Külək oyadan Yel çərşənbəsi
Üzü
novruza sarı
Novruza hazırlıq mərhələsinin mühüm hissəsini təşkil edən İlaxır çərşənbələrin üçüncüsü Yel çərşənbəsidir. Bu çərşənbə xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə", Muğanın bir sıra kəndlərində isə "Heydər çərşənbə" adlandırılır.
Erkən etiqadlara görə, çərşənbədə oyanan külək Yer üzünü gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində gün ərzində küləklər bir neçə dəfə dəyişir ki, bu da onun özünün tənzimlənməsi kimi qəbul edilir. Yel çərşənbəsində isti-soyuq küləklərin əsməsi yazın gəlişindən xəbər verir.
Mifoloji təsəvvürlərə görə, "qara nəhrdə yatmış 4 cür külək" əvvəlcə Yer üzünə çıxıb özü təmizlənir, sonra hər biri fərqli libasda özünü göstərir.
Külək Yel çərşənbəsində ağacların budaqlarını yellədərək onları qış yuxusundan ayıldır, tumurcuqlarını açır, buludları qovaraq bir-birinə toqquşdurub ilıq yaz yağışlarını yağdırır. Onu da qeyd edək ki, küləyin libasları ilə xarakteri arasında da oxşarlıq vardır. Burada rənglərin mifik mənaları xüsusilə önəmlidir. Azərbaycan mifologiyasına görə, Ağ yel - ağ libasda, Qara yel - qara libasda, Xəzri - göy libasda, Gilavar - qırmızı libasda xarakterizə edilir.
Erkən dövlərdə küləyi öz istəklərinə uyğun yönəltməkdən ötrü müəyyən mərasimlər keçirməyi və şərəfinə nəğmələr oxumağı lazım bilmişlər. Küləyə belə münasibət yalnız bizim əcdadlarımıza deyil, demək olar ki, bütün dünya xalqlarına aiddir. Məsələn, yəhudi mifik düşüncəsində əsas tanrı olan Yəhva və ya Elohim məhz küləyə çevrilərək bir anda dünyanı dolaşır. Yunan mifologiyasına görə Odissey külək Allahı Eol mis divarla əhatə olunmuş, sahillərində sıldırım qayalar ucalan bir adada ailəsi ilə birgə yaşayır. Odissey öz yoldaşları ilə Eolun adasında bir ay qonaq qalır, ondan böyük hörmət görür, Odissey ona öz macəralarından danışır, nəhayət, Odissey ondan evə qayıtmaq üçün icazə istəyir. Eol razılaşır və Odisseyə ağzı gümüşü kəndirlə büzülmüş böyük bir tuluq verir. O, Qərb küləyi olan Zefiri azad buraxaraq digər 3 küləyi həmin tuluğun içində həbs etmişdi. Zefir Odisseyin gəmisini evinə doğru istiqamətləndirməli idi. Lakin ölkəsinə çata-çatda Allahlar Odisseyi yuxuya verir, yoldaşları isə tuluğun içində qızıl-gümüş, ləl-cavahirat olduğunu düşünərək açırlar. Bunun nəticəsində dənizdə tufan qalxır və gəmini yenidən Eolun adasına doğru aparır.
Odissey Eoldan bir daha kömək göstərməyini xahiş edir, lakin Eol qəzəblənərək cavab verir ki, Allahların nifrət və təqib etdiyi bir şəxsə yardım göstərməyəcək. O, Odisseyi qovur. Qeyd etməliyik ki, yunan mifologiyasında 4 cür külək vardır: Birincisi Qərb küləyi Zefirdir. Onun atası Titan Astreydir ("Ulduzlu Səma"), anası isə səhər şəfəqi ilahəsi Eosdur.
İkincisi Şimal küləyi olan Boreydir. O, qanadlı, uzun
saçlı, saqqallı təsvir edilir. Məskəni
zülmət və soyuğun hökm sürdüyü
Trakiyadır. Çox vaxt ayğır-erkək
at şəklində təsəvvür olunur. Üçüncüsü III Cənub küləyi
Notdur. O da saqqallı və qanadlıdır. Zefir, Borey və
Not qardaşdırlar, hamısı Eola
tabedir. Dördüncüsü, Cənub-Şərq
küləyi Evrdir, onun mənşəyi məlum deyil və
antropomorfik özəllikləri yoxdur.
Yel-külək həm də Tanrı səviyyəsində
təzahür olunmuşdur. Dini mənbələr
və səma kitablarında Yel dünyanı idarə edən
tanrı hesab olunur, yaxud da Allah tərəfindən göndərilən
bir antropomorf kimi təsəvvür edilir. Məsələn,
Məhəmməd peyğəmbər əleyhissəlam buyurub
ki, külək Allahın qullarına bir nemətidir. Bəzən insanlara rahatlıq, bəzən də əzab
gətirir. Külək olduğu zaman ona
söyməyin, onun xeyrini istəyin, şərindən də
Allaha sığının, başqa sözlə, külək
Allahın əmrindəndir.
