İlham Əliyev Dünya
Bankının Cənubi Qafqaz regionu üzrə
direktorunun başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident
İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz regionu
üzrə direktoru Henri Keralinin başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Henri Kerali Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf tədbirlərini, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirdi. O, Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın razılıq doğurduğunu bildirdi.
Son illər Azərbaycanda uğurlu iqtisadi inkişafa nail olunduğunu vurğulayan Prezident İlham Əliyev hazırda ölkəmizdə yeni beş illik iqtisadi inkişaf proqramının təsdiq edildiyini və həmin proqramda qeyri-neft sektorunun və sənayenin inkişafına əsas prioritet sahələrdən biri kimi geniş yer ayrıldığını dedi. Dövlətimizin başçısı proqramın icrasında Azərbaycanda yüksək demoqrafik inkişaf proseslərinin nəzərə alındığını da qeyd etdi. Prezident İlham Əliyev ölkədə orta təbəqənin sosial vəziyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirdi.
Görüşdə Azərbaycan
ilə Dünya Bankı arasında əməkdaşlığın
müxtəlif istiqamətlərdə, o
cümlədən kənd təsərrüfatı, mədəniyyət
və digər sahələrdə genişləndirilməsi ilə
bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 12 mart.- S.1.