Konfransda dövlət proqramı çərçivəsində

 həyata keçiriləcək layihələr təqdim edilmişdir

 

 

Xəbər verdiyimiz kimi, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü il 27 dekabr sərəncamı ilə "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" təsdiq edilmişdir.

AzərTAc xəbər verir ki, martın 11-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dövlət proqramının təqdimatına həsr olunmuş konfrans keçirilmişdir.

Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, elm və ictimaiyyət xadimlərinin iştirak etdikləri konfransda əvvəlcə müvafiq dövlət proqramına dair sənədli film nümayiş etdirilmişdir.

Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, dövlət proqramı növbəti yeddi ildə mədəni irs abidələrinin qorunması və səmərəli idarə olunması sahəsində qarşımızda mühüm vəzifələr qoymuşdur. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da öz əksini tapmış bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilmişdir.

Vurğulanmışdır ki, bu istiqamətdə dövlət başçısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.

Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunmasından geniş söhbət açan mədəniyyət və turizm naziri İçərişəhərin yenidən qurulmasını və ondan turizm məqsədilə istifadə olunmasını, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Muzeyinin ötən il Avropanın ən yaxşı muzeyləri sırasında olduğunu xüsusilə diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, dünya xəritəsi üzrə Azərbaycanda faiz nisbətində qoruqlara verilən torpaqlar digər ölkələrdən üstündür. Həmçinin qeyri-maddi mədəni irsin qorunması və beynəlxalq səviyyədə təbliğində də böyük işlər həyata keçirilmişdir. Bu gün Azərbaycanın xalça sənəti, Novruz bayramı, muğam sənəti, aşıq musiqisi, tar ifaçılıq sənəti, çövkən oyunu bəşər mədəniyyətinin inciləri sırasındadır.

Konfransda dövlət proqramının icrası çərçivəsində nəzərdə tutulan işlərlə bağlı "Mədəni irsin sənədləşdirilməsi: daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlarının hazırlanması üzrə mövcud vəziyyət və qarşıda duran vəzifələr", "Mədəni irs portalı: müasir texnologiyalar - yeni imkanlar", "Müasir informatika texnologiyaları şəraitində mədəni irsin təbliği: "Qobustan" - android platforması üzərində oyun" mövzularında  təqdimatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Konfransda həmçinin dövlət proqramının icrasının təmin edilməsi məqsədilə tədbirlər planının layihəsinə dair məsul qurumların nümayəndələri çıxış etmişlər.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev və başqaları dövlət proqramının əhəmiyyətindən, ölkəmizdə daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması sahəsində görülən işlərdən geniş söhbət açmışlar.

Çıxışlarda dövlət proqramı çərçivəsində yerinə yetiriləcək işlərin aktuallığı və müvafiq sahələrdə əməkdaşlığın zəruriliyi vurğulanmışdır.

 

Azərbaycan.-2014.- 12 mart.- S.2.