Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Quru Qoşunları
Komandanının
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 11-də
Türkiyə Respublikasının Quru Qoşunları
Komandanı Hulusi Akarın başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı bildirdi ki, Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Hərbi sahədə əməkdaşlığımızı ikitərəfli münasibətlərimizin inkişafının tərkib hissəsi kimi dəyərləndirən Prezident İlham Əliyev son illər bu istiqamətdə də mühüm nailiyyətlərin əldə olunduğunu dedi. Dövlətimizin başçısı əməkdaşlığımızın bu sahədə daha da genişləndirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin keçirilməsinin və birgə istehsal sahələrinin yaradılmasının önəmini qeyd etdi.
Türkiyə
Respublikasının Quru Qoşunları
Komandanı Hulusi Akar ilk dəfə ölkəmizə 1994-cü ildə
səfər etdiyini və
xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü
böyük ehtiramla
xatırladı. Ötən dövr ərzində
Bakıda çox böyük
dəyişikliklərin şahidi olduğunu vurğulayan Hulusi Akar ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda
yüksək təəssürat yaratdığını dedi.
Azərbaycan.-2014.- 12 mart.- S.1.