Quranın
"Əhqaf" ("Qumsal təpələr") surəsinin
24-cü ayəsində küləyin dağıdıcı
gücü ilə bağlı bir əhvalata işarə
edilir:
"Bir
zamanlar Allaha şərik qoşan Ad qövmünün
yanına Allah Hud peyğəmbəri göndərir ki,
onları düz yola gətirsin, lakin bu alınmayanda Allah Ad
qövmünün üzərinə "sarsar" deyilən
məhvedici bir rüzgar göndərir, 7 gecə və 8
gün davam edən bu soyuq qasırğa həmin tayfanı Yer
üzündən silir".
İslam dinində 4 böyük mələkdən biri
Mikayıla təbiət hadisələrini -
yağışın yağmasını, küləyin əsməsini,
yaşıllığın bitməsini idarə etmək Allah
tərəfindən buyrulmuşdur.
Beləliklə, dini və mifoloji mənbələrdəki
fikirlərdən sonra elmin bu sahədəki mövqeyini öyrənmək
də maraqlıdır. Külək havanın üfüqi istiqamətdə
hərəkətinə deyilir. Əgər
külək olmasaydı, isti ərazilər həmişə
isti, soyuq ərazilər isə hər zaman soyuq olardi, yəni
hava hərəkət etməzdi. Qeyd etməliyik
ki, elmdə daimi, mövsümi və hakim küləklər
anlayışları mövcuddur. Şimal-Cənub,
Şərq-Qərb deyə cəhətlərin adı ilə
adlandırılan küləklərin yerli adları var. Ağ
yel - qara yel, xəzri, gilavar. Burada rənglərin
öz semantik xarakteri vardır. Dilimizdə
külək anlayışını ifadə edən sözlər
var, lakin kiçik məna çalarları ilə bir-birindən
seçilir. Məsələn, Səmum - səhralarda əsən
çox şiddətli isti və quru küləkdir. Nəsim - yüngül mehdir. Səba
- şimal - şərqdən əsən yüngül və xəfif
mehdir. Rüzgar, boğanaq və s. kəlmələr də
külək anlayışlarını ifadə edir.
Klassik ədəbiyyatımızda badi-səba bir obraza
çevrilib konkret funksiya daşımışdır. Məlumdur ki,
sevgililərin bir-biri ilə görüşüb
danışması müşkül məsələ idi.
Odur ki, şairlərimiz öz şeirlərində
gənclərin bir-birinə sözünü, etirafını
çatdırmaq vəzifəsini Badi-Səba (səhər
küləyi) üzərinə qoymuşdular.
Dini rəvayətə görə, Yel-Hava Allahın insan
yaradarkən onun cisminə üfürdüyü nəfəsini
- insanın ruhunu təcəssüm etdirir. Əcdadlarimizin təsəvvüründə
ruh-can insan bədənini quş cildində tərk edir, Hava -
səma can quşlarının "Ata-baba"
ruhlarının əbədi məskənidir. Nağıl
və dastanlarımızda da ruh-can göyərçin şəklində
təsvir edilir. Təsadüfi deyil ki,
el-oba içində göyərçin toxunulmaz və müqəddəs
sayılır, onu öldürmək böyük
günahdır, əti isə yasaq olunmuşdur.
Yel çərşənbəsində quş saxlayanlar
qışdan sonra ilk dəfə qısa müddətə də
olsa, göyərçinləri havaya buraxardılar. Adətən
Yel çərşənbəsində bazarlarda qəfəslərdə
çöldən ovlanmış quşlar satılardı,
günahlarını yumaq, savab qazanmaq istəyənlər həmin
quşları satın alıb qəfəsdən açıb
buraxardılar. Bu zaman deyərdilər: "Azad - bezat, məni
cənnətdə gözət".
Bundan başqa, gözlə görünməyən
küləyin varlığını bizə hiss etdirən
vasitələrdən biri də çərpələngdir. Yel çərşənbəsində
insanlar kağızdan çərpələng
hazırlayıb dam və ya təpələrin başından
uçurmuşlar. Bu çərpələnglərin
üzərinə tanrıya şikayət məktubu və ya
xahişnamələr yerləşdirənlər də
tapılardı. Bəzən hər məhəllə
yığışıb darvaza boyda çərpələng
hazırlayardı. Hərdən səmada
ipləri bir-birinə dolaşmış çərpələnglərin
sanki savaşı baş verirdi. Əhali
böyük maraqla bunu seyr edirdi.
