İlham Əliyev Çex
Respublikasının Azərbaycanda
yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul etmişdir
Prezident
İlham Əliyev Çex Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Vitezslav Pivonkanın etimadnaməsini qəbul
etmişdir.
Səfir Vitezslav Pivonka fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Vitezslav Pivonka etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Prezidentinin Azərbaycanın dövlət başçısı ilə bu yaxınlarda Soçidə görüşünü böyük məmnunluq hissi ilə xatırladığını vurğuladı. Vitezslav Pivonka Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında iqtisadi, enerji, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.
Dövlət başçısı Azərbaycan ilə Çexiya arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
Çex Respublikasının Prezidenti Miloş Zemanla görüşünü xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli görüşlərin önəmini qeyd etdi.
Dövlət başçısı Prezident Miloş Zemanın
salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çex
Respublikasının dövlət başçısına
çatdırmağı xahiş etdi.
Azərbaycan.-2014.- 13 mart.- S.1.