilə o, həyatının mənasını insanlara təmənnasız köməkdə, xeyirxah və nəcib əməllərdə axtaran, bəşəriyyətin nicatı üçün çalışan insanlarla bir sırada dayanır. Özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlayışlara, ülvi insani keyfiyyətlərə çevrilmiş, bu xoşməramlı fəaliyyətin kökündə təmənnasızlıq, səmimilik dayanmışdır. Əslində, bu gün Azərbaycan vətəndaşlarının bu fəaliyyəti rəğbət və məmnunluq hissilə izləməsini də Mehriban Əliyevanın yüksək humanizmində, işgüzarlığında və qayğıkeşliyində axtarmaq lazımdır".

Bir neçə il öncə Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən aparılan monitorinqlərin nəticəsi olaraq respublikanın bütün regionlarında yerləşən uşaq tərbiyə müəssisələrində problemlərin həllinə yönələn dörd əsas istiqamət - texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet təşkil edib. Bu müəssisələrin böyük əksəriyyətinin təmirə, yenidən qurulmasına, texniki təchizata böyük ehtiyacı olduğu müəyyən olunub. Fond tərəfindən başlanılan işlərə qoşulan Gülağa Tənha da Azərbaycanda olan təhsil müəssisələrinə, uşaq evləri və internat məktəblərinə maddi dəstəyini əsirgəməyib. Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində keçirilən layihələrdə iştirak edib, Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki zəif eşidən və sonradan kar olmuş uşaqlar üçün Respublika Xüsusi İnternat Məktəbinin tikintisini şəxsi vəsaiti hesabına həyata keçirib.

Bu yaxınlarda isə Masallının Ərkivan qəsəbəsində Gülağa Tənhanın maddi vəsaiti hesabına "Mərasim evi" inşa olunaraq istifadəyə verilib. Eyni vaxtda 600 nəfəri qəbul etmək imkanı olan bu bina yüksək standartlara uyğun qurulub. "Mərasim evi" ikimərtəbəlidir. Hər iki mərtəbə qışda qızdırılması, yayda soyudulması üçün kondisionerqaz sistemi ilə təchiz olunub. Binanın inşasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib. "Mərasim evi"nə gedən 500 metrə yaxın yola asfalt döşənib, hər iki tərəfə hasar çəkilib, işıqlandırma sistemi quraşdırılıb. Binanın arxitekturasına uyğun olaraq "Şah Səfi" ocağında da bütünlüklə yenidənqurma işləri görülüb. Burada ən xırda detallar belə nəzərə alınıb. Qurban kəsmək üçün yer, yuyucu otaq, yardımçı işlər üçün bina inşa olunub.

Şair qeyd edi ki, onu xeyriyyəçilik fəaliyyətinə çağıran məhz Heydər Əliyev Fondunun həyata keçirdiyi möhtəşəm layihələr, Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyətidir. O hesab edir ki, bununla əsl vətəndaşlıq və vətənpərvərlik mövqeyindən çıxış edir, ali məramları özünün həyat amalına çevirir, həm də fəal xeyriyyəçiliklə, sosial layihələrin həyata keçirilməsi ilə məşğul olur.

Gülağa Tənhanın bədii yaradıcılığının da əsas mövzusu Vətəndir. Şeirlərinin hər cümləsində qəlbi vətən eşqi ilə döyünən, əsil vətəndaşlıq mövqeyini hər şeydən uca tutan düşmənə qarşı barışmaz olan bir insanın dərin mənəvi duyğuları hiss olunur. Beləliklə, onun xeyriyyəçilik fəaliyyətindən aydın görünən vətənpərvərliyi şeirlərində yüksək lirika ilə tərənnüm edilir. Onun şeirlərindən ibarət qiraət müsabiqəsində xalq artisti İlham Əskərov, "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov və özünün də təmsil olunduğu münsiflər heyəti tərəfindən qaliblər müəyyən olundu. Elşən Əskərov və müsabiqənin ən kiçik iştirakçı olan Nigar Cəfərzadə birinci, Əbdül Məcidli və Aygün Fətullayeva ikinci, Pərvin Ərzənalıyeva, Elməddin Məmmədov və Rəşadə Həmidova üçüncü yerə layiq görüldülər. Qaliblərə qiymətli hədiyyələr və diplomlar verildi. Tədbirin sonunda müəllif kitablarını oxucularına hədiyyə etdi.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2014.- 8 mart.- S.10.