İstedadlı rəssam Məryəm
Ələkbərlinin qeyri-adi sənət
dünyasından bəhs
edən bədii-sənədli filmin təqdimatı olmuşdur
Martın 11-də ÜNS yaradıcılıq səhnəsində xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilmiş "Məryəm" bədii-sənədli filminin təqdimatı olmuşdur. AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə foyedə filmin qəhrəmanı, tanınmış gənc rəssam Məryəm Ələkbərlinin rəsm əsərlərinin sərgisinə baxmışlar.
Tədbirdə çıxış edən filmin ssenari müəllifi, xalq yazıçısı Elçin Məryəm Ələkbərlinin sənət dünyasından, onun bənzərsiz yaradıcılıq axtarışlarından və ekran əsərinin çəkilmə səbəblərindən söz açmışdır.
Gənc rəssamın əsərlərini ilk günlərdən izlədiyini bildirən xalq yazıçısı demişdir ki, hər bir parlaq incəsənət əsəri nadir hadisədir. Lakin indiki halda bu nadirlik xüsusi cəhətlərə malikdir. Məryəm Ələkbərlinin işlərində bir əsrarəngizlik mövcuddur və bu əsrarəngizlik bizim həyatımızla, hisslərimizlə bağlıdır.
Gənc rəssamın əsərlərinin mövzu və rənglərin bənzərsizliyi ilə seçildiyini vurğulayan xalq yazıçısı Elçin demişdir ki, bu işlərin birində natürmortlar, əlvan çiçəklər, digərində rəngbərəng balıqlar, tamamilə gözlənilməz mövzular əks olunmuşdur. Məryəm Ələkbərlinin rəsm əsərlərində sanki həyatın mənası, hisslərin məğzi barədə suallara cavab axtarılır. Onun işləri həm peşəkar rəssamların, həm də incəsənət pərəstişkarlarının böyük marağına səbəb olur.
Bu səbəblərdən də elə ilk gündən diqqətimi cəlb edən Məryəm Ələkbərlinin qeyri-adi sənət dünyası son nəticədə onunla bağlı belə bir filmin ərsəyə gəlməsinə səbəb olmuşdur. Biz çalışdıq ki, nəinki Azərbaycanda, hətta dünyada öz istedadı ilə böyük sənət adamlarının diqqətini cəlb edən Məryəmin yaradıcılığını daha böyük tamaşaçı auditoriyasına çatdıraq.
Natiq belə tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə ÜNS yaradıcılıq səhnəsinin təsisçisi və bədii rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya minnətdarlığını bildirmişdir.
Xalq yazıçısı Elçin filmin yaradıcı heyətini tamaşaçılara təqdim etmişdir.
Bildirilmişdir ki, ikihissəli bu ekran əsərinin rejissorları Elməddin Alıyev və Xəyyam Abdullayev, quruluşçu rəssamları Məryəm Ələkbərli, Əziz Məmmədov, bəstəkarı Xəyal Məmmədov, operatorları Elman Əliyev və Rauf Qurbanəliyevdir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında hazırlanmış bu ekran əsərinin çəkilişləri Bakıda və Parisdə aparılmışdır.
Sonra film tamaşaçılara
təqdim edilmişdir.
Filmdə hadisələr absurd məkanda
baş verir. Bir otaqda
öz yaradıcılığı
ilə baş-başa
qalan yaşlı rəssam qadın sonda əsərlərinin köməyi ilə yenidən həyatın başlanğıcına qayıdır.
Filmin bədii
hissəsi "Sirr",
sənədli hissəsi
isə "Bəyaz gəmilərlə rənglərin
dansı" adlanır.
Filmin bədii hissəsində rəssamın sənət
dünyasını, əsərlərinin
fəlsəfi yozumunu tamaşaçıya Səməd
Vurğun adına
Azərbaycan Dövlət
Rus Dram Teatrının
aktrisası Elmira Aslanova
çatdırır.
Bu film rəssam Məryəm
Ələkbərlinin əsərlərinə
və onlardan dünyaya bir baxışdır.
Filmin təqdimatından sonra fikirlərini bölüşən
MDU-nun Bakı filialının
rektoru, professor Nərgiz Paşayevə Məryəm Ələkbərlinin
sənət dünyasından
söz açaraq dedi:
- Kimdir Məryəm
Ələkbərli?! Bu sualın cavabı bir neçə cür səslənə bilər. Məryəm bizim çox
yaxın və əziz dostlarımız Fatma xanımın və Oqtay müəllimin
övladıdır.
Məryəm ümumbəşəri məna
daşıyan adın
daşıyıcısıdır, Həzrəti Məryəm.
Məryəm kimdir? Mənə elə gəlir
ki, Məryəm, sözün əsl mənasında, bir hadisədir. Mən Məryəmlə
ilk tanışlığımdan danışmaq istərdim.
Bu, bir neçə il bundan
əvvəl Fatma xanımın və Oqtay müəllimin oğlunun toy mərasimində
olmuşdur. Biz eyni masa arxasında
əyləşmişdik. Mən çox təəssüf
hissi ilə düşünürdüm ki,
nəyə görə
bu gözəl qızı indiyədək
görməmişəm. Çünki Məryəm mənə
çöhrəsində bir
günəş qığılcımı
olan və kiçik bir gümüş parçası
təəssüratı bağışlayırdı.
Doğrudan da, onun baxışlarında və
saçlarının rəngində,
üzünün ifadəsində
günəşli bir təbəssüm və məna vardı. O vaxt düşündüm
ki, mən yəqin, zahirən çox gözəl bir simanı görürəm. Zahirən gözəl
bir simanı görmək bizim üçün heç də nadir hal deyildir. Bu tanışlığım
da elə bununla kifayətlənəcəkdir.