Yel çərşənbəsində külək əsmədikdə
onu çağırmaq məqsədilə də çərpələngdən
istifadə edilirdi. Meydançanın ortasında basdırılmış
insan boyunda dirəyə çərpələng asar, onun
sağ-solunda dayanan 4-5 oğlan xüsusi yelpiklərlə
çərpələngi azacıq da olsa hərəkətə
gətirməyə çalışıb oxuyardılar:
Yel babam,
yelli babam,
Elim, obam
batdı, gəl
Çərpələngim yatdı, gəl.
Bu zaman kiçik oğlan uşaqları tütək,
sümsü kimi nəfəs alətlərini üfürərək
səsləndirməklə yeli oyatmağa cəhd göstərərdilər.
İnsanlar yel dəyirmanlarının pərlərini əlvan
parça, gümüşü kağız zolaqları,
güzgü qırıqları ilə bəzəyib hərlədərək
çərşənbə günündə onun ətrafında
çalıb oynayardılar.
Məlumdur ki, dənizkənarı ərazilərdə
yaşayanlar yelkənli qayıqlarla gəzintiyə
çıxardılar.
Yel çərşənbəsində icra olunan mərasimlərdən
biri də "Küfdibidir". Küfdibi -
özünü küləyə vermək, yellənmək deməkdir.
Burada əsasən gənclər iştirak edərdilər,
yaşlı meyvə ağacından yelləncək asıb
onu yaşıl bitkilərin yarpaqları, gül-çiçək
və rəngli qaytanlarla bəzəyərdilər. İştirakçılar bir-bir, iki-iki yelləncəkdə
yellənir, deyişmə və bayatı şəklində
oxuyardılar. Yelləncəkdə yellənən
qızın ayağına çubuqla asta-asta vurub deyərdilər:
Örpəyi
çəhrayı qız,
Saçları
xurmayı qız,
Gözləri
sürməli qız,
Yaylığı
yellənən qız,
Bura qonaq
gələn qız,
Adaxlının adın de.
Ha yellənə-yellənə,
Adaxlının
adın de!
Mərasimə görə, yelləncəkdəki
qızdan cavab almayınca onu yellədirlər, qız cavab
verdikdən sonra onu düşürüb bir
başqasını mindirərdilər. Əvvəllər
yelləncəyə yalnız qızlar qalxardı, onlara
tamaşa etmək yasaq idi. Sonralar yelləncəyə
növbə ilə gah qızlar, gah da oğlanlar bir-bir, yaxud
cüt-cüt qalxardılar. Daha sonra onlar
birlikdə yellənməyə başlardılar. Bu mərasim
vaxtilə cavanların bir-birini görüb tanış
olmaları üçün bir vasitə idi.
Küfdibi mərasimi yazda qanın qaynaması ilə əlaqədar
bir çox canlı məxluqların cütləşməsi,
nəsil artırması məqsədi daşıyırdı.
Məlumdur ki, küləyin bitkiləri tozlandırmaq, yəni
mayalandırıb məhsul, bar verməsini təmin etmək
kimi mühüm xüsusiyyəti də var.
Rəvayətə
görə, Yel çərşənbəsində Yer
üzünə təşrif gətirmiş müqəddəs
Xızır qardaşı Nəbiyə bir qırmızı alma verib tapşırır ki, almanı yeyib
uzunömürlü olsun, onun tumlarını əsən
küləklərə paylayıb yer üzünə səpələsin.
Alma ağacının dünyanın hər
yerinə yayılması bununla izah edilir.
Etiqada
görə, cənnət meyvəsi sayılan alma
dünyaya nə qədər çox yayılarsa, insanlar
arasında məhəbbət, xoş münasibətlər o qədər
geniş vüsət alar. Əbəs yerə
deyildir ki, folklorda nağıl və dastanlarda övlad həsrəti
çəkən yaşı keçmiş cütlüklər
Xızırın və ya dərvişin verdiyi
qırmızı almanı yeməklə arzularına
çatır, odur ki, çərşənbə
axşamları cavanlar qırmızı almalardan yeyib on ədəd
toxumunu yastıqlarının altına qoyurlar. Deyilənə görə, bu yolla gələcək
qismətlərini görmək mümkündür.
Yel və
yel çərşənbəsi ilə bağlı xalq
arasında erkən dövrlərdən küləyin əhəmiyyətini
əks etdirən bəzi folklor nümunələrinə diqqət
yetirək:
YEL
NƏĞMƏLƏRİ
Yelli
babam, yel babam,
Yelli
babam, Yel babam,
Telli
babam, tel babam...
Elim,
günüm batdı gəl,
Çərpələngim
yatdı gəl,
Təknədə
qaldı aşım,
Yatdı dəyirman daşım.
A YEL BABA,
GƏL
BABA
A yel baba,
yel baba
Qurban sənə, gəl, baba.
