BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsində olmuşdur
Azərbaycan
Respublikası Baş nazirinin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq
Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri
Əli Həsənov martın 12-də BMT-nin Qaçqınlar
üzrə Ali Komissarlığının (QAK) ölkəmizdəki
nümayəndəliyinin rəhbəri Daq Siqurdson ilə
görüşmüşdür.
Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsindən AzərTAc-a
bildirmişlər ki, QAK-ın Azərbaycandakı nümayəndəliyinin
ölkəmizdəki uzunmüddətli və davamlı fəaliyyəti
müsbət dəyərləndirilən görüşdə
qeyd olunmuşdur ki, bu qurum ilə Azərbaycan arasında
mövcud səmərəli əməkdaşlıq bu gün
də uğurla davam etdirilir. Azərbaycanın belə bir
nüfuzlu qurumun İcraiyyə Komitəsinin üzvü
olması da bunu təsdiqləyir.
Görüşdə
Azərbaycan Hökumətinin digər ölkələrə də
humanitar dəstək sahəsində göstərdiyi fəaliyyət,
bu baxımdan görülmüş işlər və
qarşıda duran vəzifələr müzakirə
olunmuşdur. Bildirilmişdir ki, Azərbaycan Hökuməti Ermənistanın
torpaqlarımıza təcavüzü nəticəsində
yaranmış bir milyondan çox qaçqın və məcburi
köçkünün problemlərinin həllində
böyük layihələr həyata keçirmiş və bu
sahəyə əhəmiyyətli dərəcədə vəsait
xərcləmişdir. Hökumətin bu addımı BMT
QAK-ın və digər nüfuzlu beynəlxalq qurumların rəhbərləri
tərəfindən də müsbət qiymətləndirilmişdir.
Görüşdə,
həmçinin BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin
təşəbbüsü və təşkilatçılığı,
Azərbaycan Hökumətinin dəstəyi ilə 2005-ci ildən
başlayaraq hər il ölkəmizə səfər edərək
qaçqın, məcburi köçkün və
sığınacaq axtaran şəxslərə oftalmoloji xidmət
göstərən Yaponiyanın “Fuci Optikal” Ltd. şirkətinin
doktoru Akio Kanainin rəhbərlik etdiyi nümayəndə heyətinin
apreldə ölkəmizə edəcəyi səfər, məcburi
köçkünlərin problemlərinin öyrənilməsi,
onların həlli yollarının axtarılması məqsədilə
QAK-ın ölkəmizdəki nümayəndəliyi tərəfindən
Azərbaycan hökuməti və bir sıra beynəlxalq və
milli QHT-lərlə əməkdaşlıq şəraitində
2013-cü ildə məcburi köçkünlər
arasında keçirilmiş “Yaş, gender və müxtəlifliyin
təşviqi müştərək qiymətləndirilmə”nin
nəticələri də müzakirə edilmişdir.
Qarşılıqlı
fikir mübadiləsi şəraitində keçən
görüşdə digər məsələlərlə
yanaşı, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi
tərəfindən həyata keçirilən layihələr
və qarşıda duran vəzifələr, nümayəndəliyin
perspektiv planları, Azərbaycan hökumətinin beynəlxalq
humanitar təşkilatlara dəstəyi, onların fəaliyyətinin
Beynəlxalq Humanitar Yardım üzrə Respublika
Komissiyası tərəfindən məqsədyönlü
şəkildə istiqamətləndirilməsi və s. məsələlər
də müzakirə olunmuş, müvafiq rəy və təkliflər
səsləndirilmişdir.
Azərbaycan.-2014.- 13 mart.- S.2.