Zahirən çox cazibədar
bir qızdır.
Sonra illər
ötdü və bildim ki, Məryəm
gözəl rəsm əsərləri yaradır. Sözün düzü,
əvvəllər mən
bu rəsm işlərini görmədən
düşünürdüm ki, əlbəttə, hər birimiz uşaqlıqda rəsm çəkmək, mahnı
oxumaq, şeir yazmaq, film çəkmək,
rəqqas olmaq arzusu ilə yaşamışıq. Yəqin ki,
Məryəm də həmin o standart arzuları keçirən
insandır. Sonra gördüm
ki, yox, səhv edirəm. Çünki Məryəm standart
insan deyilmiş.
Məryəm doğrudan da,
qəlbində İlahi
qığılcım olan
və qeyri-adi bir gözəl qızdır. Bunu mən
əminliklə deyirəm.
Bu sözləri xoş olmaq və yaxud sizin
qəlbinizə yol tapmaq üçün demirəm, inanın mənə. Sözün
əsl mənasında,
həqiqət doğrudan
da, bundan ibarətdir. Məryəm sözün əsl
mənasında, hadisədir.
Məryəmin mənim tərifimə
də, Elçin müəllimin dediyi kimi, heç bu filmə də,
təmtəraqlı tədbirlərə
də ehtiyacı yoxdur. Çünki etiraf edək
ki, onun dünyası bizim dünyadan zəngindir.
Çünki onun dünyasının,
istedadının rəngi
qarşısında bizim
həqiqətlər çox
solğun və mənasız görünür.
Sözün əsl mənasında,
bu, belədir. Ona görə belə bir insana film həsr etmək doğrudan da, gözəl təşəbbüsdür.
Bu təşəbbüsün
müəllifi Elçin
müəllimə xüsusi
təşəkkürümü bildirmək istəyirəm.
Çünki mən bilirəm
ki, Elçin müəllim Məryəmi
nə dərəcədə
qəlbən istəyir.
Məryəmi bir insan kimi istəyir, bir rəssam kimi istəyir. Mən onun mənimlə danışıqlarında bunun
şahidi olmuşam.
Elçin müəllim telefonda
elə həvəslə,
elə sevinclə deyirdi ki, sən
Məryəmin yeni albomunu, yeni işlərini görmüsən?!
Doğrudan da, insan
nadir hallarda nəyəsə
bu qədər aludə olur.
Elçin müəllim doğrudan da, Məryəmin sənətinə bağlı
insandır. Ona görə bu
filmi ərsəyə
gətirmişdir. Çox
sağ olun,
Elçin müəllim.
Sizə,
bu gözəl təşəbbüsü həyata
keçirən çəkiliş
qrupuna təşəkkürümü
bildirmək istərdim.
Onlara yaradıcılıq uğurları
arzu edirəm. Bu ekran əsərinin
birinci hissəsində
çəkilmiş aktrisaya
təşəkkürümü bildirirəm. Həqiqətən, o, düşünülmüş absurd dünyanı gözəl
təcəssüm etdirə
bilmişdir. Amma biz bu
absurd dünya ilə bərabər gözəl
bir dünyanı da görürük.
Unutmamalıyıq ki, bu gözəl dünyanı
bizə bəxş edənlərdən biri də Məryəmdir.
Məryəmin tabloları foyedə
düzülmüşdür. Böyük bir zala sığmayan
əsərlərin müəllifidir
Məryəm. O, nəinki
istedadlı, həm də əməksevər insandır.
Fatma xanım,
Oqtay müəllim, sizə də təşəkkürlərimizi bildirmək istərdik ki, siz Məryəmi
əməyə alışdırdınız. Siz ona anlatmısınız ki, dünyanın bütün
böyük rəssamları
ona görə böyük olurlar ki, onlar əməyi
sevirlər. Təkcə istedadla
dünyanı fəth
etmək olmaz. Əsl yaradıcı insan dünyanı fəth etməklə məşğul
olur və bu, əməksiz mümkün deyildir.
Sizə xüsusi təşəkkür
edirik ki, bu gözəl, istedadlı qızı həm də gözəl insan kimi böyütmüsünüz.
Sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Məryəmin çəkdiyi güllərə
bənzəyən bu gülləri sizə teatrımızın adından
təqdim edirik. Ancaq Məryəmin çəkdiyi
güllər əbədidir,
bu güllər isə müvəqqətidir.
Əziz qonaqlar, bu gün
çərşənbə axşamıdır, gözəl
bayramdır, yazın ərəfəsidir, hamımızın
qəlbində yaşayan
və həmişə
yaşayacaq Novruz bayramının çərşənbəsidir. Bu münasibətlə sizi təbrik edirəm və Məryəmin "Səməni" əsərinə
diqqət yetirməyi arzulayıram.
Onu da deyim ki, elə
mövzular var, sənətdə onları
bütün rəssamlar,
dünyanın böyük
rəssamları işləyib. Bu mövzular qadın surətidir, natürmortdur,
mənzərədir. Amma elə
mövzular var ki, onları tək-tək insanlar işləyib. Bunlar
"Novruz", "Səməni"
mövzularıdır. Məryəm də bu mövzularda
işləyib, özü
də bənzərsiz
işləyib. Gələcəkdə onun bu əsərlərinə
baxıb bu mövzuları işləyəcəklər.
Mən bir daha sizi təbrik
edir, əhval-ruhiyyənizi
artırmaq üçün
sizə teatrımız
adından bir rəqs təqdim edirik.
Çox sağ
olun, qarşıdan gələn
bayramınız mübarək!
Azərbaycan.-2014.- 12 mart.- S.5.