Taxılımız
yerdə qaldı,
Yaxamız
əldə qaldı,
A yel baba,
yel baba,
Qurban sənə, gəl, baba.
BAYATILAR
Dağ
başında yel əsər,
Düşər üzə, tel əsər.
Doğru
söz tez kar eylər,
Qılıncdan iti kəsər.
***
Qara yel əsdi,
keçdi,
Səbrimi
kəsdi, keçdi,
Vətəndən
gələn durna
Yaman tələsdi, keçdi.
İNANCLAR
lYel baba
xırmana gəlməmişdən qabaq oradan buğda, dən
götürməzlər.
lXırman sovrulandan sonra ilk buğda götürənin oğlu
olar.
lYeli əsdirəni
söyməzlər
lYel
dağına ziyarət edərlər. Adamlar
ürəklərində hər hansı bir dilək tutub nəzir-niyaz
gətirərlər, qurban kəsərlər. Yel baba
kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar.
ATALAR
DEYİB Kİ...
Yel havalanıb keçər.
Yel aparan
yelinki,
Yerdə qalan mənimki.
Yel əsməyincə
yarpaq titrəməz,
Yel vurur,
çalır,
Yengələr oynayır.
Yel əsəndə
yellənər,
Yel görəndə yollanar.
Yelnən gələn, selnən gedər.
Selnən gələn, gilnən gedər.
Yel əsib qoz tökülüb.
Yelə
dedilər: "Əsmə!"
Dedi -
"Kələyimi kəsmə".
Yel apardığını qaytarmaz.
Yellə
dost olan yellənə-yellənə qalar.
Külək
kimi hərdən bir yana əsmə.
YEL BABA
MƏRASİMİ
Xırmanda
dəni samandan ayırmaq vaxtı gələndə camaat Yel
babanı çağırıb deyir:
- Yel baba,
Ağ atına arpa-saman apar!
Bəzi
yerlərdə ona nəğmə ilə də müraciət
edirlər:
A Yel baba, yel baba.
Tez gəl
baba, gəl baba,
Sovur bizim
xırmanı,
Atına
ver samanı!
Dən
yığılıb dağ olsun,
Yel babamız sağ olsun.
Əcdadlarımızın inamına görə, bu
çağırışdan sonra yel baba gəlib
xırmanı sovurar, samanı aparıb öz atına verər,
təmizlənmiş dən isə adamlara qalardı.
Xırman
sovrulub, taxıl döyülüb qurtarandan sonra oxuyardılar:
Xırmanda
şana qaldı,
Yel əsdi,
şana qaldı.
Xırmana
bir qız gəldi,
Saçı nişana qaldı.
"Fatı
qarının öfkəni" adlı mif mətninə nəzər
salaq: Deyirlər, bir gün Fatı qarı 7 rəngli ip əyirmişdi.
Hərəsini bir dolaba bağlayıb diznin
altına yığmışdı. Axırıncı
dolab birdən Fatı qarının dizinin altından
qaçır, diyirlənib düşür irağa.
Qarı nənə qəzəblənir:
-
Azarım, bezarım dəymiş yel baba genə hardan gəlib
çıxdı, - deyə deyinməyə başlayır. O
ki var, yel babanı qarğayır, söyür.
Bunu eşidən yel baba gəlib Fatı qarının dolablarını daha möhkəm diyirlətməyə başlayır. Fatı qarı da söyüşü yeddimərtəbə edir.
Yel baba Fatı qarını ipləri ilə birlikdə qanadına alır, aparır salır üfüqə. Fatı qarı nə qədər yalvarır-yaxarır, yel baba onu yerə endirmir.
Hər dəfə yağış yağandan sonra Fatı qarının 7 rəngli qurşağı göydə parıldayır. Fatı qarı belindən ox-yayını açıb yel babanı vurmaq istəyir. Ancaq qarı yayın ağzını düz tuta bilmir. Gah aşağı tutur, gah da yuxarı. Yel baba da gülə-gülə qaçıb Fatı qarının dolablarını göyün 7 qatına dolayır.
Onu da deyirlər ki, Fatı yayının ağzını göyə tutanda bolluq olur, yerə tutanda qıtlıq.
Göründüyü
kimi, xalqın erkən mifik görüşlərinin, təfəkkürünün,
düşüncəsinin önəmli səhifəlirini
aydın şəkildə təsdiqləyən çoxlu sayda
folklor mətnləri vardır ki, onlar həm bu gün, həm
də gələcək nəsillərin folklor qaynaqlarından
bəhrələnməsi üçün zərurət
yaradır.
Ülkər NƏBİYEVA,
Bakı Dövlət Universitetinin
dosenti
Azərbaycan.-2014.- 8 mart.- S.10.