Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Yubiley medalı ilə təltif olunmuşdur

 

 Türkiyənin İstanbul şəhərində Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun 5-ci ildönümü ilə bağlı mükafatlandırma mərasimi keçirilmişdir.

Mərasimdə Fondun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və bu qurumun fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yubiley medalı ilə təltif olunmuşdur.

Tədbirdə çıxış edən Türkiyənin Avropa İttifaqı (Aİ) üzrə nazirinin müavini Ələddin Büyükkaya Fondun Aİ ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini vurğulmışdır. O, Fondun fəaliyyətindən söz açaraq bu günədək mədəniyyət, sosialiqtisadi sahələrdə 300-ə qədər layihənin icra edildiyini söyləmiş, quruma fəaliyyətində uğurlar arzulamışdır.

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti, Türkiyə Böyük Millət Məclisinin deputatı İsmayıl Safi rəhbərlik etdiyi təşkilatın 5 illik fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 20 ölkənin təmsil olunduğu Fondun əsas məqsədi Xəzər dənizi bölgəsi ilə Qara dəniz ölkələri arasında iqtisadi inkişaf, ətraf mühit, elm, təhsil, mədəni müxtəliflik, tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq yaratmaqdır.

Azərbaycanın qurumdakı fəaliyyətinə toxunan İ. Safi dövlətimizin başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildirmişdir. O, Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Qara Dəniz və Xəzər Dənizi Fondunun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilatın fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fondun Yubley medalı ilə təlfif edildiyini bildirmişdir.

Mərasim bədii hissə ilə davam etdirilmişdir.

 

Azər Sarıyev

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2014.- 12 mart.- S.2.